52 saylı avtobus xəttini kim çökdürür?
“Sizin Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Vətəndaşlarla iş və Çağrı Mərkəzinə ünvanlanmış 52 nömrəli müntəzəm marşrutun fəaliyyəti barədə 22 dekabr 2023-cü il tarixli müraciətinizə tərəfimizdən baxılmışdır.
Qeyd edirik ki, sərnişin tələbatına uyğun olaraq 52 nömrəli müntəzəm marşrutda 4 avtobus 20 dəqiqə hərəkət intervalı ilə fəaliyyət göstərir. Lakin günün müəyyən saatlarında marşrutun hərəkət sxemi üzrə yollarda yaranan nəqliyyat sıxlığı avtobuslararası hərəkət intervalında ləngimələrə və avtobusların aralıq dayanacaq məntəqələrinə gecikmə ilə çatmalarına səbəb olur.
Buna baxmayaraq, müraciətiniz əsasında marşrutun müvəqqəti istismarçısı olan “Xaliq Faiqoğlu” MMC-nin məsul şəxsinə xəbərdarlıq olaraq, sərnişindaşıma fəaliyyətlərinin müvafiq qanunvericiliyin tələblərinə uyğun təşkil olunması, eləcə də sürücülərin təyin edilmiş hərəkət cədvəlinə riayət etmələrinə nəzarətin gücləndirilməsi tapşırılmışdır. Nəzərə almağınızı xahiş edirik”.
AYNA Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədr müavini Heydər Rüstəmovun imzası ilə “Xalq qəzeti”nə ünvanlanan bu məktubu olduğu kimi oxucuların diqqətinə çatdırmağımız səbəbsiz deyil. AYNA-ya ünvanlanan müraciətin tarixinə (22 dekabr 2023-cü il) diqqət edin. Məktuba 17 yanvar 2024-cü ildə cavab hazırlanıb, 29 yanvar 2024-cü ildə redaksiyaya daxil olub.
Buna qədər agentliyin redaksiyaya cavab məktubunda adı keçən şirkətə müraciət edib 52 saylı marşrut xəttində cəmi 2 avtobusun fəaliyyət göstərdiyini, ərazidə yaşayanların əziyyət çəkdiyini bildirmişdik. 40 – 50 dəqiqə intervalla şəhər içində marşrut işləyərmi? Şirkətə etdiyimiz telefon zənginə Asif adlı şəxs, az qala, hər gün istifadə etdiyimiz marşrutla bağlı şikayətin düzgün olmadığını sübut etməyə çalışdı. O, redaksiyaya şikayət edənlərin haqsız olduğunu dönə-dönə təkrarladı. Xəttə hər gün 4 avtobusun çıxdığını dedi. Biləndə ki, həmin marşrutun əziyyət çəkən sərnişinlərindən biri də bizik, sərnişin azlığını əsas gətirdi.
Əslində, bu, əsassız bəhanədir. 52 saylı xətdə avtobusda yetərincə sıxlıq olur. 6-cı mikrorayonun bir hissəsi, 4-cü mikrorayon, ətraf məhəllələrin sakinləri o qədər də az deyil. Avtobuslar müntəzəm işləmədiyindən əhali 800 – 1000 metr piyada yol qət edib bir hissəsi 85, bir hissəsi isə 79 nömrəli marştutlarla işə tələsirlər. İndi yeganə 52 saylı marşrutun ümidinə qalan çoxsaylı sərnişinlərə vaxtilə sonuncu dayanacaqdan müxtəlif istiqamətlərə 52 saylı marşrutdan əlavə, 116, 13, 122 nömrəli xətlərin avtobusları da xidmət edirdi.
AYNA-dan aldığımız cavabdan sonra qurumla əlaqə saxladıq. Aprelin 4-də 050-212-04-... nömrəli telefonla göndərilən cavabın həqiqəti əks etdirmədiyini, şirkətin agentliyə qeyri-düzgün məlumat verdiyini bildirdik. Xəttin o başındakı xanım müraciətimizi Heydər Rüstəmova məruzə edəcəyini bildirdi. Bundan sonra davamlı olaraq aprelin 5-də, 24-də, mayın 7-də və son dəfə iyunun 14-də agentliyə müraciətlər etmişik. Hətta işə gedərkən avtobusdakı sıxlığı da telefonla çəkib sübut üçün göndərmişik. Telefon danışıqlarımızın birində –aprelin 26-da marşrut xəttinə lap tezliklə 1 avtobus da əlavə ediləcəyini, hətta, əraziyə yeni marşrut verilməsi barədə düşündüklərini bildirdilər. Bu vəddən də 2 aydan çox keçib.
6 ay problemin həllini səbrlə gözləyəndən sonra yenə sözümüz AYNA-yadır: “Xaliq Faiqoğlu” şirkətinin sizə qeyri-dürüst məlumat verdiyini bildiniz. Bizə yazdığınız cavaba görə, şirkətə xəbərdarlıq da etmisiniz. Bəs nəticə niyə yoxdur? Kim kimi aldadır? Şirkət bizə də, sizə də yalan vəd verib. Siz də o vədə inanıb bizə cavab vermisiniz, eləmi? Nəticədə aldadılan sərnişindir, əhalidir.
Vaxtilə bu xətt paytaxtın ən işlək, nümunəvi marşrutlarından biri idi. O vaxt avtobuslar arasında interval 4 – 5 dəqiqə idisə, indi 40 – 50 dəqiqədir. 10 dəfə geriləmənin səbəbi nədir? Bu suala cavab gözləyirik.
P.S: İyulun 1-dən gediş haqlarının 50 qəpiyə qaldırılması, şübhəsiz paytaxtda sərnişin nəqliyyatının nöqsanlarını aradan qaldırmağa kömək edəcək. İnanırıq ki, sürüşüb düşən oturacağı olan, köhnə, yarıyolda nasazlıq səbəbindən dayanan, sərnişinləri arxadan gələn başqa marşruta əyləşən 52 saylı marşrutda da indiki biabırçılığa son qoyulacaq.
Zərifə BƏŞİRQIZI
XQ