Danimarkanın Baş naziri hücuma məruz qalıb

post-img

Danimarkanın baş naziri Mette Frederiksen iyunun 7-də axşam saatlarında Kopenhagendə məruz qaldığı hücum zamanı boynundan yüngül ­zərbə alıb.

İnsidentlə əlaqədar baş nazir planlaşdırılan bir neçə tədbiri ləğv etmək məcburiyyətində qalıb. Hadisədən sonra Frederiksen Kopenhagendəki “Rigshospitalet” xəstəxanasına aparılıb. Şahidlərin sözlərinə görə, hücum edən şəxs Frederiksenin çiynindən möhkəm itələyib. “Zərbə güclü olsa da, baş nazir yıxılmadı. Hadisədən sonra o, özünə gəlmək üçün yaxınlıqdakı kafedə əyləşdi”, – deyə ­şahidlər bildiriblər.

Hücum edən şəxs saxlanılıb, lakin insidentin motivi barədə heç nə məlum deyil. Məlumata görə, 39 yaşlı bu kişinin hadisə ilə bağlı şənbə günü günortadan sonra  məhkəmə iclasına gətirilməsi planlaşdırılır.

Qeyd edək ki, hücum Danimarkada Avropa Parlamentinə seçkilər üzrə səsverməyə iki gün qalmış baş verib. Bu seçkilərdə əvvəllər Danimarka Sosial Demokratlar Partiyasının lideri Frederiksen iştirak edib.

Sosial Demokratlar Danimarkanın koalisiya hökumətində ən böyük partiyadır. Onlar hələ də seçkilərdə liderdirlər, lakin son aylarda partiyaya dəstək xeyli azalıb.

XQ

 

Dünya