Erməni plagiatçılığı sərhəd tanımır

post-img

Musiqi irsimizə davamlı təcavüzə son qoyulmalıdır

Mətbuatda xəbər verildiyi kimi, Mədəniyyət Nazirliyi və Əqli Mülkiyyət Agentliyi dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” komediyasının musiqisinin bir hissəsinin və Azərbaycan musiqi irsinin digər nümunələrinin ermənilər tərəfindən mənimsənilməsi ilə bağlı birgə bəyanat yayıblar.

Əslində, hayların oğurluğu yeni xəbər deyil. Bu, onların milli mentalitetinin özəl göstəricisidir. Kündəsi yalandan ərsinlənən bu qövm haqqında hələ eramızın əvvəlində  Roma tarixçisi və senatoru Rubli Korneli Tasit açıq mətnlə yazıb: “Ermənilər qədimdən ikiüzlü və riyakardırlar”. Dahi rus şairi Aleksandr Puşkinin məşhur “Sən köləsən, sən oğrusan, sən ermənisən...” ifadəsi də bəllidir.   

Erməni həyasızlığı o həddə çatıb ki, Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” komediyasının musiqisinin bir hissəsi guya erməni bəstəkarı Arno Babacanyanın müəllifi olduğu “Vaqarşabat rəqsi” adı altında “Youtube” platformasında yerləşdirilib. Bu mənimsəmə halı haqlı olaraq Azərbaycan cəmiyyətində   kütləvi etiraza səbəb olub. Sözügedən bəyanat da elə bu barədədir. Sənəddə erməni saxtakarlığı bənd-bənd ifşa olunur. Dəqiq tarixlərə istinadla bildirilir ki, Üzeyir Hacıbəyli “O olmasın, bu olsun” komediyasının musiqisini 1910-cu ildə yazıb. Əsər ilk dəfə 1911-ci ildə səhnələşdirilib, musiqisinin və librettosunun Üzeyir bəyə məxsusluğu qəti şübhə doğurmayan faktdır. Çünki bunu sübut edən çoxsaylı mənbələr, o cümlədən dövrə aid yazılar, afişaları, notlar var. Üstəlik də, komediyanın librettosu bir çox dillərə tərcümə olunub və əsər müxtəlif ölkələrin səhnələrində tamaşaya qoyulub.

Bu da xatırladılır ki, komediyanın əsasında 1956-cı ildə “Azərbaycanfilm” kinostudiyası tərəfindən eyniadlı film çəkilib. Bütün bunlara baxmayaraq,  komediyanın ilk tamaşaya qoyulduğu, yəni kütləvi ifası tarixindən bu günədək əsərin bu və ya digər hissəsini ermənilər mənimsəyib və ifa ediblər. Həmin mənimsəmə hallarının bəziləri bəyanatda misal gətirilir. Göstərilir ki, erməni bəstəkarı Arno Babacanyan komediyanın bir hissəsini yazıldığı vaxtdan 71 il sonra – 1982-ci ildə keçmiş SSRİ televiziyasında yayımlanan verilişlərin birində guya özünün  yazdığı “Vaqarşabat rəqsi” adı altında ifa edib, həmin ifa sonradan “YouTube” platformasında yerləşdirilib. Con Suyan (2009), Endryu Boldi (2016), Aida Avanesyan (2021), Marian Vartapetyan (2021), Raffi Besalyan (2021), Kristina Tokatliyan (2022), Hayk Melikyan və digərləri də komediyanın sözügedən hissəsini “erməni musiqisi” kimi ifa edərək “YouTube”-yə qoyublar.  Bundan başqa, vaxtilə “Soyuzmultfilm” studiyasının istehsalı olan “Pyos i kot”  cizgi filmində komediyanın məşhur hissəsi – Məşədi İbadın “Gəl, xanım, gəl yanıma...” ariyası erməni musiqisi kimi təqdim edilib. Filmin titrlərində bəstəkarın adı Karen Xaçaturyan olaraq qeyd edilib. K.Xaçaturyanın törətdiyi plagiatlıq faktı ilə bağlı 2010-cu ildə Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi “Detskiy mir” teleşirkətinə bildiriş göndərərək, həmin cizgi filminin nümayişinin dayandırılmasını tələb edib. Məsələ ilə bağlı sübutedici sənədlərlə birlikdə Ümumdünya Əqli Mülkiyyət Təşkilatına (ÜƏMT) etiraz məktubu da göndərilib.

Hələ bu, harasıdır? 2011-ci ildə Rusiyanın “Mir” Dövlətlərarası televiziyasında Ermənistanla bağlı sənədli filmdə erməni bəstəkarı Komitas (Soqomon Soqomonyan) tərəfindən işlənmiş “Eranqi” adlı əsərdən istifadə olunub. Erməni rəqsi kimi təqdim edilən bu “əsər” də “O olmasın, bu olsun”un Arno Babacanyan tərəfindən mənimsənilərək “Vaqarşabat rəqsi” adı altında təqdim edilən hissəsi ilə eynilik təşkil edir.

Üzeyir Hacıbəylinin əsərlərinin ermənilər tərəfindən mənimsənilməsi təkcə “O olmasın, bu olsun” ilə məhdudlaşsaydı, nə vardı? Amma, yox, iştah yemək vaxtı gəlir, axı. 1915-ci ildə Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası guya səhvən “erməni operettası” kimi təqdim olunub, bununla bu operettanın da mənimsənilməsinin əsası qoyulub. SSRİ dövründə “Arşın mal alan” ermənilər tərəfindən tamaşaya qoyularkən bilərəkdən müəllifin adı göstərilməyib, titrlərdə yalnız erməni ifaçıların adları qeyd edilib. 1980-ci illərdə Arno Babacanyan SSRİ mərkəzi televiziyasının verilişlərinin birində çıxış edərkən Üzeyir bəyin həmin operettasının “kökləri”ni Qarabağın hansısa erməni kəndində oxunan melodiyalarda “tapıb” və bununla da dolayısı yolla böyük Azərbaycan bəstəkarını plagiatçılıqda günahlandırmağa cəhd edərkən, əslində, özünə haqq qazandırmağa çalışıb, “Vaqarşabat rəqsi”nin melodiyasının Üzeyir bəydən yox, guya, erməni xalq musiqisindən götürüldüyünə işarə edib.

Ermənilərin Azərbaycan musiqi irsini yağmalaması təkcə Üzeyir Hacıbəylinin əsərləri ilə məhdudlaşmayıb və ya onun əsərləri ilə başlamayıb. Ermənilər XVII–XVII əsrlərdən başlayaraq, Azərbaycan xalqının mədəni irsini, o cümlədən musiqi irsini sistemli və davamlı şəkildə mənimsəyib və “özəlləşdiriblər”. Plagiatçılıq halları bu gün də davam edir və bu kimi halların bizə məlum olanları sistemli erməni mənimsəmə siyasətinin bir parçası və üzdə görünən hissəsidir.  

Aşkar faktdır ki, hələ 1925-ci ildə İrəvanda Elm və İncəsənət İnstitutu yanında guya xalq musiqisi və folklorunun toplanması və öyrənilməsi bölməsinin yaradılması məhz Qərbi Azərbaycan torpaqlarında bizim xalq musiqimizi və rəqslərimizi nota almaq məqsədini güdüb. Həmin üzdəniraq bölməyə  çoxsəsli klassik erməni musiqisinin banisi kimi təqdim edilən S.Komitasın şagirdi S.Məlikyan rəhbərlik edib. Bədnam Komitas uzun müddət bəstəkar kimi yox, etnoqraf kimi tanınırdı. 1959-cu ildə nəşr edilmiş “Ensiklopedik musiqili lüğət”dən göründüyü kimi, o, Üzeyir Hacıbəylidən oğurluq nümunəsi olan “Erangi” rəqsi də daxil olmaqla, 3 mindən artıq musiqi əsərini nota köçürüb. Hazırda bu əsərlərdən 500-ə yaxını məlumdur və böyük qismi Azərbaycan musiqisidir. Sırf bizim xalq mahnımız “Sarı gəlin”ə də həmin aqibəti yaşatmağa ardıcıl səylər göstərilib. Onu da deyək ki, Matenadaran və digər erməni arxivlərində saxlanılan 17–19-cu əsrlərə aid qondarma əlyazmalarında qədim Azərbaycan mahnıları və havalarına geniş rast gəlinir. Qərbi Azərbaycan torpaqlarına yerləşdikdən dərhal sonra ermənilər bu işə, necə deyərlər, hurreylə girişiblər. Bizim folklor nümunələrimizi kütləvi şəkildə toplayıb, erməni əlifbasının transkripsiyasında yazıb, öz dillərinə tərcümə edib, arxivlərdə yerləşdirib və gündəlik həyatda geniş yaymağa başlayıblar. Buna misal R.Boyaçyanın toplayıb erməni boyası vurduğu folklordan ibarət  “Erməni xalq nəğmələri” kitabının Paris nəşridir.

Özlərindən nagüman olan erməni müəlliflər Azərbaycan izini itirmək, “ağ” yalanlarını  əsaslandırmaq üçün uydurma mənbə “tapır”, növbəti “əsər”də həmin uydurma mənbəyə istinad edərək, “istinadlar zənciri” yaradırdı. Bu plagiatçılıq texnikasından istifadə bu gün də davam etməkdədir.

Maraqlı burasıdır ki, bəzən nankor millətin az sayda təmsilçiləri oğurluq ­etirafında bulunublar. Məsələn, XIX əsrin məşhur erməni xadimlərindən biri olan M.Nalbandyan yazırdı ki, erməni “... melodiya və havalarının çoxu türklərdən (azərbaycanlılardan) götürülmüşdür. Mən ermənilərin yaşadığı çox yerlərdə olmuşam. Həmişə təmiz ermənicə olan bir şey eşitmək istəmişəm. Təəssüf ki, bu günədək mən buna nail olmamışam! Düşünürəm ki, bizim musiqi alətlərinin adları: saz, santur, kaman – hamısı türkcədir” (“Qədim şeirlər və mahnılar haqqında”, Əsərlərinin tam külliyyatı, c. 1). Onun əsrdaşı, ədəbiyyatşünas S.Palasanyan  özünün “Erməni melodiyaları” kitabında etiraf edib ki, “...ümumiyyətlə, biz hansı xalqın təsiri altında oluruqsa, onun mahnılarını da özümüzünkü hesab edirik...”.

Xaçatur Abovyan “...ermənilər ancaq türkcə (azərbaycanca) oxuyurlar”, çünki “ermənilərin mahnı ilə dastanları yoxdur”, A.Brutyan “ən məşhur erməni muğam ifaçıları Bakıdan və Şuşadan çıxmışlar”, Q.Ağayan isə “bu dil (Azərbaycan) ermənilər üçün doğma kimidir. Məhz buna görə də biz azərbaycanca oxuyuruq” cümlələrində plagiatçılıq siyasətini etiraf ediblər. A.Koroşşenko “Şərq, daha çox Qafqaz musiqisi üzərində müşahidələr” əsərində yazırdı ki, “...ermənilərin özlərinin xalq musiqisi yoxdur” (“Moskva xəbərləri”, 1896). Sovet dövründə xalq musiqisinin toplanması və yazıya köçürülməsi ilə məşğul olmuş erməni bəstəkarı və musiqişünası Sp.Melikyan da Koroşşenko ilə həmfikir idi.

Bu və digər “etiraf”lar da hayların özünüifşasına xidmət edən mənbələrdir. Yalan ayaq tutsa da, yeriyə bilməz. Çünki Azərbaycan mədəni irsi mədəniyyət və əqli mülkiyyət qanunvericiliyi ilə qorunmaqdadır. Azərbaycan mədəni irsinin ictimai varidat olmuş ən görkəmli nümunələri, o cümlədən Üzeyir bəy Hacıbəylinin əsərləri Nazirlər Kabinetinin 2019-cu il 7 may tarixli 211 saylı Qərarı ilə dövlət varidatı elan edilib və onlardan istifadə xüsusi qaydalara əməl etməklə, mümkündür. Dövlət varidatı elan edilmiş əsərlərin müəlliflərinin, o cümlədən Üzeyir bəyin müəlliflik hüquqları pozulduqda, onun vərəsələri ilə bərabər Əqli Mülkiyyət Agentliyinin həmin hüquqların bərpası məqsədilə məhkəmə iddiası qaldırmaq hüququ var. Nəhayət, Azərbaycan mədəni irsinin – xalq mahnıları və rəqslərinin, bəstəkar əsərlərinin oğurlanması faktlarının toplanıb sistemləşdirilməsi və ictimailəşdirilməsi, habelə bu cür plagiatçılıq hallarının azaldılması məqsədilə preventiv tədbirlərin həyata keçirilməsi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və Əqli Mülkiyyət Agentliyinin prioritet istiqamətlərindən biridir.    

Kütləvi mənimsəmə və plagiatçılıq faktlarını sübut etmək üçün Əqli Mülkiyyət Agentliyi erməni və xarici mənbələr əsasında Azərbaycan, ingilis, rus və rumın dillərində “Erməni yadelli nağılları” kitabını, habelə “Gəldim, gördüm, mənimsədim...”, “Erməni tarixi uydurmalarının tarixinə giriş”, “Erməniçilik uydurmaları digər xalqların hüquqlarına xələl gətirir”, “Erməni müəlliflərinin kitablarındakı uydurmalara “müəlliflik hüququ” və s. kitablarını nəşr edib və   diplomatik kanallarla yayıb. Mədəniyyət Nazirliyinin erməni lobbisinin “at çapdığı” Fransanın “Mezzo” kanalı ilə bağladığı müqaviləyə əsasən həyata keçirdiyi bir neçə irimiqyaslı layihə çərçivəsində Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, Qara Qarayevin, Hacı Xanməmmədovun, Arif Məlikovun və digər görkəmli Azərbaycan bəstəkarlarının əsərləri məşhur konsert salonlarında tanınmış solist və orkestrlər tərəfindən məhz Azərbaycan musiqisi kimi ifa olunub. Həmin layihələr “Mezzo” telekanalı tərəfindən lentə alınaraq 5 il ərzində müxtəlif vaxtlarda bütün dünyaya yayımlanacaqdır. Ölkəmizin xaricdəki səfirlikləri, mədəniyyət mərkəzləri ilə birgə layihələr hazırlanır və tədbirlərdə Azərbaycan musiqisi haqqında məlumatlar verilərək konsert proqramında səsləndirilir.

Onu da bildirək ki, Əqli Mülkiyyət Agentliyi BMT-nin ixtisaslaşmış qurumu olan və 190-dan artıq dövlətin üzv olduğu ÜƏMT-yə erməni plagiatçılığı ilə bağlı çox müraciətlər ünvanlayıb. Bu müraciətlər mütəxəssis rəyləri, sübutedici sənədlər və tarixi mənbələr əsasında tərtib edilib.

Qeyd edilənlərlə bağlı bəyan edilir ki, BMT üzvü olan Ermənistan Respublikası iştirak etdiyi beynəlxalq müqavilələr vasitəsilə əqli mülkiyyət hüquqlarının qorunması ilə bağlı üzərinə götürdüyü çoxsaylı vəzifə və öhdəliklərini yerinə yetirmir, digər məsələlərdə olduğu kimi, əqli mülkiyyət sahəsində də beynəlxalq hüquq normalarını kobud şəkildə pozmaqda davam edir.

Bəyanat belə sonlandırılıb: “Ermənistan Respublikasının müvafiq dövlət orqanlarından Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” və “Arşın mal alan” əsərlərinin yuxarıda qeyd edilən mənimsənilmə hallarının aradan qaldırılmasını, Üzeyir Hacıbəylinin müəllif hüquqlarının bərpa edilməsini, habelə Ermənistan Respublikasının ərazisində və ya onun subyektləri tərəfindən Azərbaycan mədəni irsi, xüsusilə də musiqi irsi nümunələrinin kütləvi şəkildə mənimsənilməsi hallarını təcili surətdə araşdırmağı və aradan qaldırmağı, beynəlxalq hüquqa və daxili milli qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb etməyi, görülmüş tədbirlər barədə ÜƏMT-yə məlumat verməyi tələb edirik”.

XQ

 

Mədəniyyət