8 dekabr 2025-ci il tarixdə Azərbaycanda Atatürk Mərkəzində Azərbaycan milli mətbuatının 150 illiyinə həsr olunmuş “Əbülfəz Babazadə mətbuat aynasında” kitabının təqdimatı keçirilib.
Nəşrin ideya müəllifi və tərtibçisi Azərbaycan Respbublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının Kitabxana-biblioqrafiya xidməti bölməsinin müdiri Sonaxanım Abasova, redaktorları isə Azərbaycan Respbublikası Prezidentinin İşlər İdarəsinin “Bakinski raboçi” qəzetinin baş redaktoru, Əməkdar jurnalist İlqar Hüseynov və AMEA Mərkəzi Elmi Kitabxanasının direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Tahirqızıdır.
Kitabda, tanınmış jurnalist və tədqiqatçı, kulturoloq-yaponşünas, hazırda Global Media Group şirkətinə daxil olan “Baku TV”-nin rus redaksiyasının redaktoru vəzifəsində çalışan Əbülfəz Babazadənin 1999-2025-ci illərdə mətbuatda dərc olunan 1400-ə yaxın məqalə və müsahibəsinin biblioqrafiyası, onun yaradıcılıq yoluna dair faktlar və haqqında tanınmış ziyalıların dəyərli rəyləri toplanmışdır. Toplu həm jurnalistin fəaliyyət salnaməsi, həm də müasir Azərbaycan mətbuatının inkişafını əks etdirən sənədli mənbə kimi əhəmiyyət daşıyır.
Tədbirdə Ə. Babazadənin müəllimləri, məsləkdaşları, ölkənin tanınmış elm, təhsil, mədəniyyət və incəsənət xadimləri, aparıcı mətbuat orqanlarının nümayəndələri iştirak edib.
Çıxış edənlər jurnalistikanın peşəkarlıq məktəbi kimi böyük məsuliyyət daşıdığını vurğulayaraq, qeyd ediblər ki, Əbülfəz Babazadənin çoxşaxəli və həyatın müxtəlif sahələrinə həsr olunan publisistik yazıları Azərbaycanın müasir media məkanının inkişaf tendensiyalarını özündə əks etdirir. Onların sözlərinə görə, müxtəlif illərdə dərc olunan məqalələrdə ölkənin ictimai-siyasi, mədəni və elmi həyatının əsas məsələləri çevik analitik düşüncə ilə işıqlandırılıb, milli maraqların müdafiəsi isə jurnalistin yaradıcılığının başlıca xəttini təşkil edib. Natiqlər kitabın milli mətbuat tarixinin son 27 illik inkişaf trayektoriyasını nümayiş etdirən əhəmiyyətli arxiv mənbə olduğunu qeyd ediblər.
Sonda jurnalistin yaradıcılıq uğurları arzulayan tədbir iştirakçıları bu kimi nəşrlərin mətbuat tariximizin sistemli şəkildə öyrənilməsi, jurnalistikanın fundamental elmi əsaslarla təhlili və gələcək nəsillərə ötürülməsi baxımından olduqca önəmli olduğunu bildiriblər.
XQ









