Məlik Dadaşov – 100
Yadıma gəlir ki, illər öncə Xalq artisti Məlik Dadaşovun haqqında, təxminən, belə bir adda maraqlı oçerk oxumuşdum. Şübhəsiz, həmin seçimdə aktyorun “Ulduzlar sönmür” filmində Nəriman Nərimanov obrazını ustalıqla yaratması əsas götürülmüşdü. İndi mən də 100 yaşı olan sənətkarın uğur yoluna tam uyğun gəldiyi üçün bənzər sərlövhəyə üstünlük vermək istədim.
Elə buradaca qeyd edim ki, Məlik Dadaşov başqa bir ekran əsərində – rejissor Arif Babayevin “Birisigün, gecəyarısı...” filmində də N.Nərimanovun obrazını parlaq şəkildə canlandıra bilib və buna görə yaradıcı heyətlə birlikdə Dövlət mükafatına layiq görülüb.
Məlik Dadaşov 1924-cü il iyunun 7-də Bakıda dünyaya gəlib. Vaxtilə Nobel qardaşlarının mədənində çalışmış Yusif Dadaşovun ailəsində sonbeşik olsa da, teatr və kino ailəsində çoxları üçün böyük qardaş və yolgöstərən olub. Böyük uğurla çəkildiyi səhnədə və ekranda komik, dramatik və faciə xarakterli obrazlar yaratması ilə böyük şöhrət qazanıb. Milli teatr və kino məktəbinin ən görkəmli nümayəndələrindən biri kimi mədəniyyət tarixinə düşüb.
İkinci Dünya müharibəsində iştirak edən Məlik Dadaşov cəbhədə beynindən zədə alaraq uzun müddət müalicə olunur. Aktyor kimi debütü 1945-ci ildə Gənc Tamaşaçılar Teatrında baş tutur. 1950-ci ildə Azərbaycan Teatr İnstitutunu (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) bitirdikdən sonra Akademik Dram Teatrının truppasına daxil olur və burada ilk dəfə Hüseyn Muxtarovun “Ailə namusu” pyesində rol alır. Ələsgər Ələkbərov, Mehdi Məmmədov, Adil İsgəndərov kimi sənət korifeyləri ilə çiyin-çiyinə çalışır. Tezliklə Məlik Dadaşov da səhnəmizin qüdrətli sənətkarları sırasına çıxır.
Görkəmli aktyoru mənfi tiplərin klassik ifaçısı adlandıranlar da çoxdur. “Ölülər”in Şeyx Nəsrullahını, “Axırıncı aşırım”ın Qəmlosunu, “Dəli Kür”ün Molla Sadığını göz önündə canlandırsaq, həmin fikirlə biz də razılaşarıq. Amma nifrət yaradan bu rollarda aktyor məharəti ona tamaşaçı sevgisi qazandırıb. Necə deyərlər, hünər də elə budur. Təsadüfi deyil ki, Məlik Dadaşova Şeyx Nəsrullahı gözəl yaratmasının mükafatı olaraq, mərhum kinorejissor Tofiq Tağızadə Mirzə Cəlilin “Ölülər” pyesi əsasında ekranlaşdırdığı “O dünyadan salam” filmində də həmin rolu həvalə edib.
Məlik Dadaşovdan danışanda onun son rollarından birini oynadığı “Fəryad” filmini xatırlamamaq mümkün deyil. 1993-cü ildə ekranlaşdırılmış bu filmdə tipik erməni komandiri Armen Xaçaturyan rolunda oynayan aktyor onun dili ilə deyir: “Diqqət, diqqət! Bu gün Xocalını aldıq!” Sonra da şadyanalıqda elə cani-dildən rəqs edir ki, ifası ilə nankor və amansız qonşulara nifrət, özünün sənətkarlıq qabiliyyətinə sevgi hissləri aşılaya bilir. Amma çoxumuz bu filmdəki bir detala fikir vermirik: azərbaycanlı əsir zabit İsmayıl Hüseynov (Ceyhun Mirzəyev) öləndə Armen Xaçaturyan (Məlik Dadaşov) onun gözünü qapadaraq, üstünü örtür. Bunu isə, yəqin ki Xaçaturyanın deyil, məhz Dadaşovun Azərbaycan sevgisi kimi dəyərləndirmək lazımdır.
Başqa bir səhnədə Xaçaturyan üzünü yuya-yuya erməni mahnısı oxuyur. Həmin mahnını Məlik Dadaşov uşaqlıqda məhəllələrində yaşayan ermənilərdən eşitmişdi, filmə salınması da onun ideyası idi. Bu səhnə kinoteatrda göstəriləndə aktyorun qızı Gülnarə xanımın arxasında əyləşən qadın qeyri-ixtiyarı “zəhrimar canına, zəhər canına” – deyib hirslənir. Gülnarə arxaya çevrilərək qadına, sonra atasına baxır. Atası isə ona əli ilə “əla” işarəsini göstərir.
Deyilənə görə, “Fəryad” ekranlara çıxdıqdan sonra yaşlı bir qadın küçədə onun qarşısını kəsərək, “Ay camaat, bu, ermənidir”, – deyib. Az qala, aktyoru daş-qalaq ediblər, bir hərbçi də onu saxlayaraq, sənədlərini istəyib. Məsələ aydınlaşandan sonra Məlik Dadaşov deyib: “Deyəsən, Xaçaturyan rolunu yaxşı oynamışam ki, məndən şübhələnirlər”.
Bax, belə nadir sənətkarlardan olan aktyor 100-ə qədər teatr və teletamaşada, 40-dan çox bədii, sənədli filmdə, kinoalmanaxlarda çəkilib. Təkcə “Ölülər”dəki Şeyx Nəsrullah rolunu Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində dönə-dönə oynayıb. O, klassik və müasir aktyor sənətinin sintezindən yaranan bir ifa tərzi seçmişdi. Bu baxımdan “Birisi gün, gecəyarısı”, “O dünyadan salam”, “Hacı Qara” kimi filmlərdə yaddaqalan və maraqlı obrazlara imza atıb.
Xalq artisti, Dövlət mükafatı laureatı olan Məlik Dadaşov aktyor ömrünün son illərində Səməd Vurğun adına Rus Dram Teatrında çalışıb. Bu teatra direktorluq da edib və o zaman yaradıcı heyətin repertuarı xeyli zənginləşib, buraya yeni yaradıcı qüvvələr cəlb olunub. Ümumiyyətlə, Azərbaycan aktyorluq məktəbinin formalaşmasında onun xüsusi xidmətləri var. Sənətini, təcrübəsini uzun illər ərzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dərs dediyi tələbə-aktyorlarına öyrədib.
Görkəmli aktyor Məlik Dadaşov 1996-cı il dekabrın 2-də 72 yaşında dünyasını dəyişsə də, ulduzu sönməyib. Azərbaycan mədəniyyətinə və incəsənətinə verdiyi dəyərli töhfələr onu hər zaman yaddaşlarda saxlayacaq, unudulmağa qoymayacaq.
Əli NƏCƏFXANLI
XQ