Böyük Qayıdışın Şərqi Zəngəzur akkordları

post-img

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun 44 gün davam edən Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərdən dərhal sonra Şərqi Zəngəzur iqtisadi rayonunda başlanan genişmiqyaslı işlər yazıçı-publisist, tarix üzrə fəlsəfə doktoru Hacı Nərimanoğlunun yeni çapdan çıxan “Şərqi Zəngəzur – Quruculuq və Böyük Qayıdışın ünvanı” kitabında analitik materiallarla əks olunub. 

“Prezident İlham Əliyev Şərqi Zəngəzurun bərpasının və Böyük Qayıdışın memarıdır” adlı ön sözlə açılan kitabda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın 44 günlük tarixi qələbədən bir neçə gün sonra – 16 noyabr 2020-ci ildə Şərqi Zəngəzur bölgəsinə ilk səfərlərindən başlayaraq, Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonlarında çoxsaylı görüşlərinə, açılış və təməlqoyma törənlərinə dair məlumatlar rəngli fotolarla 60-dan çox başlıqla Zəfər, Dirçəliş və Böyük Qayıdış fəsillərində təqdim edilib. 

Kitabda Vətənimizin ayrılmaz parçası olan Zəngəzurun tarixi keçmişi, Prezident İlham Əliyevin Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması haqqında qərarının siyasi əhəmiyyəti, nankor qonşularımızın törətdikləri vandalizmin nəticələrinin aradan qaldırılması üçün gerçəkləşən dövlət proqramlarının, reallaşan layihələrin bugünkü mənzərəsi və gələcək perspektivləri, Şərqi Zəngəzurun iqtisadi potensialı, təbii sərvətləri barədə materiallar da yer alıb. 

Azərbaycan Respublikasının ­Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin həyata keçirdiyi eyniadlı layihəsi çərçivəsində nəşr edilən kitabda Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasətin regionda daimi sülhün, əmin-amanlığın bərpasına şərait yaradacağına inam ifadə olunur. Yüksək poliqrafik formatda rəngli tərtibatda nəşr edilmiş 240 səhifəlik kitab əvvəldən sonadək Prezident İlham Əliyevin nəşrin üz səhifəsində də əks olunmuş bu fikrinin artıq gerçəkliyə çevrilməsinin sənədli sübutudur: “Mən demişdim ki, biz Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik”. 

XQ   

 

Mədəniyyət