Cümhuriyyət naziri Behbud xan Cavanşirin faciəli taleyi

post-img

Azərbaycan Xalq Cümhuriyyəti irsinin əhatəli araşdırıcısı, tarix elmləri doktoru, professor Nəsiman Yaqublu Milli Hökümətin daxili işlər naziri Behbud xan Cavanşir barədə indiyədək məlum olmayan dəyərli materialları aşkara çıxarıb. Tədqiqatçı ilə söhbətimiz bu barədədir: 

– Nəsiman müəllim, AXC (Azərbaycan Xalq Cümhuriyyəti) liderlərinin əksəriyyəti kimi, Behbud xan Cavanşirin də kimliyi Sovet zamanında xalqdan gizli saxlanıb. Qatı erməni millətçilərinin terror yolu ilə aradan götürdüyü bu cümhuriyyətçi nazirin ötən illərin qaranlığına qarışmış ömür yoluna saldığınız işıq çox mətləbləri üzə çıxarıb. 

– Azərbaycanın görkəmli dövlət xadimi Behbud xan Cavanşir Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın nəticəsi Azad xanın oğludur. O, 1877-ci ildə Tərtər qəzasının Azad Qaraqoyunlu kəndində anadan olmuşdur. Çar Rusiyası XIX əsrin əvvəllərində Qarabağ xanlığını işğal etdikdən və İbrahim xanın  nəslindən olanlara bədxah münasibət göstərdiyindən onların Şuşada yaşaması  qeyri-mümkün olmuşdu.

Behbud xan Cavanşir 1890-cı ildə Tiflisdə alman dili təmayüllü realnı  məktəbə daxil olmuşdur. Burada o, sonradan 26 Bakı komissarlarına başçılıq etmiş, 1918-ci ilin 31 mart soyqırımında dinc müsəlman əhaliyə qarşı soyqırımı törətmiş S.Şaumyanla 8 il bir yerdə oxumuşdur. Behbud Tiflisdə təhsilini başa vurduqdan sonra Almaniyanın Freyburq şəhərinə getmişdir. O, burada dünyada ilk ali-texniki məktəb sayılan Dağ-Mədən Akademiyasında təhsil almışdır. Qeyd edək ki, o, bu akademiyanın ilk azərbaycanlı məzunu sayılır.

Almaniyada təhsilini bitirdikdən sonra B.Cavanşir İngiltərəyə − Londona getmiş, burada ingilis dilində təkmilləşdirmə kursları keçdikdən sonra 1907-ci ildə Bakıya qayıtmışdır.

Mükəmməl təhsil alan B.Cavanşirin alman, ingilis, fransız, rus, gürcü və erməni dillərini bilməsi haqqında məlumatlar vardır. 

B.Cavanşir Bakıya qayıtdıqdan sonra Şibayevin neft mədənlərində işləmişdir. O, bu dövrdə ictimai fəaliyyətə də başlamışdır. Milyonçu 
H.Z.Tağıyevin başçılıq etdiyi Müsəlman Xeyriyyə Cəmiyyətinin rəhbərliyinə seçilmiş, Rusiyada və Avropada təhsil alan bir neçə azərbaycanlı gəncə təqaüd vermiş, bəzi qəzetlərə də yardımlar etmişdir.

Neft sənayeçiləri arasında yaxşı tanınan Behbud xan dəfələrlə onların qurultaylarının icraiyyə komitəsinin sədri seçilmişdir.

O, 1917-ci ilin Fevral-burjua inqilabından sonra yaradılan Milli Müsəlman Şurası Müvəqqəti İcraiyyə Komitəsinin üzvü olmuşdur.

–  Şübhəsiz Behbud xanın ictimai-siyasi fəaliyyətinin ən önəmli səhifəsi onun Azərbaycan Xalq Cümhuriyyəti hakimiyyətində 2 dəfə nazir olmasıdır... 

– 1918-ci ildə Bakıda baş verən Mart soyqırımının qarşısının alınmasında B.Cavanşir böyük səylər göstərmiş, barışıq komitəsinin üzvü olmuşdur. B.Cavanşir 1918-ci ilin iyunun 17-də Fətəli xan Xoyskinin yaratdığı hökumət kabinəsində daxili işlər naziri vəzifəsini icra etmişdir. O, bu sahədə də ciddi işlər görmüşdür. Həmin dövrdə onun təşəbbüsü ilə neft mədənlərini mühafizə edən Bakı şəhər polisinin maaşları neftdən gələn gəlirin 3 faizi hesabına ödənilirdi. B.Cavanşir Azərbaycan Cümhuriyyətinin daxili işlər naziri olarkən ölkədə vəziyyət çox ağır idi. O dövrdə Azərbaycan hökuməti Gəncədə yerləşirdi və Bakıya daxil olmaq qeyri-mümkün idi. Gəncədə yerləşən Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa ilə ağır danışıqlar gedirdi. Azərbaycanın istiqlalı, M.Ə.Rəsulzadənin fikrincə, sözdə elan edilsə də, onu reallaşdırmaq imkanı çox mürəkkəb idi. Əsas hədəflərdən biri Bakının alınması və hökumətin orada fəaliyyətə başlaması idi.

Belə  vəziyyətdə ölkədə ictimai asayişi qorumaq, qayda-qanun, intizam yaratmaq tələb olunurdu. Bu gerçəkliyi əsas götürən F.Xoyski hökuməti ciddi qərar qəbul etmək məcburiyyətində qalmışdı. 1918-ci ilin iyunun 23-də Nazirlər Şurasının sədri F.Xoyskinin və daxili işlər naziri B.Cavanşirin imzaladığı qərarla ölkədə hərbi vəziyyət  elan edilmişdi. B.Cavanşir Nuru Paşa ilə razılaşma əsasında bu qərarı həyata keçirmək məcburiyyətində idi. 

1918-ci ilin sentyabrın 15-də Qafqaz İslam Ordusu Bakını azad edəndə B.Cavanşir qısa müddətdə şəhərdə qayda-qanun yaradılması, ictimai asayişin qorunması üçün mühüm tədbirlər gördü. 1918-ci ilin sentyabrın 18-dən Azərbaycan hökuməti Bakıda fəaliyyətə başladı. B.Cavanşirin başçılıq etdiyi Daxili İşlər Nazirliyi “Metropol” mehmanxanasında (indiki Nizami adına Ədəbiyyat Muzeyi) yerləşirdi. O, İçərişəhərdə polis müdavimləri hazırlayan məktəb açdırdı. Burada 1200-ə qədər müdavimin təhsil alacağı nəzərdə tutulurdu.

Behbud xan Cavanşir II Hökumət kabinəsində bitərəf olaraq daxili işlər naziri vəzifəsində 1918-ci ilin oktyabrın 6-na qədər çalışmaqla yanaşı, ticarət, sənaye  naziri olaraq da fəaliyyət göstərmişdir. Yəni “əslində” 2 nazirliyin işini o, 1918-ci ilin 26 dekabrına qədər yerinə yetirmişdir. 
B.Cavanşir bu vəzifələrdə olarkən Azərbaycan üçün ciddi əhəmiyyət daşıyan sənədlərə imza atmışdır. 

1918-ci ilin noyabrın 28-də Azərbaycan Cümhuriyyəti hökuməti ilə Şimali Qafqazın Dağlı Xalqları İttifaqı Respublikası arasında tarixi müqavilə bağlandı. Həmin sənədi Azərbaycan hökuməti adından ticarət və sənaye naziri Behbud xan Cavanşir və maliyyə naziri Məhəmməd Həsən Hacınski, Dağlı Xalqları Respublikası tərəfdən Bahadur bəy Molaçixan və İbrahim bəy Heydərov imzalamışdılar. 

B.Cavanşir öz fəaliyyətində Azərbaycan Cümhuriyyətinin qonşu dövlətlərlə ticarət və sənaye sahəsindəki əlaqələrinə böyük diqqət yetirirdi. Onun  ticarət və sənaye naziri olduğu dövrdə Azərbaycan və Gürcüstan arasında 1918-ci ilin dekabr ayının 26-da çox əhəmiyyətli müqavilə imzalandı. Həmin müqaviləni Azərbaycan hökuməti tərəfindən Behbud xan Cavanşir, Gürcüstan hökuməti adından isə Azərbaycanda Gürcüstanın diplomatik nümayəndəsi Nikolay Karcivadze imzalamışdılar. 

– Behbud xan Cavanşirin Azərbaycan parlamentindəki çıxışları və mövqeyi də milli hökümətin möhkəmlənməsinə xidmət edirdi. 

– 1918-ci ilin dekabrın 7-də Azərbaycan Parlamenti fəaliyyətə başlayırdı. B.Cavanşir də parlamentin üzvü oldu. O, parlamentdə bitərəflər fraksiyasında təmsil olunurdu. ­1919-cu ilin oktyabrında həmin fraksiyada parçalanma olduğundan Behbud xan Cavanşir, Bəhram Axundov və Əbdüləli bəy Əmircanov müstəqil bitərəflər qrupu yaratdılar. 

B. Cavanşirin parlamentdəki çıxışlarına ən çox 1919-cu ildəki iclaslarda rast gəlmək mümkündür. Onun 1919-cu ilin 18 oktyabrında parlamentin 85-ci iclasında səsləndirdiyi fikirlər çox önəmlidir.

“Gömrük idarələrindən alınan vergilər barəsində”, maliyyə naziri hüququnun genişləndirilməsi haqqında” məsələnin müzakirəsi zamanı B.Cavanşir müvafiq izahdan sonra fikrini belə yekunlaşdırdı: “idxalata gömrük qoyulmasın ki, mal ucuz olsun və camaat ondan faydalansın”.

1919-cu ilin noyabrın 10-da Azərbaycan Parlamentinin 96-cı iclası keçirildi. Dinlənilən məsələlərdən biri də “Etimadnamə Komissiyasının məruzəsi”idi. Təklif  səsə qoyulsa da, qəbul olunmadı. Belə olduqda B.Cavanşir çıxış edərək dedi ki, parlamentə üzvün ya xalq, ya da yerli komitələr tərəfindən seçilməsi aydınlaşmalıdır ki, əziyyət çəkilməsin.

Parlamentin 1919-cu ilin 27 noyabrında keçirilən 101-ci iclasında 600 milyonluq “emissiya məsələsi” ilə bağlı müzakirənin davamında B.Cavanşir  ölkənin idarə olunması üçün təcrübəli adamların önə çəkilməsini əsas sayaraq, vurğuladı: “Məmləkətin xəzinəsini saxlamaq bir şəxsin öz evini saxlaması kimidir”. B.Cavanşir çıxışında ölkəyə müxtəlif səbəblərdən gəlib məskunlaşmış insanlardan, onların dövlətə fayda verməsinin vacibliyindən danışırdı: “Vaxta ki siz bizim içimizdə olursunuz, bolşevikdən, menşevikdən qaçıb, burada yaşayırsınız, heç olmazsa bizə kömək ediniz”. 

B.Cavanşir hökumətdə tutduğu  vəzifələrdən uzaqlaşdıqdan sonra da əsas fəaliyyətini parlamentdə davam etdirdi. Eyni zamanda o, 1919-cu ilin iyulun 18-də “Dəyanət” kommersiya şirkəti açdı və xarici ticarətlə məşğul oldu. O,  Almaniyadan yumşaq buğda növləri gətirib Qarabağda əkdirdi. Qarabağa ilk avtomobili gətirən və bu bölgənin yollarını abadlaşdıran da B.Cavanşir olmuşdur.  1918–1920-ci illərdə Bakıda təntənəli “Azərbaycan gecələri” konsertinin və bir çox cəmiyyətlərin təşkili də onun adı ilə bağlıdır. Bəzi araşdırmalarda B.Cavanşirin də M.Hacınski ilə birlikdə Sovet Rusiyası ilə yaxınlaşmaq, diplomatik münasibətlər qurmaq cəhdləri qeyd olunur.

– Bolşeviklər Azərbaycanı işğal etdikdən sonra Behbud Xan Cavanşirin aqibəti necə oldu? 

– 1920-ci ilin aprelin 27-də Azərbaycan bolşeviklər tərəfindən işğal edildikdən sonra peşəkar mühəndis kimi tanınan və xariclə güclü əlaqələri olan B.Cavanşir neft sənayesi sahəsində çalışdı. Həmin ilin sonunda N.Nərimanov onu müasir neft-mədən avadanlığı almaq üçün Almaniyaya göndərdi. B.Cavanşir yolüstü İstanbulda həmyerlisi Ə.Ağaoğlunun evində qaldı. Bir gecə küçə ilə gedərkən Daşnaksütun partiyasının üzvü Torlakyanın arxadan atdığı güllə ilə qətlə yetirildi.

Tanınmış tədqiqatçı V.Quliyevin “Ağaoğlular” kitabında həmin hadisəni Əhməd bəyin qızı Sürəyya xanım belə təsvir edir: “Behbud xan xanımı və 2 qardaşı ilə Parisə getmək üçün İstanbula gəlmişdi. Özü vəziyyətə tez uyğunlaşan adam idi və bizim Şahzadə bağındakı evimizdə beş gün gizli yaşadı. Ancaq rusəsilli xanımı bu həbs həyatına dözə bilməyəcəyini söylədiyindən onlar evimizi tərk edib “Pere Palas” mehmanxanasında yerləşdilər. Ertəsi gün səhər tezdən Behbud xanın axşam “Pere Palas” mehmanxanasına gələrkən bir erməni tərəfindən vurulduğunu eşitdik”.

–  Bu qətllə bağlı İstanbulda keçirilən məhkəmə prosesi ədalətsizliyi ilə bu gün də hiddət və qəzəb doğurur. 

– B.Cavanşirin qətli ilə bağlı aparılan məhkəmə prosesindən aydın olur ki, o, İstanbula 1921-ci ilin iyun ayının 25-də həyat yoldaşı Tamara Velkonskaya, qardaşları Surxay və Cəmşidlə birlikdə gəlibmiş. B.Cavanşirin həyat yoldaşının məhkəmədəki ifadələrindən məlum olur ki, qatili gördükdə bir neçə gün əvvəl onunla Təpəbaşı baxçasında qarşılaşdıqları yadına düşür. Məlum olur ki, erməni terrorçu onları izləyirmiş.

Hadisə baş verən günü, 1921-ci il iyulun 18-də axşam saat 23-də B.Cavanşir  həyat yoldaşı və qardaşları ilə birlikdə “Təpəbaşı” teatrından çıxıb, “Pere Palas” otelinə gedirmiş. Bu zaman terrorçu Misak Torlakyan arxadan yaxınlaşıb tapança ilə B. Cavanşirə 3  güllə atıb. B.Cavanşir arxaya dönüb və qatilə doğru irəliləsə də, aldığı yaralardan yerə yıxılıb. B.Cavanşirin qardaşları Cəmşid, Surxay və xanımı qatili zərərsizləşdirib, polislərə təhvil veriblər. B.Cavanşiri isə yaxınlıqdakı ingilis xəstəxanasına aparsalar da, onu sağaltmaq mümkün olmayıb və 35 dəqiqə sonra dünyasını dəyişib.

Hadisədən sonra ağır məhkəmə prosesi başladı. Bu cinayətə dəstək verən erməni dairələri qəzetlərdə elan verərək şahidlər toplamağa çalışdılar. O dövrdə İstanbul İngilis işğal nəzarəti bölgəsi sayıldığından, məhkəmə prosesini də onlar aparırdı. Prosesdə ingilis prokuroru Rickatson  tərəfsizliyini qoruyub saxlasa da, onu uzaqlaşdırıb yerinə  Çribbonu təyin etdilər.

M.Torlakyanın əsas vəkilləri Türkiyə erməniləri olan Xosrovyan və  Barsamyan idi. B.Cavanşirin hüququnu vəkil Heydər Rifət bəy müdafiə edirdi.

Erməni vəkilləri hər üsuldan istifadə edərək, cinayətkara haqq qazandırmağa çalışırdılar. Bir təqdimatda onun bu cinayəti törədərkən “şüurunun yerində olmaması faktı”nı irəli sürsələr də, Doktor Məzhər Osmanın həkim heyəti bunu təsdiqləmədi.

Həkimlərin rəyini “tərəfkeşlik” adı ilə məhkəmə qəbul etmədi, qatilin müayinəsini ingilis həkiminə tapşırdılar.

Bu uydurma rəy əsasında M.Torlakyan İngilis işğal məhkəməsi tərəfindən bəraət aldı. Bundan sonra M.Torlakyan İstanbuldakı bir erməni Patriarxlığına təslim edildi, tez zamanda gəmi ilə Yunanıstanın  Pire şəhərinə göndərildi. Yunanıstandan isə onun ABŞ-a getdiyi söylənilir. Araşdırılan sənədlərdən onun Trabzonda doğulduğu və burada Darülmüəllimdə təhsil aldığı, sonra ailəsi ilə Rusiyaya getdiyi, erməni ordusuna da könüllü olaraq yazıldığı bildirilir.

Məhkəmədə şahid qismində ilk olaraq B.Cavanşirin qardaşı Cəmşid, sonra xəstəxananın həkimi C.Hil, xanımı Tamara Velkonskaya, türk polis məmuru Əli Əfəndi çıxış etdilər. 

Şahid qismində məhkəmədə çıxış edən Azərbaycan Parlamentinin sabiq üzvü, “Azərbaycan” qəzetinin redaktoru olmuş Şəfi bəy Rüstəmbəyli bu sözləri dedi: “İlk təşəkkül edən Azərbaycan hökumətində B. Cavanşir daxili işlər naziri olmuşdur. Nazirliyi dövründə fəal adam olduğundan ermənilər və müsəlmanlar ondan çox razı idilər. Behbud xan Cavanşirin nazirliyi dövründə Ermənistanın heç bir tərəfində milli iğtişaşlar olmamışdır. Behbud xanın əmrləri və  tədbirləri sayəsində Bakıda asayiş və intizam bərpa olundu və heç bir nümayiş olmadı”.

Məhkəmədə çıxış edən erməni şahidləri isə B.Cavanşirin ünvanına “şər və böhtan” ifadələri işlədir, onu ermənilərin qətlində günahkar sayır, Bakı alınarkən 3 minə qədər erməninin öldürülməsində onun əli olduğunu qeyd edirdilər.

Erməni şahidləri məhkəmə prosesində bütün şantaj vasitələrindən istifadə edirdilər. Onlar 1918-ci ilin sentyabrın 15-də Bakı azad edilərkən F.Xoyski və B.Cavanşirin əhaliyə müraciətlə yazdıqları Bəyannaməni “sanki” ermənilərin qətlinə başlanması sənədi kimi təqdim edirdilər. Həmin sənədin qəzetdə yayımlanan bir müraciət olduğunu çıxışında bildirən Ş.Rüstəmbəyli belə izahat verdi: “Bu əmrnamədə bəzi məsuliyyətsiz şəxslərin soyğun və qəsblərə yol verdiyi, onların hərbi məhkəmələrdə cəzalandırılması bildirilirdi”.

Saxta erməni şahidləri Təhməzyan, Teyğan, Xandanyan 1918-ci ildə Bakıda olduqlarını, Behbud xanın “qətliamlar”da məsuliyyət daşıdığını bildirdilər.

B.Cavanşirin həyat yoldaşı Tamara Velkonskaya məhkəmədə söylədi: 

“Həyat yoldaşım daima Azərbaycan müsəlmanları ilə ermənilər arasında sülh və barışığın təmin və təsisinə çalışırdı. Həyat yoldaşım nə erməni qətliamlarında iştirak etmiş, nə də bu kimi qətliamlarda məsul olmuşdur. O, müsəlman olduğu cəhəti ilə ermənilər tərəfindən haqqında nifrət yarandığını bilirdi”.

Həmin məhkəmədə Ə.Ağaoğlunun qızı, məhkəmədə vəkillik edən Heydər Rifət bəyin katibəsi, sonradan Türkiyədə tanınmış hüquqşünas, vəkil olmuş  Sürəyya Ağaoğlu da iştirak edirdi. Şahidlərdən Qacar nəslindən olan Ziba xanım, Qara Ağazadə, Əhməd Həmdi Qarağazadə, Yusif bəy Qasımov ifadələrində ermənilərin müsəlmanlara qarşı törətdikləri vəhşilikləri qeyd etdilər.

B.Cavanşirin ölümündən sonra qardaşları  Cəmşid və Surxay Türkiyədə qalıb yaşadılar, Azərbaycana qayıtmadılar. Həyat yoldaşı Tamara Velkonskaya isə Rusiyaya qayıdıb, ömrünün sonunadək ailə qurmadan Moskvada tənha yaşadı.

Sovet rejimi dövründə B.Cavanşirin Azərbaycanda yaşayan qohumlarını təqib etdilər, sürgünə göndərdilər. Onun bacısı oğlu Ənvər Cavanşir 1948-ci ildə sürgündən qayıdarkən Moskvada yaşayan B.Cavanşirin həyat yoldaşı Tamara xanımla görüşdü. Onun “Nə üçün yenidən ailə qurub yaşamadınız?” sualına Tamara xanım belə cavab vermişdi: “Behbud xan kimi bir insanı tapmaq qeyri-mümkündür”.

– Qiymətli araşdırma və maraqlı müsahibəyə görə sağ olun. 

P. S: Behbud xan Cavanşirin vəhşicəsinə qətlə yetirilməsi ilə bağlı geniş məlumat Murat Gülçünün “Erməni ədavətlərinin pərdəarxası... Torlakyan davası” kitabında təsvir olunub: 3 dəfə dalbadal açılan atəşdən sonra Behbud xanın yaralı halda qatilin üzərinə gedərkən üzüüstə yerə yıxılması, növbəti güllənin Tamara xanımla birgə qatilin silah tutan əlindən yapışmış 20 yaşlı Cümşüdün sol yanağını sıyırması, polis məmuru Əli Əfəndinin hadisə yerinə yetişməsi və caninin qandallanması, nəhayət, xəstəxanaya çatdırılan Behbud xanın 35 dəqiqədən sonra, heç bir tibbi müdaxilə edilmədən dünyasını dəyişməsi kitabda öz əksini tapmışdır. 

Onu da xüsusi olaraq qeyd etmək istəyirəm ki, 20 iyul 1921-ci ildə ölümündən 3 gün sonra böyük müqavimətlərə baxmayaraq, Behbud xanın Beşikdaşdakı Yəhya Əfəndi dərgahındakı dəfn mərasimi kütləvi nümayişə çevrilmişdir.    

2019-cu il 18 dekabr tarixində Azərbaycan dövlətinin vəsaiti ilə Behbud xan Cavanşirin xatirəsinə “Pera Palace”da  abidə qoyulmuşdur.

Müsahibəni apardı: 
Kəmalə ABDİNOVA 
XQ

 



Müsahibə