Payızda doğuldu, payızda da getdi...
Onunla cəmi 19 il eyni kollektivdə çalışdıq. Ancaq çox vaxt “bir yerdə işlədiyimiz bu 30-40 ildə” ifadəsini işlədirdi. Bir dəfə həmin “şişirtmə”nin səbəbini soruşdum. Dedi ki, ziyanlı sexdə işləyənlərin 1 illik stajı 2 il hesablanır. Yəni, mənimlə bir kollektivdə işləməyi “ziyanlı” adlandırırdı. O, mənim redaksiyada zarafat edə bildiyim iki-üç adamdan biri idi. Xeyli yaş fərqimiz olsa da, nədənsə, onunla tay-tuş kimi zarafat eləməkdən çəkinmirdim. Həm yumor hissi yaxşı idi, həm jurnalist kimi ondan nəyisə öyrənmək mümkün idi, həm yaxşı məclis adamı idi, həm də... yerli idik. Ömründə iki dəfə şeir yazmışdı. Hər iki şeiri ikicə sətirdən ibarət idi və sözlərin çoxu Şəki ləhcəsində idi. Bütün məclislərimizdə oxuyurdu. Birincisini tələbəlik illərində yazıbmış:
Bağışda, sevgilim, məni bağışda,
Səni qoyub getdim leysan yağışda.
İkincisini isə Bakı küləyinə həsr eləmişdi:
Səhər durub gördüm qar yağıttı
Sora külək vırdı dağıttı...
Mənim 50 yaşım tamam olanda soruşmuşdu ki, Mirzəbəyli, sənin jurnalistikada nə işin var, niyə gedib xanəndəliyini eləmirsən? 60 yaşım olanda demişdi ki, hələ gec deyil, 70 yaşında da muğam oxuyanlar olub, çıx get öz işinin, gücünün dalınca: “Yoxsa, 70 yaşın tamam olanda sənə daha ağır ittihamlar irəli sürəcəm”. Təəssüf ki... Anonsunu verdiyi ittihamları irəli sürə bilmədi. Dünyadan köçməsiylə üzümüzdəki təbəssüm payımızın bir hissəsini apardı. Allah rəhmət eləsin.
... Bir gün işdən sonra ikimiz birlikdə metronun 28 May stansiyasında qatara mindik. Elmlər Akademiyası stansiyasında düşənlər çox oldu. Qatar, demək olar ki, boşaldı. Orta qapının yanında sahibsiz qalan yekə və dolu çantanı Telman müəllimə göstərib dedim ki, o çantadan gözüm su içmir. Sahibsiz çantanı görüb necə həyəcanlandısa, mənə “sən polis çağır!” – deyərək, 70 yaşlı adam bir göz qırpımında özünü maşinistə çatdırdı: “Sürmə, saxla, sahibsiz çanta var!”
Mən dərhal perrondakı polisi çağırdım və bir andaca haradansa altı-yeddi polis gəldi. Qatar dayandırıldı. Hamını vaqondan çıxartdılar. O biri vaqonlar da boşaldıldı. Bizim olduğumuz vaqonun lap arxasında – yəni, çantadan uzaqda bir qoca rus yatmışdı. Telman müəllim çox qorxmuşdu, mən ondan çox. Amma ikimiz də özümüzü “qəhrəman” sayırdıq. Metro işçiləri, sanki, kiminsə gəlməsini gözləyirdilər.
Ehtiyatlı polislərdən biri sahibsiz baqaja yaxınlaşmadan vaqonun o başında yatmış adamı oyatmaq istədi. Yatmış adama təcili vaqonu tərk etməli olduğunu dedilər və o, qalxıb qaça-qaça çantanın yanına getdi və öz yükünü götürüb vaqondan çıxdı. O anda mən xeyli aralandım ki, şahidlərdən kimsə mənə “küyçü” deməsin. Telman müəllim isə qatar yenə də dolana və yola düşənə kimi maşinistə nələrisə izah edirdi.
Sonralar məclislərdə dəfələrlə danışdı ki, Mirzəbəyli qoca rusun paltar yığdığı çantadan da qorxdu.
Onun 75 yaşında yazmışdım: “Qoca Qafqazın ətəklərində böyümüş köhnə kişilərdən biri kimi söz ver ki, 80 yaşında da bizim sıramızda olacaqsan, İnşallah! 76 yaşında daha böyük sevinclər yaşamağını arzu edirik. Mən də söz verirəm ki, 80 yaşında sənə gözəl bir qəzet məqaləsi həsr edəcəyəm. Bəlkə də, kitab oldu”. Amma, nə o yaşaya bildi, nə də mən yazdım. 2015-ci il noyabrın 23-də qəzetimiz üçün hazırladığım nisgilli yazı belə başlanırdı: “Azərbaycan mətbuatına ağır itgi üz vermişdir. “Xalq qəzeti”nin müxbiri, müasir jurnalistikanın ən təcrübəli simalarından biri olan “Tərəqqi” medallı həmkarımız Telman Fətulla oğlu Əliyev ömrünün 77-ci ilində vəfat etmişdir”.
Əlavə edim ki, 2010-cu ilin iyun ayından bəri redaksiyamızın bütün əməkdaşlarının kitab şkafında və ya yazı masasında “Jurnalistikada keçən ömür” adlı sanballı bir kitab var idi. 2015-ci il noyabrın 22-dən 23-nə keçən gecə həmin ömrün son saatları yaşanmışdı. 53 il “Xalq qəzeti” (“Kommunist”) redaksiyasında xüsusi müxbir vəzifəsində çalışmış, həyatının son gününədək redaksiya ilə bağlı bütün məsələlərdə gənclərə xas fəallıq göstərmiş Telman Əliyev böyük bir nikbinliklə bağlandığı dünyasını dəyişdi.
Həmin tarix “mənim fəslim payızdır, payızda dünyaya gəlmişəm, birinci sinfə getmişəm, tələbəliyin sevincini dadmışam, ümumiyyətlə, bütün uğurlarımı payızda qazanmışam... ”– deyən həmkarımızın son payızının son ayı imiş. Buna baxmayaraq, xəstəxanada olduğu günlər istisna olmaqla bir gün belə, əmək intizamını pozmadı. Elə bir toy, bayram, əlamətdar gün və ya kədərli anımız olmadı ki, Telman müəllimi yanımızda görməyək. İndi isə yanımızda olmasa da, ürəyimizdədir.
Allah rəhmət eləsin!
İttifaq MİRZƏBƏYLİ