Milli mətbu avanqard: istiqlal məfkurəsinin açıq və gizli qatları

post-img

Milli mətbuatımızın atası böyük Həsən bəy Zərdabinin maarifçilik və xalqçılıq ənənələri üzərində yüksələn anadilli jurnalistikamız sonrakı bütün dövrlərdə türkçülük məfkurəsinə sədaqətini açıq və gizli formalarda yaşatmış, milli dövlətçilik yaddaşının qorunmasında və dirçəldilməsində bu mövzuya zəruri təməl elementi kimi istinad etmişdir.

Tədqiqatçıların da qeyd etdiyi kimi, hələ XX əsrin əvvəllərində yeni inkişaf mərhələsinə qədəm qoymuş milli mətbuatımız ictimai-mədəni fikrin istiqamətini, məslək mübarizəsini əks etdirməklə tərəqqi, təkamül amilinə çevrilmişdir. Dövrün ədib, şair, ictimai xadim və jurnalistləri məhz mətbuatın köməyi ilə "türkçülük, islamçılıq, müasirlik" prinsiplərinə söykənərək cəmiyyətdə azərbaycançılıq  düşüncəsini formalaşdırmış, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin timsalında milli istiqlalın ictimai ruporu olmuşdur.

Lakin xalqın ictimai fikir lokomotivi və tarixi salnaməsi olan mətbuatın özü də 1920-ci ilin bolşevik işğalından sonra müstəqilliyini itirmiş məmləkətin taleyini yaşamışdır. Müəyyən tarixi dövrlərdə istiqlalçı ziyalılara arxalanaraq tarixi reallıqlara işıq tutan mətbuat, uzun illər qadağa və təqiblərə də məruz qalmış, təkcə taleyinə yazılan ağır repressiyalar ilə üz-üzə dayanmamışdır. Təsadüfi deyil ki, ölkənin baş mətuat orqanı   “Kommunist”ə 1937-ci ilədək rəhbərlik etmiş redaktorlar millətçilik damğası ilə repressiya qurbanı olmuşdur. Bu reallıqları əsas tutaraq xalqımızın mübarizə tarixində, xüsusən də dövlətçilik və türkçülük məfkurəsinin formalaşmasında mətbuatın rolunu dəyərləndirməkdə   105 illik bir yol keşmiş gündəlik anadilli ictimai-siyasi nəşrin – “Xalq qəzeti”nin mətbu irsi zəngin və misilsiz bir mənbədir.

Təəssüflər olsun ki, ən yaxın tariximizdə belə bu məsələyə, xüsusən də “Xalq qəzeti”nin timsalında tələsik və qeyri-obyektiv bir mövqe sərgilənmişdir. Ola bilsin ki, “kommunist” adının cəmiyyətdə doğurduğu ikrah, rejimin qadağaları bu barədə obyektiv fikirləri ortaya qoymaqdan çəkindirmiş, eyni zamanda, bu sahədə yaranan fikir plüralizminin ortaya atılmasının qarşısı alınmışdır. Amma, əslində,  redaksiyanın nə bugünkü kollektivi, nə də vaxtı ilə “Kommunist” qəzetində çalışan  əməkdaşları (şükürlər olsun ki, onların bir qismi həyatdadır) da bu fikrin tərəfdarı olmamışlar. Ən azı ona görə ki, “Xalq qəzeti” hələ 1991-ci ildə ad dəyişikliyi ilə nəşrə başlayanda kimin adını dəyişdirdikləri və niyə dəyişdirdikləri tariximizin uzaq bir keçmişi deyildir. 

Əslində, burada da Azərbaycan Xalq Cümhuriyyətinin süqutu sonrası baş verənlər tamamilə başqa bir biçimdə özünü təsdiqləmişdi. 1919-cu il avqustun 29-da “Kommunist” adı ilə dərc olunmuş 1 bülletenlə başlayan bu tarixin izlərini əlimizdə olan sənəd və mənbələr, həm də tədqiqatçıların qənaətləri  əsasında araşdırmaq yerinə düşər. 

“Kommunist” qəzetinin ilk nömrəsi 1919-cu il avqustun 29-da, cümə günü bolşeviklər partiyasının gizli mətbəəsində çap olunmuşdu. Kommunist rəhbərlər,  “Azərbaycan” qəzetini “Kommunist”ləşdirməkdə müstəsna rol oynamış “Əliheydər – Ruhulla” tandemi əllərində ciddi bir fakt olmasa da, bunu dəfələrlə vurğulamış, hətta  1929-cu ildə həmin tarixi rəsmiləşdirərək “Kommunist” qəzetinin 10 illik yubileyini təntənə ilə qeyd etməklə öz “xidmətlərini” tarixə yazmışlar. Bir çox mənbələrin təqdim etdiyi kimi bu nömrə, demək olar ki, bütünlüklə dünya inqilabı məsələlərinə həsr olunub.  Ona görə “bir çox mənbələrin təqdim etdiyi” fikri ortaya qoyuruq ki, nəşrin bu sayı əldə olmadığından daha çox yazılanlara istinad edilməkdədir.  Həqiqətdə isə dövlət qəzeti kimi “Kommunist”in ilk nömrəsi 1920-ci il aprelin 30-da çıxmışdı.

 “Kommunist” qəzetinin ilk nömrəsinin kimin tərəfindən imzalandığı və  redaktorunun kimliyi barəsində bəzi fıkir ayrılıqları da qalmaqdadır. Tədqiqatçı E. Məhərrəmov və A.Məhərrəmli “Xalq qəzeti”nin (“Kommunist”) yaranması və inkişafı tarixindən. Nəşrinin 90 illiyi münasibətilə” kitabında (2009) “Kommunist” qəzetinin tədqiqatçısı C.Məhərrəmli hesab edir ki, qəzetin redaktoru Ə.H.Qarayev olmuşdur, amma bu halda fikrini təsdiqləyən hər hansı bir dəlilə istinad etmir. Azərbaycan Sovet Ensiklopediyasının I və III cildlərində, 1985-ci ildə nəşr edilmiş “Azərbaycan Kommunist Partiyasının tarixi ­oçerkləri”ndə, Ruhulla Axundovun “Seçilmiş əsərləri”inin 1977-ci il nəşrində, “Kommunist” qəzetinin 1969-cu ildə işıq üzü görmüş  “Kommunist-50” yubiley nəşrində, AMEA-nın müxbir üzvü  Qaraş Mədətovun 1983-cü ildə nəşr edilmiş “Ruhulla Axundov” kitabında və s. əsərlərdə göstərilir ki, “Kommunist” qəzetinin həmin sayının redaktoru Ruhulla Axundov olmuşdur. Tədqiqatçı E. Məhərrəmov “Kommunist” qəzeti və Azərbaycan SSR kənd təsərrüfatının bərpa məsələləri (1921–1928-ci illər)”  monoqrafiyasında təsdiqləyir:  qəzetin ilk və sonrakı nömrələrini müqayisə etdikdə, redaktə stilinə diqqət yetirdikdə bu nəticəyə gəlmək olur ki, qəzetin ilk redaktoru Ruhulla Axundov olmuşdur. 

Qəzetin müntəzəm nəşrinə ­1920-ci il aprelin 30-dan başlanılır. Rusiya Azərbaycan Cümhuriyyətini işğal etdikdən sonra bolşeviklər "Azərbaycan" qəzetinin Kolyubakinski, 37 (indiki N.Rəfibəyli küçəsi) ünvanda yerləşən redaksiya və mətbəəsini tutub, onu "Revkomun mətbəəsi" (İnqilab Komitəsinin mətbəəsi) adlandırdılar. Türkcə "Azərbaycan"  və rusca "Azerbaydjan" qəzetlərinin nəşri dayandırıldı, onların əvəzində əvvəlcə türkcə, 1920-ci il mayın 1-dən isə həm də rusca "Kommunist" qəzetlərinin nəşrinə başlanıldı. Bununla da Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi nəşri olan “Azərbaycan” qəzetinin bu adla fəaliyyətinə son qoyuldu. 

Dəyişənsə qəzetinin redaktoru Üzeyir Hacıbəyli, qəzetin adı və kommunist təbliğatına səfərbər edilən ideya istiqaməti idi. Hətta arxiv nüsxələrini belə müqayisə edəndə nə tərtibat işində, nə də texniki amillərdə fərqlər belə görünmür. Əslində, “köhnə redaksiya”nın əməkdaşları yerində qalmış, “Azərbaycan”ın əməkdaşları olan müəlliflər fəaliyyətlərini “Komminist”də davam etdirmiş və sonralar tədricən vəzifələrindən ya könüllü, ya da məcburən azad edilmişlər.

Qəzetdə tərcüməçilər Əbdürrəhim bəy Haqverdiyev, Cəfər Cabbarlı, Seyid Hüseyn Sadıqzadə, Seyid Cəfər Cavadzadə (Pişəvəri), eləcə də digər əməkdaşlar – Xəlil İbrahim, A.Ağakişiyev, Bağır Hacızadə, Əhməd Hacınski, A.H.Dadaşov, Y.Yusifzadə, Cavad Cavadlı, Əliağa Əlizadə, 
M.H.­Mirmövsümov, Şövkət Məmmədov, Ə.P. Hüseynzadə, T. Məlikov, Hacı Səlim Səyyah Qasımzadə, Fərhad Ağazadə, Qədir Heydərov, Əziz Nuri, Musa Şəmsəddinski, Əsəd Tahirov, Sergey İnqulov və başqaları da çalışırdı. Əbdürrəhim bəy Haqverdiyev, Cəfər Cabbarlı, Məmməd Səid Ordubadi, Böyükağa Talıblı, Hənifə Zeynallı, Vəli Xuluflu, Salman Mümtaz, Almaz İldırım, Əziz Şərif, Qulam Məmmədli, Əfrasiyab Bədəlbəyli, Xudadad bəy Əzizbəyov və başqaları indi də “Kommunist” qəzetinin əməkdaşları idilər. 

“Kommunist”in səhifələrində tanınmış şair və yazıçıların, publisistlərin yazılarının dərc olunması, eləcə də qəzetin əməkdaşı olan milli ruhlu  jurnalist və publisistlərin fəaliyyətlərini də nəzərə alsaq, istər-istəməz belə bir nəticəyə gələ bilərik ki, Azərbaycan ədəbiyyatının və ziyalılarının tanınmış xadimləri, hər cür qadağa və  təqiblərə  baxmayaraq, bu qəzetin ətrafında birləşərək,  onu Cənubi Qafqazın mötəbər nəşri kimi tanıda bildilər. “Kommunist” çox qısa bir zamanda ilk vaxtlar həm respublika rəhbərliyində, həm də yerlərdə “aparıcı qəzet” kimi üstünlük verilən, bir nömrəli qəzet kimi tanınan “Bakinskiy paboçiy”dən bu estafeti almış oldu. 

Qəzetlə yaxından əməkdaşlıq edən Nəriman Nərimanov, Qəzənfər Musabəyov, Həmid Sultanov, Tağı Şahbazi (Simurğ), Əliəkbər Heydərli, Zinətulla Nuşirəvanov, Hacıbaba Nəzərli, Əli Nazim, Cahangir Nağıyev, Mahmud Xanbudaqov, Əyyub Xanbudaqov, Mustafa Quliyev, Rzaqulu Nəcəfov, Müseyib Şahbazov, Ənvər Qasımzadə və başqaları dövrlərinin mötəbər  dövlət xadimləri idilər. Azərbaycan ziyalılarının görkəmli nümayəndələri – Hüseyn Cavid, Üzeyir bəy Hacıbəyov, Mirzə Cəlil Məmmədquluzadə, Bəkir Çobanzadə, Salman Mümtaz Əsgərov, Əhməd Rəcəbli,  Ömər Faiq Nemanzadə, Əliağa Vahid, Əliabbas Müznib Mütəllibzadə çox ciddi təqiblərə məruz qalsalar da,  “Kommunist” qəzeti ilə əməkdaşlıqdan çəkinməmişlər. 

Heç şübhəsiz, bunun nəticəsi idi ki, qəzetin fəaliyyəti dəfələrlə kommunist rəhbərlərin mötəbər iclaslarında müzakirə  edilmiş, hətta “qəzetdəki millətçilik yuvası”nın dağıdılması partiya sənədlərində və yekdilliklə qəbul edilmiş qərarlarda birmənalı olaraq əksini tapmışdı. Bir faktı xüsusi vurğulamağa ehtiyac var ki, 20-ci illərin əvvəllərində “Kommunist” qəzetinin fəaliyyətinin ilk 2 ilində 8 dəfə redaktor dəyişikliyi edilmişdir. Bunun bir səbəbi yüksək dairələrdə mövcud olan intriqalarla bağlı idisə, digər önəmli bir səbəbi qəzetin kommunist ideallarının təbliğatçısı olduğu kimi, həm də uzun illərdən bəri formalaşmış milli tamayüldən də uzaq dayanmamaqla bağlı olmuşdur. 

Yalançı milli suverenlik şüarları altında dövlət müstəqilliyinə son qoyulması, passiv də olsa, qəzetdə etirazla qarşılanmış, kommunist rəhbərlik isə belə müəllifləri sərt cəzalandırmışdı. İlk illərdə “qəzetdə millətçilik yuvası”nın mövcudluğu ilə bağlı bir neçə dəfə partiya qərarı da qəbul edilmişdi. Göründüyü kimi, redaktorlar tez-tez dəyişdirilsə də redaksiyadakı milli təmayülü yox etmək mümkün olmamışdı. 

Təkcə sovet dövrünün tədqiqatlarında yox, həm də müstəqillik dövrünün elmi araşdırmalarında da göstərilir ki, 1921–1928-ci illərdə ölkəmizin xalq təsərrüfatının bərpası üzrə bir çox məsələlərin həllində, iqtisadiyyat məsələlərinin təbliğində AK(b)P MK və BK-nın orqanı olan “Kommunist” qəzeti az rol oynamamışdır. Yarandığı ilk gündən gərgin vəziyyətdə ölkədə qalmış vətənpərvər əhvali-ruhiyyəli ziyalıları ətrafında cəmləşdirən “Kommunist” xalq təsərrüfatının bərpa və inkişaf etdirilməsi, dövlət orqanlarının və mətbuatın nüfuzunun yüksəldilməsi uğrunda yorulmadan çalışmışdır. Təbii ki, öz dövrü üçün birinci rəsmi partiya və dövlət qəzeti olan “Kommunist” ­kütlənin siyasi və mənəvi tərbiyəçisi kimi fəaliyyət göstərirdi. Qəzet həmişə tarixi hadisələrin mərkəzində olmuş, respublikanın gündəlik həyatında baş verən bütün məsələlərin həllində siyasi rəhbərliyin mühüm təbliğat vasitəsi olmuşdur. Bir məsələni unutmaq olmaz ki, bu qəzet orqanı olduğu rəhbər təşkilatın siyasətini yerinə yetirməyə borclu idi, onun vəsaiti ilə nəşr olunurdu, amma bununla belə o milli təəssübkeşliyini heç vaxt unutmamış və həmişə bunun cəzasını çəkmişdir.

Nəhayət, Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra 70 ildən çox “Kommunist” adı ilə nəşr edilən mötəbər bir nəşrin “Xalq qəzeti” adlandırılması – yəni ad ­dəyişikliyini yeni müstəqilliyimizi qazananda gördük. Tarixi sənədlərdən də göründüyü kimi,  o dövrdə Azərbaycanın birinci müstəqilliyi Rusiya kommunist-bolşevik hakimiyyəti tərəfindən devriləndə “Azərbaycan” qəzetinin də binası tutulmuş, giriş qapısındakı lövhəni dəyişməklə nəşrin adını da dəyişərək “Kommunist”  adlandırmışdılar. Bu zahiri oxşarlığı 1991-ci ilin avqustunda da görməkdəyik, amma bir az başqa bir şəkildə. Bu dəfə artıq yeni müstəqilliyinə sahiblənən Azərbaycanın uğurlarına sevinənlər sırasında “Kommunist” qəzetinin də kollektivi var idi, hətta fəaliyyətini bir müddət dayandıran qəzetin əməkdaşları “kommunist” adından imtinanı da özləri gündəmə gətirmişdilər. Əslində, 20 Yanvar hadisələri dövründə “Səhər” nəşrinin çapına nail olan kollektiv Azərbaycan KP MK, Ali Sovet və Nazirlər Sovetinin orqanı olduğundan təsisçilikdən imtina edə bilməmiş və bu adla nəşrini davam etdirmişdir. Təbii ki, bu, o dövrdə də, hətta sonralar da cəmiyyətdə müəyyən dalğalanmalar yaratmış və hətta, az qala, kommunist rejimin Azərbaycanda ən böyük dayağının “Kommunist” qəzetinin olduğu belə vurğulanmışdır. Amma nə yaxşı ki, Azərbaycan xalqının önəmli bir tarixi dövründə Azərbaycan dövlətini və onun yeni müstəqilliyini məhvdən qurtaran ulu öndər Heydər Əliyevin qəzet haqqında dedikləri  bu kimi fikirlərdən çoxlarını daşındırmışdı. 

Diqqət edək, Heydər Əliyev bu fikirlərini nə vaxt deyirdi?! Bu günümüz üçün o qədər də uzaq olmayan bir tarixdi bu: 1994-cü il 26 avqust. Bu, o gün idi ki, “Kommunist”in varisi olan “Xalq qəzeti” 75 yaşını bayram edirdi və ölkə Prezidenti  Heydər Əliyev “Xalq qəzeti”nin redaksiyasına göndərdiyi rəsmi məktubla redaksiya əməkdaşlarını və qəzetin yubileyini təbrik edirdi. Bu məktubda önəm daşıyan təkcə bu fakt deyil, həm də kommunist rejimi dövründə nəşr edilən bir mətbuat orqanının fəaliyyəti olduqça ədalətli bir şəkildə dəyərləndirilir və qəzetin şoxillik fəaliyyətinə olduqca yüksək qiymət verilir: Respublikada qəzetçilik ­ənənələrinin formalaşmasında, jurnalistikamızın inkişafında "Xalq qəzeti"nin xidmətləri xüsusi qeyd olunmalıdır. Bugünkü çoxsəsli, rəngarəng Azərbaycan mətbuatının bir çox görkəmli nümayəndələri bu qəzetin yaradıcılıq məktəbini keçmişlər. Müstəqilliyimizin qazanılmasından sonra da "Xalq qəzeti" respublikamızın ictimai həyatında baş verən hadisələrə cəsarətlə müdaxilə etmiş, bir çox problemlərin aşkarlanmasında mühüm rol oynamışdır.

Təbii ki, Ulu öndərin bu yanaşmasında sonra əldə olan bəzi faktları, deyək ki, “Kommunist”in uzun illər fəaliyyət göstərdiyi binanın da varisinin “Xalq qəzeti”nin olması günümüzün də yaşanan faktlarından olduğunu söyləyir. Amma bəzi sübyektiv amillərdən qaynaqlanan və həqiqi meyarlar ilə üst-üstə düşməyən subyektiv faktlardan da əl götürməyin vaxtı yetişib. 

Həm də ona görə ki, mətbuat tariximizin dəyərli bir nümunəsi və milli tariximizin salnaməsi olan bir mətbuat orqanının doğru-dürüst taleyi, o cümlədən şərəfli bir keçmişinin müəmma və uydurmalar girdabında qalmasını, onunla bağlı olan və qətiyyən dürüst olmayan məlumatların gələcəyə daşınmasına icazə verməməliyik. Bu, bizim təəssübkeşliyimizdən çox tariximizə olan dəyər və sayğının ifadəsi kimi qiymətləndirilməlidir.    

Namiq QƏDİMOĞLU
XQ

 

Sosial həyat