Gürcüstanda fəaliyyət göstərən azərbaycandilli məktəblərdə “Ana dilimiz varlığımızdır” mövzusunda inşa yazı müsabiqəsi keçirilib.
Borçalı torpağında Azərbaycan dilində nəşr olunan “Maarif” qəzetinin baş redaktoru və “Gürcüstan Maarif Təşkilatı”nın rəhbəri Ələddin Qarabağlının təşəbbüsü, Marneulidəki “Azərbaycan Evi”nin dəstəyi ilə təşkil edilən şagird yaradıcılığı aksiyası Nyu-York Akademiyasının üzvü olmuş dilçi alim Mədəd Çobanovun xatirəsinə həsr edilib.
“Azərbaycan Evi”ndə müsabiqənin qaliblərinin elan olunması mərasimində çıxış edən “Azərbaycan Evi”nin direktoru Məhəbbət İmanov professor Mədəd Çobanovun ana dilimizə sevgisindən və onun tədqiqi sahəsində göstərdiyi xidmətlərdən söz açıb. O bildirib ki, belə bir müsabiqənin keçirilməsində məqsəd Borçalının yeni nəslini ana dilimizi daha yaxşı öyrənməyə, Mədəd müəllim kimi yurda möhkəm bağlı olmağa həvəsləndirməkdir.
Ələddin Qarabağlı isə deyib ki, Gürcüstanda Azərbaycan dilində fəaliyyət göstərən 116 məktəbdən 88-i sırf Azərbaycandilli məktəbdir. Sevindiricidir ki, şagirdlər ana dilimizin zənginliklərindən bacarıqla istifadə ediblər. Belə müsabiqələr davamlı olacaq.
Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusifov, yazıçı-publisist Əli Abbas, müəllimlərdən Qazax Abdullayev, Fatma Əliyeva, Abayat Qurbanova, Esmira Ələkbərli, Gürcüstanın Əməkdar müəllimi İslam Məmmədov və başqaları Mədəd Çobanovun Azərbaycan dilinin öyrənilməsi və təbliği, inkişafı istiqamətində gördüyü işlərdən danışıb, yazdığı dərslik və kitabların ana dilimizin öyrənilməsində mühüm rol oynadığını bildiriblər.
Sonda qaliblərə qiymətli hədiyyələr, diplom və sertifikatlar təqdim olunub.
Paşa ƏMİRCANOV
XQ