Əməkhaqqı fondu şəffaflaşır ...

post-img

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına əsasən, qurumun iş yerlərinin rəsmiləşdirilməsi, əməkhaqqı fondunun “ağardılması” və şəffaflığın təmin edilməsi istiqamətində həyata keçirdiyi tədbirlərin nəticəsində bağlanmış əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 452 min 692 vahid artıb və bu il iyunun 1-nə 1 milyon 854 min 607 olub. Qeyri-neft sektorunun özəl bölməsində həmin göstərici 410 min 704 vahid artaraq 950 min 626 təşkil edib.

Məlumatda, eyni zamanda, 5 ildən çox bir müddətdə gerçəkləşdirilən təşviq əsaslı vergi siyasətinin əmək bazarında əhəmiyyətli dəyişikliklərə səbəb olduğu vurğulanıb. 

Xatırladaq ki, 2024-cü ilin yanvar-aprel ayları ərzində muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 1,8 milyard manatdan çox olmaqla əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11,7 faiz və ya 190 milyon manat artıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar isə ötən ilin eyni dövrünə  nisbətən 14 faiz artaraq 1,2 milyard manata çatıb. 

Dövlət Vergi Xidmətindən bildirildiyinə görə, hesabat dövründə işsizlikdən sığorta haqları üzrə daxilolmalar 2023-cü ilin yanvar-aprel ayları ilə müqayisədə 13,8 faiz artaraq 64,5 milyon manatdan çox olub. Həmin istiqamətdə qeyri-büdcə təşkilatları üzrə daxilolmalar isə 17,1 faiz artıb və 48,9 milyon manata yüksəlib.

Cari ilin yanvar-aprel aylarında icbari tibbi sığorta haqları üzrə daxil­olmalar ötən ilin müvafiq dövrünə nisbətən 9,2 faiz artaraq 318,3 milyon manat təşkil edib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar isə 10,2 faiz artıb və 225,1 milyon manata çatıb.   

Dövlət Vergi Xidmətinin xətti ilə ilin ilk 4 ayında dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 6 milyard 657 milyon 339 min manat (proqnozdan əlavə 954,2 milyon manat) təşkil edib. Qeyri-neft-qaz sektorundan vergi daxilolmalarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 13 faiz artaraq 4 milyard 522,6 milyon manata çatıb. Ödənilən vergilərin 67,9 faizi qeyri-neft-qaz sektorunun, 32,1 faizi isə neft-qaz sektorunun payına düşüb.

Qeydə alınan bu göstəricilər həyata keçirilən iqtisadi islahatların, səmərəli vergi inzibatçılığının və əlverişli biznes mühitinin gerçəkləşdirilməsinin, cəmiyyətdə vergi mədəniyyətinin yüksəldilməsinin nəticəsidir. Əldə olunan fiskal nəticələrdə iqtisadi artımla yanaşı, iqtisadiyyatda şəffaf münasibətlərin qurulması, “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması, biznes fəaliyyətinin və gəlirlərin leqallaşdırılması kontekstində atılan addımlar da mühüm önəm daşıyır.  

Mütəxəssislərin  təhlillərinə əsasən, son illər ərzində “kölgə iqtisadiyyatı”nda cəmlənmiş dövriyyələrin “ağarması” prosesi sürətlənib. Bu, bəyan edilən dövriyyələrdə, ticarət əməliyyatlarında sənədləşmənin səviyyəsində, elektron qaimələrin dövriyyədəki payında, bağlanmış əmək müqavilələrinin sayında özünü büruzə verib.

Dövlət büdcəsinə vergi daxilolmalarının təmin edilməsi, iqtisadi artımın bərpasında vergi təşviqi alətlərindən fəal istifadə, vergi ödəyicilərinə xidmətlərin çeşidinin və biznesin fəaliyyətinə səmərəli vergi nəzarətinin qurulmasında rəqəmsallaşmanın genişləndirilməsi vergi orqanlarının bundan sonra da fəaliyyətinin başlıca prioritetləri olacağına əminlik yaradır.  

Ümumiyyətlə, son illərdə respublikada “kölgə iqtisadiyyatı”nda cəmlənmiş dövriyyələrin “ağarması” prosesinə xüsusi önəm verilib və bu amil daim diqqət mərkəzində saxlanılıb. Prezident İlham Əliyev çıxışlarının birində  ölkə iqtisadiyyatının inkişafına əngəl törədən problemlər sırasında “kölgə iqtisadiyyatı”nın mövcudluğunun ciddi narahatlıq doğurduğunu vurğulayıb. Dövlətimizin başçısı yeri gəldikcə sözügedən məsələyə münasibət bildirərək, bu sahədə aparılan mübarizənin müsbət nəticələrinə baxmayaraq, məlum narahatlıq yaradan vəziyyətin daim diqqətdə saxlanılacağını xatırladaraq,  deyib: “Kölgə iqtisadiyyatı, əlbəttə, hər ölkədə var, əsas məsələ onun həcmidir, dövlətin, hökumətin buna münasibətidir. Dövlətin və hökumətin buna münasibəti belədir ki, bu, Azərbaycanda olmamalıdır və bizim əlimizdədir ki, bu, olmasın. Çünki texnologiyalar inkişaf edir, yeni nəzarət imkanları yaranır. Burada kölgə iqtisadiyyatı adlı mənfi faktor olmamalıdır, yaxud da minimuma endirilməlidir...”. 

Ölkə rəhbərinin bu sözlərindən ötən müddətdə respublikamızda həyata keçirilən uğurlu iqtisadi islahatlar, o cümlədən, nağd ödəmələrin məhdudlaşdırılması, vergi uçotundan yayınmaların aradan qaldırılması qeyri-formal məşğulluğun azaldılmasını və kölgə iqtisadiyyatına qarşı mübarizənin keyfiyyətcə yeni mərhələyə yüksəlməsini şərtləndirib. Nəticədə yazının əvvəlində xatırlatdığımız kimi, büdcəyə daxil olan vəsaitlərin həcmi əvvəlki dövrlə müqayisədə xeyli artıb. Şübhəsiz ki, bu istiqamətdə görülən işlərin daimi xarakter daşıması gələcəkdə büdcəyə qeyri-neft-qaz sektorundan daxilolmalarda milyardlarla manat artımın qeydə alınacağını indidən şərtləndirib.    

İqtisadçı-ekspert Mirağa Əhmədovun sözlərinə görə,  “kölgə iqtisadiyyatı”nın qarşısının alınması “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın əsas istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Bu isə mövcud sahədə yüksək nəticələrin əldə edilməsinə şərait yaradıb. Xüsusilə son dövrlərdə yeni əmək müqavilələrinin bağlanmasına xüsusi diqqət yetirilməsi “kölgə iqtisadiyyatı”nın ümumdaxili məhsuldakı payının azalmasına gətirib çıxarıb. 

İqtisadçı-ekspert onu da vurğulayır ki, beynəlxalq səviyyədə vergidən yayınma hallarına qarşı mübarizə və vergi məsələləri üzrə beynəlxalq tərəfdaşlıq çərçivəsində ən mühüm sənədlərdən biri Azərbaycan Respublikasının tərəfdar olduğu “Vergi məsələləri üzrə qarşılıqlı inzibati yardım haqqında Konvensiya”dır. Ümumi Hesabatlılıq Standartı (CRS) əsasında maliyyə hesabları barədə məlumatların avtomatik mübadiləsi həmin Konvensiyanın alətlərindən biri hesab edilir.

Azərbaycanın 2013-cü ildə “Vergi məqsədləri üçün şəffaflıq və məlumat mübadiləsi üzrə Qlobal Forum”a qoşulmaqla şəffaflıq və məlumat mübadiləsi üzrə beynəlxalq standartların tətbiqində və qiymətləndirmə prosesində iştirak etməsi öhdəliyini öz üzərinə götürüb. Ölkə üzrə standartın praktiki tətbiqi ilə bağlı 2021-ci ildə başlayan qiymətləndirmə isə artıq uğurla tamamlanıb.    

İqtisadiyyat