Dabağın qabağı niyə vaxtında alınmayıb?
Son vaxtlar Azərbaycanın müxtəlif regionlarında saxlanılan ev heyvanları arasında dabaq xəstəliyinə yoluxma halları geniş yayılıb. Mütəxəssislər bildirirlər ki, bu, əsasən xəstə heyvanla birbaşa təmas, virusla çirklənən yem-su, invertar, personalın geyimləri və hava-damcı yolu ilə kütləvi miqyas alıb. İti yoluxucu virusun təsiri ilə bütün cütdırnaqlı, daha çox isə iri və xırdabuynuzlu heyvanların xəstələnməsinə səbəb olub. Virus ağız boşluğunda, məmə uclarında və dırnaqlar arasında ağrılı yaralar yaratmaqla yüksək hərarətlə və məhsuldarlığın kəskin azalması, hətta heyvanların ölümü ilə müşayiət edilib.
Qida ekspertlərinin sözlərinə görə, dabaq xəstəliyi Azərbaycan üçün endemik xarakter daşıyır. Yəni dabaq viruslarının xəstəliyə həssas heyvanlar arasında və ətraf mühitdə dövr etməsi riskləri hər zaman var. Dabaq həm də transsərhəd xəstəlikdir, başqa sözlə, virus külək vasitəsilə quruda, hətta dəniz üzərindən belə kilometrlərlə məsafədən ətrafa yayıla bilir və qonşu dövlətlərin ərazisindən ölkə sərhədinə keçir. Eyni zamanda, tranzit və digər avtomobillərin üzərində keçməsi də mümkündür. Xəstəliyin peyvəndlənmədən yayındırılan, müxtəlif səbəblərdən peyvəndlənməyən və bu istiqamətdə tədbirlər reallaşdırılmayan digər ölkələrdən idxal olunan heyvanlardan yayılma riski də var.
Bu məqamda bir sual da diqqət çəkir: Dabağa yoluxmuş heyvan əti insan üçün nə dərəcədə təhlükəlidir?
Pediatr-infeksionist Aybəniz Səlimovanın bildirdiyinə görə, insanın dabaq xəstəliyindən qorunmasının ən vacib üsulu çiy heyvan məhsullarından imtina etməsi, südün və ətin yaxşı bişirilməsi, baytar-gigiyena qaydalarını diqqətdə saxlamasıdır. Dabaq xəstəliyi insana yoluxa bilər, amma bu, çox nadir hallarda olur və yüngül keçir.
Ciddi ictimai sağlamlıq problemi isə əsasən heyvandarlıqda müşahidə edilir, xəstəlik təsərrüfatlara ciddi ziyan vursa da, insanlar üçün risk çox aşağı olur. Baytarlar, ət kəsimi məntəqələrində çalışanlar mütləq əlcək, qoruyucu geyim və maska istifadə etməlidirlər. Yoluxmuş heyvanların müalicəsi ilə məşğul şəxslər gigiyenik qaydalara ciddi əməl etməli, işin sonunda əl-üzlərini yumalıdırlar. Süd yalnız qaynadıldıqdan və ya pasterizə olunduqdan sonra içilməlidir. Çiy süd məhsullarından (xüsusən kənd pendiri, qaymaq) istifadədən yayınılmalıdır. Ət yalnız tam bişirilmiş halda yeyilməlidir. Çiy və ya az bişmiş ətlər, kabab virusa yoluxma riskini artırır.
Fermer Əbil Hüseynov söhbətində bildirdi ki, dabaq hər il iki dəfə – yaz və payız aylarında heyvanlarda müşahidə olunur. Xəstəliyin ağır keçməməsi üçün dövlət tərəfindən vaksinasiya həyata keçirilir. Dabağın törədicisi vəhşi heyvanlarda, xüsusən də çöl donuzlarında daha çox nəzərəçarpan RNT tərkibli virusdur. Dabaq virusu ətraf mühitin mənfi təsirlərinə davamlı olmaqla yanaşı, aşağı temperaturlu, yüksəkrütubətli və neytral mühitdə uzun müddət qalır. Onun mənbəyi xəstə və ya yeni sağalmış heyvan hesab olunur. İnkubasiya dövrü isə dəyişkəndir, 2-7 gün, bəzən 14-21 gün çəkir. Xəstəliyə yoluxma nəticəsində ölüm halları heyvanın növündən və yaşından asılı olaraq 1-5 faiz, bəzən isə 20 faiz təşkil edir.
Yoluxmanın birinci mərhələsində heyvanın müxtəlif nahiyələrində qabarcıqlar müşahidə edilir, daha sonra virus limfa və qan dövranı ilə bütün orqanizmə yayılır. İnfeksion prosesin gedişatı bədən hərarətinin yüksəlməsi ilə müşayiət olunur. Virus heyvanın ürək və skelet əzələlərinə qədər sirayət edir.
Kənd təsərrüfatı elmləri namizədi Qənbər Hüseynov söylədi ki, dabaq virusu zoonoz olduğundan, insan sağlamlığı üçün də təhlükəli sayılır. Nadir hallarda bu xəstəliyə yoluxan insanda titrəmə, temperaturun 39-400C-dək yüksəlməsi, baş və əzələ ağrıları özünü göstərir. Xəstəliyin başlanğıc dövründə ağız boşluğunda yanma hissi, ağız suyu ifrazının artması, sidik ifrazatı zamanı ağrı və bağırsaqların funksiyasının pozulması qeydə alınır. Bundan başqa, dabağa yoluxmuş insan əsəbi olur, danışmaqda və udqunmaqda çətinlik çəkir. Ağırlaşma halları olmasa, xəstə 5-7 gündən sonra sağalır.
Dabaq iqtisadi itkilərə, o cümlədən heyvandarlıqda ət və süd məhsuldarlığının azalmasına gətirib çıxarır. Xəstəliyə nəzarət və onun aradan qaldırılması tədbirlərinə sərf olunan vəsait, həmçinin heyvan mənşəli məhsulların ixrac və idxal prosesinə tətbiq olunan məhdudiyyətlər dabaq xəstəliyinin yayıldığı ölkənin iqtisadiyyatına böyük zərər vurur. Bu səbəbdən də heyvanların və insanların dabaq xəstəliyindən qorunması, əhalinin heyvan mənşəli təhlükəsiz qida məhsulları ilə təmin olunması üçün təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına və qida təhlükəsizliyi tələblərinə əməl olunması mühüm önəm daşıyır.
Sonda qeyd edək ki, bölgələrimizdə heyvanlar arasında dabaq xəstəliyinin yayılmasının qarşısının alınması ilk günlərdən diqqətdə saxlanılıb. Qida Təhlükəsizliyi Agentliyi və Kənd Təsərrüfatı Nazirliyi ölkə üzrə profilaktik tədbirləri gücləndirib. Təsərrüfatlarda baytarlıq nəzarəti və monitorinqlərin keçirilməsi mütəmadi xarakter alıb. Kənd Təsərrüfatı Nazirliyi hazırda bu xəstəliyin təhlükə riskinin azaldığını bildirib. Xəstəliklə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev isə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının müvafiq qərarlarına əsasən, dünyada və regionda müşahidə olunan heyvan xəstəlikləri ilə bağlı dövri qiymətləndirmələr aparıldığını vurğulayıb. Eyni zamanda, Cənubi Qafqaz regionuna daxil olan bir sıra ölkələrdə xüsusi təhlükəli heyvan xəstəliklərinin yayılma riskinin mövcudluğunu da xatırladıb.
Qalib Əbdüləliyevin sözlərinə görə, respublikamızda da endemik xarakter daşıyan xüsusi təhlükəli heyvan xəstəlikləri mövcuddur. Buna görə həm ölkəmizi xaricdən keçə biləcək xəstəliklərdən qorumaq, həm də ölkə daxilində mövcud xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə müvafiq məhdudlaşdırıcı tədbirlərin həyata keçirilməsi diqqətdə saxlanılır.
Respublikanın baş dövlət baytarlıq müfəttişinin sözlərinə görə, ölkədə heyvan kəsiminin mövcud normativ tələblərə uyğunlaşdırılması, müasir tipli kəsim məntəqələrinin yaradılması və qanunsuz kəsim hallarının qarşısının alınması məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nəzarət tədbirləri həyata keçirilir. Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə mütəmadi şəkildə heyvan kəsimi və ət satışı məntəqələrində birgə reydlər təşkil olunur. Aşkarlanan pozuntularla bağlı qanunvericiliyə uyğun tədbirlər görülür, kəsim fəaliyyəti ilə məşğul olan şəxslərə mövcud qaydalar izah edilir və heyvanların yalnız mərkəzləşdirilmiş, müasir kəsim məntəqələrində kəsilməsi barədə icrası məcburi göstərişlər verilir.
Xatırladaq ki, ət məhsullarının baytarlıq ekspertizası aparılmadan satışa çıxarılması qanunla qadağandır. Ət və ət məhsullarının satışı yalnız baytarlıq arayışı və baytarlıq şəhadətnaməsi kimi müşayiətedici sənədlər əsasında həyata keçirilməlidir.
Akif NƏSİRLİ,
qida mütəxəssisi
Son günlər ölkə regionlarında dabaq xəstəliyinin yayılması müşahidə olunur. Bu, fermerlər arasında ciddi narahatlıq yaradır. Hazırda aidiyyəti qurumlar tərəfindən xəstəliyin qarşısını almaq üçün müəyyən profilaktik tədbirlər həyata keçirilir.
Dabaq yoluxucu virus xəstəliyidir və əsasən iribuynuzlu heyvanlarda (inək, camış), xırdabuynuzlu heyvanlarda (qoyun, keçi) və donuzlarda rast gəlinir. Azərbaycanda da çox vaxt şimal bölgələrində yayılması müşahidə olunur.
Xəstəliyin fəsadlarından danışarkən, qeyd edə bilərik ki, bu, ilk növbədə, özünü məhsuldarlığın kəskin azalmasında göstərir. Belə ki, xəstəlik yayılan təsərrüfatlarda süd verimi 50–70 faiz aşağı düşür. Ağız boşluğunda, dırnaqlarda və bəzən cinsiyyət orqanlarında əmələ gələn yaralar heyvanın yem yeməsini, hərəkətini çətinləşdirir. Bala heyvanlar çox vaxt xəstəliyə tab gətirmir. Həm məhsuldarlıq itkisi, həm də ticarət məhdudiyyətləri (xəstəlik olan ərazidən canlı heyvan ixracına qadağa qoyulur) kənd təsərrüfatına ciddi ziyan vurur.
Xəstəlikdən qorunmanın ən səmərəli yolu vaksinasiyadır, davamlı peyvənd kampaniyalarının aparılmasıdır. Eyni zamanda, tövlələrin, alətlərin, nəqliyyat vasitələrinin dezinfeksiyasının həyata keçirilməsi, yoluxmuş və yoluxma şübhəsi olan təsərrüfatların dərhal təcrid olunması zəruridir.
Dabaq xəstəliyində xüsusi bir müalicə yoxdur, əsasən simptomatik yardım (ağız və dırnaqlardakı yaraların təmizlənməsi, antiseptiklər, vitaminlər) göstərilir. Xəstəlik xəstə heyvanların ifrazatları ilə çirklənmiş yem, su, qulluq əşyaları, çiy süd və ondan hazırlanmış məhsullar, xəstə heyvanın çiy əti, gəmiricilər, həşəratlarla yayılır.
Heyvan ətinin dabaq olub-olmadığını istifadə zamanı bilmək asandır. Belə ki, ət kəskin, turşumuş və ya çürük qoxu verirsə, boz, yaşıl, sarımtıl və ya tünd rəngə çalırsa, üzərində ləkələr, qan laxtaları və ya qəribə rəng dəyişiklikləri varsa, yapışqanlı və seliklidirsə, deməli, bu, dabaq heyvanın ətidir. Ona görə də veterinar möhürü olmayan və ya güvənilməyən qəssabdan ət alınmaması məsləhətdir.
Asim VƏLİYEV,
qida mütəxəssisi
Hazırda iri və xırdabuynuzlu heyvanlarda dabaq xəstəliyinin yayılması ilə bağlı ciddi narahatlıq yaşanır. Çünki bu, mal-qara, qoyun, keçi, donuz və digər dırnaqlı heyvanlarda rast gəlinən çox yoluxucu və təhlükəli bir xəstəlikdir. O, yüksək hərarət, ağız və dırnaq nahiyəsində yaralar, heyvanlarda tüpürcək axması kimi əsas əlamətlərlə diqqət çəkir. Ən təhlükəli məqam isə yoluxmuş heyvandan əldə olunan məhsullardır. Ət və süd insan sağlamlığı üçün risk yarada bilər. Çiy və ya yarıbişmiş ət yeyərkən, pasterizə olunmamış süd və süd məhsulları qəbul edilərkən, eləcə də xəstə heyvanla birbaşa təmasda olarkən dabaq xəstəliyinin keçmə etimalı çoxdur.
Bu xəstəlikdən qorunmaq üçün ət yalnız baytarlıq nəzarətindən keçən mənbələrdən alınmalıdır. Küçə kənarında satılan ətlər təhlükəlidir. Eləcə də ət bişirilərkən içərisi tam bişməlidir. Yarıbişmiş və ya çiy ət yeyilməməlidir. Yüksək temperatur dabaq virusunu məhv edir. Süd və süd məhsulları yalnız pasterizə olunan və ya yaxşı qaynadılan formada qəbul edilsə, riski minimuma enər. Çiy süd və ondan hazırlanan məhsullar ciddi risk yaradır. Daha sonra xəstə heyvanla təmasdan uzaq olmaq vacibdir. Zəruri hallarda əlcək və maskadan istifadə edilməsi diqqətdə saxlanılmalıdır. Ətin doğrandığı bıçaq və taxtaları da ayrı saxlamaq, başqa qidalar üçün istifadə etməmək vacibdir.
Vaqif BİNYATOĞLU
XQ



