Türk Tarix Qurumunun direktoru: “AMEA ilə əməkdaşlığımız Türk dünyasının elmi birliyinə mühüm töhfə verir”

post-img

Türk Tarix Qurumu ilə AMEA, o cümlədən Akademiyanın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutu arasında sıx əməkdaşlıq əlaqələri qurulub. Bu tərəfdaşlıq çərçivəsində Türkiyə və Azərbaycan arasında mədəni və tarixi münasibətlərin genişləndirilməsi istiqamətində mühüm birgə layihələr həyata keçirilir. Bu əməkdaşlığın son nəticələrindən biri kimi Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Başlanğıcdan günümüzə Türkiyə-Azərbaycan əlaqələri” adlı kitab işıq üzü görüb. Hazırda isə tərəflər Azərbaycan xanlıqları ilə bağlı birgə kitabın hazırlanması üzərində çalışırlar.

Bu sözləri AMEA-nın 80 illik yubiley tədbiri ilə əlaqədar ölkəmizdə səfərdə olan Türk Tarix Qurumunun direktoru professor Yüksel Özgen açıqlamasında bildirib.

Professor Yüksel Özgen  qeyd edib ki, AMEA-nın 80 illik yubileyi Azərbaycan elminin zəngin inkişaf yoluna, milli intellektual irsin qorunmasına və ölkəmizin beynəlxalq elmi nüfuzunun möhkəmlənməsinə dəyərli töhfə verən əlamətdar hadisədir.

Türk Tarix Qurumunun direktoru vurğulayıb ki, Türk dünyasının Arxeologiya institutlarının direktorlarının iştirakı ilə Ankarada keçirilən görüş Türk dünyası ölkələri arasında elmi və mədəni əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir. O, bu istiqamətdə AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin fəaliyyətini yüksək qiymətləndirərək alimin Türk dünyası elmi birliyinin inkişafında göstərdiyi xidmətləri xüsusi qeyd edib.

Professor Yüksel Özgen 2026-cı ilin aprel ayında Türk Tarix Qurumunun 95 illik yubiley tədbirinin keçiriləcəyini bildirib, bu çərçivədə AMEA ilə əməkdaşlığın daha da dərinləşdirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.

XQ

Elm