Türkiyədə İŞİD-lə əlaqəli 300 nəfər saxlanılıb

post-img

Türkiyə hökuməti İslam Dövləti (İD) ilə əlaqədə şübhəli bilinən 304 nəfəri saxlayıbş Bu barədə Türkiyənin Daxili İşlər naziri Əli Yerlikaya bildirib. Məlumatı “interfaks.ru” verib. 

“İŞİD terror təşkilatına qarşı “Qəhrəmanlar-34” əməliyyatı zamanı 32 əyalətdə 304 nəfər saxlanılıb”, - deyə Qərb mediası nazirin sözlərini sitat gətirib: “Təhlükəsizlik qüvvələrimizin fəal səyləri sayəsində mübarizəni davam etdirəcəyik”.

Yerlikaya əlavə edib ki, həbslərin əksəriyyəti Ankara, İstanbul və İzmirdə həyata keçirilib.

Oktyabrın 1-də Ankarada Türkiyə Daxili İşlər Nazirliyinin Baş Təhlükəsizlik İdarəsi yaxınlığında törədilən terror aktından sonra Türkiyə hakimiyyəti İD və kürd qüvvələrinin üzvlərinə qarşı əməliyyatları gücləndirib. Hücuma görə məsuliyyəti Türkiyədə terror qruplaşması hesab edilən Kürdüstan Fəhlə Partiyasının (PKK) üzvləri öz üzərlərinə götürüblər.

Bundan sonra Türkiyədə PKK-ya qarşı tədbirlər çərçivəsində onlarla insan saxlanılıb. Türkiyə Hərbi Hava Qüvvələri Şimali İraqın dağlarında PKK sığınacaqlarına hücum edib, Suriyaya da hava zərbələri endirilməsi xəbərləri yayılıb.

Ankara bəyan edib ki, Suriya və İraqda PKK-nın nəzarətində olan istənilən infrastruktur və enerji obyekti Türkiyə ordusunun qanuni hədəfləridir.

 

P.ƏMİRCANOV

XQ

Dünya