Dini fırıldaqçılıq və məğlubların növbəti antisülh oyunu

post-img

Yaxud dinsizlərin saxta müqəddəslik sığınacağı barədə bir neçə söz

Məsələnin qoyuluşu konkretdir: Azərbaycanla Erməntan arasında sülhü istəməyən qüvvələr mənəvi məsələlər üzərində spekulyasiyaya baş vurublar. Yəni onlar məqsədlərinə çatmaq üçün hər istiqamət üzrə çalışdıqları kimi, bu sahəni də boş qoymurlar. Amma durumun xüsusi tərəfi var.

Mahiyyət budur ki, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti və onun ətrafındakı yeddi rayon Ermənistan tərəfindən işğal olunmuş və işğal 30 ilə yaxın davam etmişdi. BMT Təhlükəsizlik Şurasının təcavüzü pisləyən, erməni qoşunlarının dərhal əraziləri tərk etməsinə çağıran 4 qətnaməsi, eləcə də digər xarici qurumların çoxsaylı sənədləri fikrimizin sübutudur. 2020-ci ilin 44 günlük müharibəsində isə Azərbaycan nəinki haqqı çatanı özünə qaytardı, eyni zamanda, beynəlxalq hüququ bərpa etdi.

Hazırda ölkəmiz işğaldan azad olunmuş torpaqlarda geniş bərpa-quruculuq işləri aparır. Nəticədə yeni tikililər inşa olunmaqla yanaşı, köhnələri bərpa olunur. O cümlədən müqəddəs yerlər də. O yerlər ki, həqiqətən tarixi əhəmiyyəti daşıyırlar. Bəribaşdan deyək ki, Xankəndidə 2006-cı ildə tikilmiş bir kilsə bu mənada fərqlənmir və fərqlənə bilməz.

Ümumən, Azərbaycan dövləti tərəfindən dünyanın mədəni irs siyashısında yer alan heç bir ziyarətgah və dini məbəd sökülmür və belə bir halın yaşanması əsla mümkün deyil. Əgər hansısa tarixi tikilini, yaxud dini abidəni dağıtmaq niyyəti olsaydı, ilk növbədə, Bakının mərkəzindəki erməni kilsəsi yerlə-yeksan edilərdi.

Bəli, hazırda Ermənistan müxalifəti, habelə onun xaricdəki, xüsusən Rusiyadakı havadarları Qarabağdakı erməni mədəni mirasının, müqəddəs yerlərinin dağıdıldığına dair vay-şivən qaldırıblar. Daha doğrusu, həmişə işə saldıqları ritorikaya yenidən baş vurublar. Məsələn, Rusiyanın Erməni İttifaqı adlandırılan təşkilat yekə bir bəyanat yayıb.

Əlbəttə, bəyanat müəllifi olan, Rusiyanın Cənubi Qafqazdakı jandarm varlığını saxlamasını arzulayan xəstə təfəkkür sahiblərinin dirijor çubuğu ilə idarə olunan sərsəm düşüncəli şovinistlərin hansı məqamları qabartdıqları önəmli deyil. Çünki belələrinin aydın məqsədi var. Məqsədi lap əvvəldə vurğuladıq, həmçinin məsələnin digər xüsusi tərəfinin olduğunu diqqətə çatdırdıq. Keçək məhz həmin tərəfə.

***

Məlumdur ki, Ermənistan iqtidarı ölkədəki kilsə amilinə zərbə vurmaqdadır. O amilə ki, sanki qara yaraya çevrilib. Proses artıq neçə illərdir davam edir. Ancaq hazırda, bir növ, bıçaq sümüyə dirənib. Çünki baş nazir Nikol Paşinyan və komandasının üzvləri yaxşı bilirlər ki, müxalif qüvvələrin dayağı kilsədir.

Tarix göstərir ki, erməni kilsəsi yalnız ruhani missiya ilə məhdudlaşmayıb, siyasətə, daha doğrusu, terrora və məkrə bulaşıb. Onun mahiyyətində dayanan budur. Hazırda Paşinyana qarşı çıxanlar həmin məkr düşüncəsini yayanlardır. Yəni kilsə məhz belələrinin tapındıqları istinadgahdır. Axı bəzən vətənpərvərlik alçaqların son sığınacağı olur. İndiki durumda din də hay siyasi populistlərinin istinadgahıdır. Halbuki, onların ruhaniyyətdən və bəşəri dəyərlərdən çox-çox uzaq olduqlarının sübuta ehtiyacı yoxdur.

Sözümüz ondadır ki, erməni iqtidarının antikilsə kursunda bəlli, özü də aşkar motiv var. Paşinyan və tərəfdarları “qara yaranı” kəsib atmaq istəyirlər. Müxalifət isə Nikolu, az qala, dinin düşməni qiyafəsində təqdim edir və müvafiq olaraq, onu Ermənistanın mənəvi dəyərlərinə, adət-ənənələrinə xəyanətdə günahlandırır. Beləliklə, əks düşərgə iqtidarı sadə, inanclı hayların gözündən salmaq yolu tutur və hesab edir ki, bu ritorika ona seçkidə uğur qazandıracaq.

Ancaq sözügedən ritorikanı, belə demək mümkünsə, qüvvətləndirmək lazımdır. Bu yerdə dövriyyəyə “Azərbaycanın erməni mədəni irsinə təcavüzü” nağılı girir. Deməli, bütün daşlar yerinə oturur. Tam əminliklə deyə bilərik ki, hazırda sözügedən nağıl həm də sülh yolunda olan Paşinyan iqtidarını qarşıdan gələn parlament seçkilərində zəif salmaq məqsədi daşıyır. Təxminən belə: baş nazir erməni kilsələrini dağıdan Azərbaycanla barış istəyir və bu şəxsin seçki qalibi olmasına imkan tanımaq yolverilməzdir.

Hay müxalifəti və onun xaricdəki havadarları hesab edirlər ki, bu cür təbliğat aparmaqla inanclı elektoratı iqtidardan üz döndərmək mümkündür. Yanaşmanın nə dərəcədə uğur qazandıracağını zaman göstərəcək. Amma uğura spektik yanaşılmasını zəruri edən bəzi məqamlar var. Məsələ ondadır ki, erməni cəmiyyəti həqiqəti görür və kilsənin hazırkı stukturunun təmsilçilərindən diksinir. Eynilə ölkənin keçmiş prezdentləri Robert Koçaryandan və Serj Sarkisyandan diksindiyi kimi. Fikrimizin çoxsaylı sübutları var...

***

Dünya da həqiqəti görməlidir. Elə başlıca prinsipi də. Prinsip isə budur ki, öz torpaqlarında abadlıq və quruculuq işləri aparan Azərbaycan dövləti tarixi və dini mahiyyət daşıyan abidəni yox, təməlində erməni separatizminə dəstək kimi sərsəm ideoloji motiv dayanmış bütün tikililəri yelə bir edəcək. Üstəlik, daha bir prinsip var. Azərbaycan hakimiyyəti ölkənin ərazilərində inşası özü ilə razılaşdırılmadan ərsəyə gəlmiş bütün tikililəri sökmək səlahiyyətinə malikdir. Heç kəs separatçılardan kilsə, məbəd, bina yaxud nə isə qondarmağı xahiş etməmişdi, özbaşınalıq isə yolverilməzdir. Hər şey bu qədər sadədir.

Digər tərəfdən, bu gün Azərbaycanı qınayanlar çox da uzaq olmayan keçmişə nəzər salmalıdırlar. Daha doğrusu, güzgüyə baxıb özlərini görməlidirlər. Nəzərə almalıdırlar ki, işğal illərində azərbaycanlılara məxsus məzarlıqları sistemli şəkildə təhqir edənlər onlar olmuşdular. Ağdamda, Füzulidə, Zəngilanda, Kəlbəcərdə və Cəbrayılda onlarla qəbiristanlıq dağıdılmış, qəbirlər qazılıb, daşlar oğurlanmışdı. Bundan başqa, bəzi məscidlər donuz və ya inək saxlanılan yerlərə çevrilmişdi ki, bu, dini təhqirin ən ağır formasıdır. Həmçinin işğal illərində alban məbədlərinin mənimsənilməsi və saxtalaşdırılması aparılmış, bu məbədlər erməniləşdirilmiş, onların orijinal izləri silinmiş və ya dəyişdirilmişdi. Yəni yaxşı olar ki, bəziləri vay-şivən qaldırmaqdansa, bar-bar bağırmaqdansa, məhz bu reallığı düşünsünlər.

Sonda bir məqamı da diqqətə çatdıraq. Zaman-zaman erməni iqtidarı və ona yaxın çevrələr tərəfindən Azərbaycanın Qarabağda və digər yerlərdə erməni mədəni və dini mirasını məhv etdiyinə dair təbliğat aparılıb. Hətta bir vaxtlar məsələyə dair beynəlxalq məhkəmələrə müraciətlərin edildiyini də görmüşük. Rəsmi İrəvan istəyib ki, beynəlxalq məhkəmə, tutalım, Ağdamdakı hansısa tikilini erməni abidəsi olaraq təsdiqləsin. Aydın idi ki, bu gediş perspektivə hesablanmışdı. Axı sadə məntiq var: torpaq üzərindəki tikili ermənilərə məxsusdursa, həmin torpağa da iddia etmək mümkündür.

Hazırda Paşinyan iqtidarı bu sayaq ritorikadan uzaqdır. Ona görə uzaqdır ki, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır, tanımaqdan başqa yolu yoxdur. Erməni müxalifəti və havadarlarının Qarabağdakı erməni mədəni irsi oyununun mahiyyətində isə ərazi iddiası dayanır. Deməli, bir daha aydın olur ki, bu qaragüruh hakimiyyətə gəlsə, müharibə qaçılmazdır.

Ə.RÜSTƏMOV
XQ

Siyasət