Kitab sərvətimiz misilsiz mənəvi xəzinədir

post-img

“Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası respublikanın mədəni quruculuq sahəsindəki perspektiv inkişaf xəttini formalaşdıran, dövlətin mənəvi, ictimai və elmi potensialının yüksəldilməsinə xidmət edən fundamental strateji proqramdır. Bu konseptual sənəd, sadəcə, sahəvi islahatları deyil, ümumilikdə, cəmiyyətin struktur etibarilə yenilənməsini və təkmilləşməsini nəzərdə tutan milli inkişaf platforması mahiyyəti daşıyır.

Konsepsiyada əksini tapan məsələlər sırasında Azərbaycan dili, davranış mədəniyyəti, ədəbiyyat, incəsənət, mədəni irs kimi mədəniyyətin əsas sahələri də var. Sənədin 4-cü bəndində ədəbiyyat və incəsənətlə bağlı çağırışlardan bəhs edir. Bu çağırışlar içərisində 4.4-cü bənd “kitabxana sistemində nəticələrə hesablanmış yeni idarəetmə və maliyyələşdirmə modellərinin yaradılması, infrastrukturun təkmilləşdirilməsi və xidmətlərin keyfiyyətinin artırılması”na həsr olunmuşdur. Müddəa kitabxana-informasiya sahəsinin müasir inkişaf istiqamətlərini əks etdirən kompleks və çoxşaxəli strateji yanaşmanı ifadə edir.

Bu fikir, ilk növbədə, kitabxana fəaliyyətinin ənənəvi idarəetmə modelindən uzaqlaşaraq nəticəyönümlü və səmərəliliyə əsaslanan idarəetmə sisteminə keçidi nəzərdə tutur. Belə yanaşma idarəetmədə fəaliyyətin formal icrasından daha çox əldə olunan real nəticələrin, oxucu məmnunluğunun, informasiya xidmətlərinin effektivliyinin və resurslardan istifadə səviyyəsinin qiymətləndirilməsini ön plana çıxarır. Bu isə kitabxanaların cəmiyyətin informasiya tələbatına daha çevik və adekvat reaksiya verən sosial institutlara çevrilməsini şərtləndirir.

Konsepsiyada vurğulanan yeni maliyyələşdirmə modelləri kitabxana sisteminin iqtisadi əsaslarının möhkəmləndirilməsinə xidmət edir. Müasir dövrdə kitabxanaların yalnız dövlət büdcəsindən asılı vəziyyətdə fəaliyyət göstərməsi onların inkişaf imkanlarını məhdudlaşdırır. Bu baxımdan, çoxmənbəli maliyyələşdirmə mexanizmlərinin tətbiqi, o cümlədən qrant layihələri, beynəlxalq əməkdaşlıq proqramları, sponsorluq və innovativ xidmətlər vasitəsilə əlavə vəsaitlərin cəlb edilməsi kitabxanaların maliyyə dayanıqlılığını artırmaqla yanaşı, onların fəaliyyətində rəqabət qabiliyyətini də gücləndirir. Belə yanaşma kitabxana sisteminin bazar iqtisadiyyatı şəraitinə uyğunlaşmasını və daha çevik idarə olunmasını təmin edir.

Müddəada xüsusi yer tutan infrastrukturun təkmilləşdirilməsi məsələsi isə kitabxana fəaliyyətinin maddi-texniki və texnoloji bazasının yenilənməsini əhatə edir. Burada söhbət yalnız kitabxana binalarının müasirləşdirilməsindən deyil, həm də informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqindən, elektron kataloqların, rəqəmsal kitabxanaların və avtomatlaşdırılmış idarəetmə sistemlərinin yaradılmasından gedir. İnfrastrukturun bu şəkildə inkişafı informasiya resurslarına çıxış imkanlarını genişləndirir, xidmətlərin operativliyini artırır və ölkənin qlobal informasiya məkanına inteqrasiyasını sürətləndirir.

Digər mühüm aspekt isə xidmət keyfiyyətinin artırılması ilə bağlıdır ki, bu da kitabxana fəaliyyətində istifadəçiyönümlü yanaşmanın gücləndirilməsini nəzərdə tutur. Müasir kitabxana yalnız informasiya saxlayan məkan deyil, eyni zamanda, biliklərin yayılması, sosial ünsiyyətin təşkili və mədəni inkişafın təmin edilməsi funksiyalarını yerinə yetirən dinamik mərkəzdir. Bu baxımdan xidmətlərin keyfiyyətinin yüksəldilməsi oxucuların fərdi ehtiyaclarının nəzərə alınması, yeni xidmət formalarının tətbiqi, rəqəmsal xidmətlərin genişləndirilməsi və kitabxanaçıların peşəkar səviyyəsinin artırılması ilə sıx bağlıdır.

Beləliklə, qeyd olunan müddəa kitabxana sistemində paralel şəkildə idarəetmə, maliyyələşdirmə, infrastruktur və xidmət sahələrində kompleks islahatların həyata keçirilməsini nəzərdə tutur. Bu yanaşma kitabxanaların yalnız mədəni irsin qorunması funksiyasını deyil, həm də informasiya cəmiyyətinin tələblərinə cavab verən, innovativ və dayanıqlı inkişaf edən institutlara çevrilməsini təmin edir.

Nəticə etibarilə, bu müddəa Azərbaycanın mədəniyyət siyasətində kitabxana sahəsinin modernləşdirilməsinə yönəlmiş konseptual və strateji baxışın ifadəsi kimi çıxış edir.

Konsepsiyanın “Gözlənilən nəticə və nəticə indikatorları” yarımbölməsində qeyd olunur: “Kitabxanaların fəaliyyəti təkmilləşdiriləcək, o cümlədən fiziki və rəqəmsal kitabxana resursları zənginləşdiriləcəkdir”. Müddəa müasir kitabxana-informasiya sisteminin inkişaf istiqamətlərini əks etdirən mühüm konseptual yanaşmanı ifadə edir. Bu fikir kitabxana fəaliyyətinin yalnız ənənəvi çərçivədə deyil, həm də innovativ və texnoloji əsaslar üzərində yenidən qurulmasını nəzərdə tutur. İlk növbədə, “kitabxanaların fəaliyyətinin təkmilləşdirilməsi” ifadəsi bu sahədə struktur, funksional və təşkilati dəyişikliklərin həyata keçirilməsini ehtiva edir.

Bu, kitabxanaların idarəetmə mexanizmlərinin yenilənməsi, xidmət spektrinin genişləndirilməsi və istifadəçiyönümlü fəaliyyət modelinin gücləndirilməsi kimi aspektləri özündə birləşdirir. Müasir dövrdə kitabxanaların fəaliyyəti yalnız fondların qorunması və təqdim olunması ilə məhdudlaşmır, eyni zamanda, informasiya mübadiləsinin təşkili, elmi-kommunikasiya proseslərinin dəstəklənməsi və biliklərin yayılması kimi funksiyaları da əhatə edir. Bu baxımdan təkmilləşdirmə prosesi kitabxanaların cəmiyyətin intellektual inkişafında daha fəal rol oynamasına şərait yaradır.

Burada xüsusi vurğulanan “fiziki və rəqəmsal kitabxana resurslarının zənginləşdirilməsi” isə kitabxana fondlarının ikili strukturda inkişaf etdirilməsini nəzərdə tutur. Fiziki resursların zənginləşdirilməsi ənənəvi çap məhsullarının – kitabların, jurnalların, arxiv materiallarının və digər informasiya daşıyıcılarının say və keyfiyyət baxımından artırılması ilə bağlıdır. Bu, milli-mədəni irsin qorunması, elmi və bədii ədəbiyyatın sistemli şəkildə toplanması və oxucuların müxtəlif informasiya ehtiyaclarının təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir.

Eyni zamanda, rəqəmsal resursların zənginləşdirilməsi kitabxana fəaliyyətində keyfiyyətcə yeni mərhələnin göstəricisidir. Bu, elektron kitabxanaların yaradılması, rəqəmsal kolleksiyaların formalaşdırılması, elektron kataloqların inkişafı və onlayn informasiya xidmətlərinin genişləndirilməsi kimi istiqamətləri əhatə edir. Rəqəmsal resursların artırılması informasiyaya məkan və zaman məhdudiyyəti olmadan çıxışı təmin edir, istifadəçi auditoriyasını genişləndirir və kitabxanaların qlobal informasiya mühitinə inteqrasiyasını sürətləndirir.

Bu iki istiqamətin – fiziki və rəqəmsal resursların paralel inkişafı kitabxana sistemində balanslı və davamlı inkişaf modelini formalaşdırır. Belə ki, fiziki resurslar milli yaddaşın və mədəni irsin qorunmasını təmin etdiyi halda, rəqəmsal resurslar bu irsin daha geniş auditoriyaya çatdırılmasını və müasir texnoloji mühitdə istifadəsini mümkün edir.

Bu müddəa özlüyündə kitabxana fəaliyyətinin modernləşdirilməsinə yönəlmiş strateji baxışdır və bu sahədə həm ənənəvi, həm də innovativ komponentlərin inteqrasiyası əsasında inkişafın təmin edilməsini nəzərdə tutur. Bu yanaşma kitabxanaların informasiya cəmiyyətində rolunun gücləndirilməsinə, onların sosial və mədəni funksiyalarının daha səmərəli şəkildə həyata keçirilməsinə xidmət edir.

Bu yanaşma sübut edir ki, müasir dünyada dövlətlərin gücü yalnız makroiqtisadi göstəricilər və ya hərbi qüdrətlə deyil, həm də cəmiyyətin informasiya resurslarına çıxış imkanları və bu resurslardan səmərəli istifadə mədəniyyəti ilə ölçülür. Bu kontekstdə kitabxanalar artıq sadəcə kitab saxlanılan statik məkanlar deyil, milli inkişafın intellektual mühərriki, strateji bilik mərkəzləri kimi çıxış edir. Bilgi mədəniyyətinin mərkəzində dayanan müasir kitabxana şəbəkəsi cəmiyyətin innovasiyalara adaptasiyasını sürətləndirən, eyni zamanda, milli-mənəvi irsi rəqəmsal yaddaşa köçürərək qoruyan ən mühüm platformadır. Kitabxanaların rəqəmsal transformasiyası və canlı bilik məkanı konsepsiyasına keçidi Azərbaycanın qlobal rəqabətdə intellektual üstünlüyünü təmin edəcək əsas amildir.

“Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası çərçivəsində yenidən formalaşan kitabxana sistemi gələcəyin intellektual cəmiyyətini quran mənəvi fundamentdir. Bu strateji sənəd kitabxanaların funksional hüdudlarını genişləndirərək, onları bilginin istehsal olunduğu və paylaşıldığı dinamik ekosistemlərə çevirir. Konsepsiyanın uğurla icrası 2040-cı ilə qədər Azərbaycanın kitabxana şəbəkəsini yüksək texnoloji imkanlara malik, etik dəyərlərin və elmi təfəkkürün rəhbər tutulduğu bir bilgi mədəniyyəti mərkəzinə çevirəcək. Bu yolda müasir kitabxanalar bizim intellektual bələdçimiz, milli fondundakı zəngin irsimiz isə dövlətçilik təfəkkürümüzün möhkəm dayağıdır.

Şəhla TAHİRQIZI,
filologiya üzrə fəlsəfə doktoru, dosent

Mədəniyyət