Klarnet ifaçılığının Şəmsi zirvəsi

post-img

Sosial şəbəkələrdə ustad klarnet ifaçısı, ifaçılıq sənətində öz dəst-xəttini yaratmış Vaqif Mirzəyevin bir söhbəti rastıma çıxdı. Şəmsi İmanovdan danışırdı. O Şəmsi İmanovdan ki, öz ifaları ilə yaddaşlarda silinməz iz qoyub. Vaqif Mirzəyev deyir ki, Şəmsi İmanov nadir klarnet ifaçısı olub. Belə sənətkarlar az-az yetişir.

Xəyal məni uşaqlıq illərinə aparıb çıxardı. Bakı kəndlərində mağar toyları olardı, bu toylar sübh açılana qədər çəkərdi. O toyların səsi-sədası uzun müddət qulaqlardan çəkilməz, yaddaşlardan silinməzdi. Şəmsi İmanov o məclislərin yaraşığı idi, onun klarnetinin səsi yeri-göyü lərzəyə gətirərdi. Klarnet sanki bülbül kimi cəh-cəh vururdu. Nağılçılar sözü, ruzigarın gözü belə sədalar eşitməmişdi.

Şəmsi klarnetin dərvişi idi. Bu alət, onun üçün səmaya bir nərdivan idi. Barmaqlarıyla qalxırdı o nərdivanı. O, klarnetin Səttar Bəhlulzadəsi idi...

Bir gün barmaqları ondan üz döndərdi. O, daha klarnetə nəfəs verə bilmədi. Əziz dostundan – klarnetdən ayrı düşmək onu damla-damla əridirdi. Bu məhrumiyyət rahatlığını əlindən alır, həyatı onun gözündə cəhənnəm əzabına çevirirdi. Vaxt gələcəkdi, bu amansız hökmlə barışacaq, taleyə verdiyi bütün sualların ağzını birdəfəlik möhürləyəcəkdi... O, diri ikən özünü klarnetin səsində dəfn etmişdi...

Atamı ilk və son dəfə Şəmsinin “Vağzalı”sına qulaq asanda ağlayan görmüşəm. “Klarneti bir də heç kim bu cür dilləndirə bilməyəcək”. Atamın dilindən qopan bu təəssüf nidası hələ də qulaqlarımdan çəkilməyib. Atam bu səsi qucaqlayıb ağlayırdı. Çox sonralar bildim ki, kişi həmin gün Şəmsi İmanovun ölüm xəbərini alıbmış. Bu məşum xəbəri ona əvəzolunmaz nağara ifaçısı Gülağa Quliyev çatdırmışdı. O üzüntülü yay gecəsi atam maqnitofonun düyməsini dəfələrlə geri fırladıb o möcüzəli avazları dinlədi. Klarnet, doğrudan da, bülbül kimi cəh-cəh vururdu. Sanki külək də bu səsdən məst olub çöldə qıvrıla-qıvrıla qalmışdı. O gün uşaq yaddaşımda belə qalıb.

Atam Bakı toylarında Şəmsinin ifasını çox dinləmişdi, onunla yaxın ünsiyyəti vardı. Əmim Məzahirin toyunu o, idarə etmişdi. Həmin toy Şəmsinin misilsiz ifaları ilə yadda qalmışdı. “Sən bir görəydin Şəmsi o toyda nə oyunlar çıxarırdı. Klarnet yerlə-göylə əlləşirdi”. Bu heyranlıq dolu sözlər də atamın xatirə mücrüsündən səslənmişdi.

Ömrünün son illərində Şəmsi İmanovun barmaqları yoruldu, o ağırlığa, o ağrılara tab gətirmədi. Amma uzun illər möcüzələr yaratdı o barmaqlar... İndi mən o havaları dinlədikcə, sehrkar barmaqların açıldığını, yenə də möcüzələr yaratmaqda davam etdiyini görürəm. O, Şəms kimi musiqinin üfüqlərində yenidən doğulur... Barmaqlarından süzülən ecazkar havalar həmişə olduğu kimi, qəlbləri isidir, ehtizaza gətirir...

Kənan HACI

Mədəniyyət