Belə içkilər uşaqların sağlamlığı üçün ciddi təhlükə törədir
Müasir dövrdə gənc və yeniyetmələrin energetik içkilərə meyillərinin artması müşahidə olunur. Parlaq qablaşdırma, cəlbedici reklamlar və “enerji verən” vədlər bu məhsulları uşaqlar üçün də cəlbedici edir. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, bu içkilər, sadəcə, müvəqqəti enerji hissi yaratmaqla kifayətlənmir, eyni zamanda, sağlamlıq üçün ciddi təhlükə doğurur.
Aparılan beynəlxalq araşdırmalar göstərir ki, yeniyetmələrin, təxminən, 30–50 faizi energetik içkilərdən istifadə edir və bu göstərici problemin geniş yayıldığını təsdiqləyir. Eyni zamanda, kofein tərkibli məhsullarla bağlı zəhərlənmə hallarının əhəmiyyətli hissəsi məhz 18 yaşdan aşağı şəxslərin payına düşür ki, bu da məsələnin ciddiliyini daha da artırır.
Enerji içkilərinin istifadəsi ilə bağlı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı da narahatlığını ifadə edən məlumat yayıb. Ombudsmanın apardığı monitorinqlər göstərib ki, energetik içkilərin yetkinlik yaşına çatmayanlar tərəfindən istifadəsi geniş yayılıb və satış zamanı yaş məhdudiyyətlərinə kifayət qədər nəzarət olunmur.
Xüsusilə vendinq aparatlarında və pərakəndə satış məntəqələrində bu mexanizmlər, faktiki olaraq, tətbiq edilmir. Bu vəziyyət uşaqların sağlamlığına mənfi təsir göstərir və onların konstitusion hüquqlarının qorunmasına maneə yaradır. Təhlillər mövcud qanunvericilik və nəzarət mexanizmlərinin təkmilləşdirilməsinə ehtiyac olduğunu göstərir.
Ombudsman cərimələrin artırılması, vendinq aparatlarında yaş identifikasiyası sisteminin tətbiqi və ya satışın məhdudlaşdırılması, reklam qaydalarının sərtləşdirilməsi, sağlamlıq xəbərdarlıqlarının məcburi edilməsi və maarifləndirmə kimi tədbirlərinin gücləndirilməsini təklif edir.
Bu açıqlama ilə bağlı qida üzrə mütəxəssislər də məsələni aktuallıq baxımından yüksək qiymətləndirirlər. Qida təhlükəsizliyi hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bu cür xəbərdarlıqların cəmiyyət üçün ciddi siqnal rolunu oynadığını bildirərək dedi: “Ümumiyyətlə, enerji içkilərinin 18 yaşdan aşağı şəxslərə satışı Azərbaycan qanunvericiliyinə əsasən qadağandır. Lakin təəssüf ki, praktikada bu qaydalara hər kəsin əməl etdiyini demək mümkün deyil. Xüsusilə təhsil müəssisələrinin yaxınlığında yerləşən satış nöqtələrində, marketlərdə və vendinq aparatlarında satış zamanı əksər hallarda alıcının yaşı yoxlanılmır. Bu isə enerji içkilərinin uşaqlar və yeniyetmələr üçün əlçatanlığını daha da artırır.
Mövcud vəziyyət göstərir ki, qanunvericilikdə müəyyən təkmilləşdirmələrə və cəza tədbirlərinin sərtləşdirilməsinə ehtiyac var. Bununla yanaşı, məşhur şəxslərin – idmançıların, müğənnilərin iştirakı ilə aparılan reklamların geniş yayılması da bu məhsullara marağı artırır. Bu səbəbdən reklamların məhdudlaşdırılması, xüsusilə gənclərə yönəlmiş təşviqatın qarşısının alınması və məhsullar üzərində sağlamlıqla bağlı açıq xəbərdarlıqların yerləşdirilməsi vacibdir. Eyni zamanda, bu sahədə mütəmadi maarifləndirmə işlərinin aparılması zəruridir”.
Mütəxəssisin sözlərinə görə, enerji içkilərinin tərkibində yüksək miqdarda kafein, şəkər və sintetik mənşəli maddələrin olması insan sağlamlığı üçün ciddi risklər yaradır. “Bu maddələr xüsusilə inkişaf dövründə olan uşaq və yeniyetmələrdə fiziki və əqli inkişafın ləngiməsinə, ürək-damar problemlərinə səbəb ola bilər.
Əlavə olaraq, energetik içkilərin təsiri qısamüddətli olur – qısamüddətli enerji artımından sonra kəskin enerji düşüşü baş verir ki, bu da təkrar istifadəyə meyili artırır. Bu isə zamanla həm fiziki, həm də psixoloji asılılıq yaradır.
Nəticə olaraq deyə bilərik ki, energetik içkilərin istifadəsi artıq kütləvi xarakter aldığından bu sahədə həm qanunvericilik baxımından yeniliklər edilməli, cərimə mexanizmləri sərtləşdirilməli, həm də nəzarət və monitorinq daha güclü şəkildə həyata keçirilməlidir. Bununla yanaşı, ictimai maarifləndirmə tədbirləri genişləndirilməlidir ki, xüsusilə gənc nəsil bu məhsulların potensial zərərləri barədə daha məlumatlı olsun”, - deyə M.Hüseynova vurğuladı.
Mövzu ilə bağlı həkim-pediatr Şəlalə Poluxovanın da fikirlərini öyrəndik. Pediatr energetik içkilərin uşaqlar tərəfindən istifadəsinin tibbi baxımdan tövsiyə olunmadığını və potensial zərərli olduğunu bildirdi. “Bu içkilərin tərkibində yüksək miqdarda kofein, şəkər və digər stimullaşdırıcı maddələr (taurin, guarana və s.) mövcuddur. Bu komponentlər uşaqların hələ tam formalaşmamış sinir və ürək-damar sisteminə mənfi təsir göstərə bilər.
Uşaqlarda kofeinə qarşı həssaslıq daha yüksək olduğundan, energetik içkilərin qəbulu nəticəsində əsəbilik, hiperaktivlik, yuxu pozğunluğu, diqqət zəifliyi və davranış dəyişiklikləri müşahidə oluna bilər. Bundan əlavə, bu içkilər ürək döyüntülərinin sürətlənməsi, arterial təzyiqin yüksəlməsi və ritm pozğunluqları kimi kardiovaskulyar təsirlərə səbəb ola bilər”.
Ş.Poluxova onu da əlavə etdi ki, energetik içkilərin tərkibində olan yüksək şəkərin miqdarı piylənmə, insulin müqaviməti və diş çürüməsi riskini də artırır. Araşdırmalar göstərir ki, hətta bir dəfə qəbul belə uşaqlarda qan təzyiqinin artmasına və sinir sistemi üzərində mənfi təsirlərə səbəb ola bilər.
Nəzərə almaq lazımdır ki, bu içkilər “enerji mənbəyi” deyil, yalnız qısamüddətli stimullaşdırıcı təsir göstərir və sonradan yorğunluğun daha da artmasına səbəb ola bilər. Uşaqlarda enerji ehtiyacının düzgün qarşılanması balanslı qidalanma, adekvat yuxu və fiziki aktivlik vasitəsilə təmin olunmalıdır. Xüsusilə uşaqların sağlam inkişafı baxımından energetik içkilərin istifadəsi məhdudlaşdırılmalı və valideynlər bu mövzuda maarifləndirilməlidir.
Rəsmi statistik göstəricilər və mütəxəssis rəyləri bir daha təsdiqləyir ki, bu içkilər uşaqlar üçün uyğun deyil. Uşaqlara düzgün qidalanma vərdişlərinin aşılanması, ailədə və məktəbdə sağlam həyat tərzinin təşviqi bu kimi risklərin azalmasına kömək edə bilər. Odur ki, sağlam gələcək naminə valideynlər və cəmiyyət uşaqları bu cür zərərli vərdişlərdən qorumağa çalışmalı, onların düzgün və balanslı qidalanmasına xüsusi diqqət yetirməlidir.
Nurəngiz ADİLQIZI
XQ

