Yaxın Şərq sülh və savaş arasında

post-img

Beynəlxalq medianın son məlumatları Yaxın Şərqdə qarşıdurma risklərinin diplomatik təşəbbüslərlə paralel inkişaf etdiyini göstərir. İran ətrafında artan təhlükəsizlik təhdidləri, İsrailin hərbi hazırlığını genişləndirməsi, ABŞ müdafiə strukturlarında baş verən dəyişikliklər və Tehranla müxtəlif aktorlar arasında intensivləşən diplomatik təmaslar geosiyasi mənzərənin mürəkkəbliyini daha da artırır. Bir tərəfdən Cənubi Koreya, Pakistan və regional oyunçuların gərginliyin yumşaldılmasına yönəlik mesajları ön plana çıxırsa, digər tərəfdən Livanda hərbi gərginlik, “Hizbullah”la bağlı açıqlamalar və İsrailin silahlanma qərarları yeni eskalasiya ehtimalını gündəmdə saxlayır.

“CNN”: ABŞ Müdafiə Nazirliyi Con Felanın Hərbi Dəniz Qüvvələrinin naziri vəzifəsindən istefasını elan edib. Bu barədə Pentaqon rəhbərinin kommunikasiya üzrə köməkçisi Şon Parnell "X" sosial şəbəkəsində yazıb. Felanın vəzifədən istefasının səbəbləri açıqlanmır. Hərbi Dəniz Qüvvələri naziri vəzifəsi müvəqqəti olaraq Felanın birinci müavini Hanq Kaoyə həvalə edilib. Qeyd edək ki, Felan bir neçə investisiya şirkətinin təsisçisi və həmtəsisçisidir. Onun Hərbi Dəniz Qüvvələri naziri vəzifəsinə namizədliyi 25 mart 2025-ci ildə ABŞ Senatı tərəfindən təsdiqlənmişdi.

“Axios”: ABŞ-ın Hərbi Dəniz Qüvvələri (HDQ) naziri Con Felan müdafiə naziri Pit Heqsetlə ziddiyyətlər səbəbindən istefa verib. Felanın istefa verəcəyi barədə məlumatı daha əvvəl Pentaqonun rəsmi nümayəndəsi Şon Parnell paylaşmşdı. Nəşrin mənbəyinin sözlərinə görə, Felan prezidentlə işgüzar münasibətləri saxlasa da, onunla Heqset arasında gərginlik yaranıb.

“Mizan”: İranda İsrailə casusluqda ittiham olunan daha bir nəfər edam edilib. Edam edilən Soltani Şirzadi Fəxr müxalif "Mücahidin-e Xalq" təşkilatının üzvü olub. İran hökumətinin məlumatına görə, Fəxr, həmçinin İsrail xüsusi xidmət orqanları ilə əməkdaşlıqda təqsirli bilinib.

“The Times of Israel”: İsrailin Müdafiə Nazirliyi “Elbit Systems” müdafiə şirkətinə 200 milyon dollar məbləğində əlavə aviasiya sursatı partiyası sifariş verib. Qeyd olunur ki, uzunmüddətli müqavilə yaxın perspektivdə mümkün döyüş əməliyyatları ssenarilərinə hazırlığın gücləndirilməsi və təhlükəsizlik sahəsində intensiv fəaliyyət hazırlaşma proqramının tərkib hissəsidir. Aviasursatlara İsrail HHQ-nin təyyarələri tərəfindən zərbələrin endirilməsi və hədəflərin ələ keçirilməsi üçün istifadə olunan raketlər və bombalar daxildir.

“Yonhap”: Cənubi Koreyanın İran üzrə xüsusi nümayəndəsi Çon Byon Ha bu ölkənin xarici işlər naziri Abbas Əraqçi ilə Tehranda görüşüb. Görüş Yaxın Şərqdə gərginliyin artması fonunda Hörmüz boğazında çətin vəziyyətdə qalan Cənubi Koreya gəmiləri və dənizçilərinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində Seulun səyləri fonunda baş tutub. Çon Byon diplomatik səylərin münaqişəyə son qoymağa imkan verəcəyinə və regionda sülh və sabitliyə gətirib çıxaracağına ümidvar olduğunu bildirib. O, həmçinin Seul və Tehran arasında ikitərəfli münasibətlərin inkişafının vacibliyini vurğulayıb.

“TRT World”: ABŞ-ın Beyrutdakı səfirliyi Amerika vətəndaşlarını kommersiya uçuşları davam edərkən dərhal Livanı tərk etməyə çağırıb. Diplomatik missiya Livanda qalmaq qərarına gələn Amerika vətəndaşlarına əvvəlcədən hərəkət planı hazırlamağı və mövcud məlumatları diqqətlə izləməyi tövsiyə edib. Bundan əvvəl İsrailin Müdafiə Ordusu Livanın cənubundakı Livan radikal "Hizbullah" hərəkatına məxsus obyektə zərbələr endirildiyini bildirib.

“Al Jazeera”: "Hizbullah" qruplaşmasını təmsil edən livanlı deputat Həsən Fədlallah bildirib ki, təşkilat İsraillə atəşkəs rejiminin davam etdirilməsini istəyir. Fədlallah, həmçinin vurğulayıb ki, əgər İsrail də bu şərtə əməl edərsə, qruplaşma atəşkəsə razılaşacaq. Daha əvvəl Fədlallah bildirmişdi ki, qruplaşmanın döyüşçüləri İsraillə "sarı xətti yarmaq niyyətindədir və "Hizbullah" Livanın cənubunda bufer zonasının yaradılması ilə bağlı heç bir şərtə razı olmayacaq.

“Dawn News”: Pakistan Yaxın Şərqdə vəziyyətin normallaşdırılması üzrə İranın konstruktiv addımlar atacağına ümid edir. Bu barədə Pakistanın daxili işlər naziri Möhsün Nakvi ABŞ-ın müvəqqəti işlər vəkili Natali Beykerlə görüşündə bildirib. Görüş zamanı tərəflər Tehranın öz nümayəndə heyətini göndərəcəyini təsdiqləməməsi səbəbindən təxirə salınmış ABŞ–İran danışıqlarının ikinci raundu ətrafında diplomatik səyləri müzakirə ediblər. Nakvinin sözlərinə görə, Pakistanın Baş naziri Şahbaz Şərif və feldmarşal Asim Munir sülh yolu ilə nizamlanmanı dəstəkləmək üçün bütün səviyyələrdə səylər göstərir və tərəflərin diplomatiyaya üstünlük verəcəyinə ümid edirlər.

Hazırladı:
N.BEYDİYEVA
XQ

Dünya