Beyləqan Rayon İcra Hakimiyyətinin və Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Beyləqan rayonu üzrə mədəniyyət müəssisələrinin birgə təşəbbüsü ilə Aşağı Çəmənli kəndi ərazisində yerləşən qədim I–IV Çardaxlı yaşayış yerinə səfər təşkil olunub.
Ziyafət zamanı Tarix-Diyarşünaslıq Muzeyinin nümayəndələri iştirakçılara abidənin tarixi əhəmiyyəti barədə ətraflı məlumat veriblər. Bildirilib ki, “Yeddi təpə” adlandırılan bu qədim yaşayış məskəni ilk Tunc dövrünə aid edilir. Aparılan arxeoloji qazıntılar zamanı ərazidə küp qəbirlər, saxsı çıraqlar, şirli saxsı qablar və digər maddi-mədəniyyət nümunələri aşkar olunub. Qeyd edilib ki, bu tapıntılar ərazinin zəngin tarixini, eləcə də burada yaşamış insanların həyat tərzi və məişətini əks etdirən mühüm elmi mənbələrdir.
Eyni zamanda, ərazidə təşkil olunan sərgidə nümayiş etdirilən eksponatların bir hissəsinin məhz Çardaxlı yaşayış yerindən, digər hissəsinin isə rayonun müxtəlif qədim yaşayış məntəqələrində aparılmış arxeoloji qazıntılar zamanı əldə olunduğu diqqətə çatdırılıb.
Səfərə yekun vuran Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov ölkəmizdə tarixi-mədəni irsin qorunması və təbliği istiqamətində həyata keçirilən dövlət siyasətindən söhbət açıb, bu sahədə görülən işlərin əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, belə tanışlıqlar gənc nəslin milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsi, tariximizin dərindən öyrənilməsi və gələcək nəsillərə çatdırılması baxımından mühüm rol oynayır.
M.QULUYEV,
XQ-nin bölgə müxbiri

