Qax “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar Qərbi Azərbaycana qayıdış konsepsiyası çərçivəsində rayon icra hakimiyyətinin və Qərbi Azərbaycan İcmasının (QAİ) birgə təşkilatçılığı ilə “Yaşayan yaddaş, sönməyən ümid” mövzusunda elmi-praktik konfrans keçirilib.
Heydər Əliyev Mərkəzində təşkil edilən tədbirin iştirakçıları əvvəlcə Qərbi Azərbaycanın tarixini, mədəniyyətini, mətbəxini özündə əks etdirən sərgi ilə tanış olublar. Sonra erməni vandalizmindən bəhs edən videoçarx nümayiş etdirilib.
RİH başçısı Elvin Paşayev bildirib ki, Azərbaycan xalqının tarixi yaddaşında və milli şüurunda əzəli yurd yerimiz olan Qərbi Azərbaycan torpaqlarının xatirəsi hər zaman yaşayır. Atalarımızın əzəli yurd yeri – indiki Ermənistan ərazisindəki kəndlər, şəhərlər və məzarlar hələ də canlı yaddaşımızda yaşayır və hər birimizdə sönməyən qayıdış ümidini artırır. 44 günlük Vətən müharibəsi nəticəsində düşmən tapdağından azad edilmiş Qarabağda məskunlaşma proseslərinin başlanmasından sonra qarşıda duran ən mühüm məsələlərdən biri Qərbi Azərbaycan torpaqlarına da qayıdışı təmin etməkdir. Hər kəsin öz əzəli Vətənində yaşamaq hüququ var və bu hüquq beynəlxalq konvensiyalarda təsbit edilib.
Bildirilib ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Qərbi Azərbaycandan qaçqın düşmüş soydaşlarımızın hüquqlarının müdafiəsi beynəlxalq müstəviyə çıxarılıb. Dövlət başçısı Qərbi azərbaycanlı soydaşlarımızın tarixi torpağı olduğunu nüfuzlu beynəlxalq kürsülərdən dəfələrlə bəyan edib və edir. Bu gün azərbaycanlılar Qarabağa qayıtdığı kimi, Qərbi Azərbaycana da qayıdacaq. Ancaq bu proses sülh yolu ilə ədalətli və ləyaqətli qayıdış kimi reallaşacaq.
Konfransda Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova, İcmanın İdarə Heyəti sədrinin müavini, Milli Məclisin deputatı Hikmət Babaoğlu, QAİ-nin rayon üzrə nümayəndəsi Həsən Tarverdiyev və digər natiqlər də çıxış ediblər. Son iki əsrdə azərbaycanlılara qarşı yürüdülən etnik təmizləmə və deportasiya siyasətinin ağır nəticələri diqqətə çatdırılıb. Vurğulanıb ki, beynəlxalq hüquqa və tarixi faktlara əsaslanan “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası” tarixi ədalətin bərpası və sülhün təmin olunması üçün strateji əhəmiyyət daşıyır.
Konfrans ədəbi-bədii, musiqili proqramla davam edib.
İlqar HƏSƏNOV,
XQ-nin bölgə müxbiri

