Nisbi atəşkəs fonunda diplomatik manevrlər, hərbi siqnallar və strateji təzyiqlər paralel şəkildə davam edir. ABŞ və İran arasında danışıqlar ehtimalı yenidən gündəmə gəlsə də, Hörmüz boğazı ətrafında artan insidentlər, dəniz blokadası ilə bağlı ziddiyyətli bəyanatlar və regiondakı hərbiyə hazırlıq prosesi gərginliyin səngimədiyini göstərir. Xarici mediada yayılan xəbərlərdən göründüyü kimi, Yaxın Şərqdə hazırkı mərhələ daha çox nəzarət olunan qeyri-müəyyənlik dövrünə keçid edir.
“BBC”: Ağ Ev Birləşmiş Ştatların Vitse-prezidenti Ceyms Devid Vensin Pakistana planlaşdırılan səfərinin ləğv edildiyini təsdiqləyib. Onun İranla danışıqlar prosesində yenidən ABŞ nümayəndə heyətinə rəhbərlik edəcəyi nəzərdə tutulurdu. Rəsmi açıqlamada “Prezident Trampın “Truth Social” sosial şəbəkəsində Birləşmiş Ştatların İrandan vahid təklif almağı gözlədiyini təsdiqlədiyi paylaşımını nəzərə alaraq Pakistana bugünkü səfər baş tutmayacaq” - bildirilib. O da qeyd olunub ki, Ağ Ev gələcək görüşlər barədə rəsmi məlumat verəcək. Daha əvvəl Tramp İranla atəşkəs rejiminin uzadıldığını bildirib.
“Tasnim”: İran parlamentinin sədri Məhəmmədbaqer Qalibafın məsləhətçilərinin fikirləri mütləq şəkildə onun mövqeyini əks etdirmir. Bu barədə “Tasnim” agentliyinə səlahiyyətli parlamentari bildirib. Nəşrin mənbəyinin sözlərinə görə, Qalibafın spiker kimi mədəni, iqtisadi, sosial, siyasi və digər sahələrdə məsləhətçiləri var və o, mütəmadi olaraq onlara müraciət edir. Eyni zamanda, mənbə aydınlıq gətirib ki, adıçəkilən məsləhətçilərin bəyanatları yalnız onların öz nöqteyi-nəzərlərini ifadə edir.
“Bloomberg”: Donald Tramp bildirib ki, dəniz blokadası ləğv edilərsə, İranla razılaşma qeyri-mümkün olacaq. Bu barədə ABŞ lideri “Truth Social“ sosial şəbəkəsində yazıb. O qeyd edib ki, İran Hörmüz boğazını bağlamaqda maraqlı deyil, çünki gəmilərin su arteriyasından keçməsindən gündəlik 500 milyon dollar gəlir əldə edir: “Onların boğazı bağlı saxlamaq istədiklərinə dair bəyanatları yalnız ona görədir ki, mən onu tamamilə bloklamışam və indi onlar sadəcə “simalarını qorumağa” çalışırlar. Lakin biz bu addıma atsaq, İranla razılaşma heç vaxt baş tutmaya bilər”.
“Mehr”: Tehran Birləşmiş Ştatların Hörmüz boğazının blokdasını aradan qaldıracağı təqdirdə danışıqlara hazırdır. Bunu ölkənin BMT yanında daimi nümayəndəsi Əmir Səid İrəvani bəyan edib: “ABŞ danışıqların yeni raundu başlamazdan əvvəl atəşkəs rejimini pozmağa son qoymalıdır. Yalnız bundan sonra İslamabadda növbəti raund keçiriləcək”. İrəvani onu da vurğulayıb ki, İran hadisələrin istənilən ssenari üzrə inkişafına hazırdır.
“The Times of Israel”: Çin Yaxın Şərqdəki vəziyyəti “kritik” olaraq qiymətləndirir. Bu barədə Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Qo Tszyakun brifinqdə bildirib: “Regionda vəziyyət kritik olaraq qalır, müharibə sülhlə əvəz olunur. Birinci məqsəd - hərbi əməliyyatların yenidən başlamasına yol verməmək üçün mümkün olan hər şeyi etməkdir”.
“IRNA”: İranın kənd təsərrüfatı naziri Qolamreza Nuri bildirib ki, ABŞ-ın hərbi-dəniz blokadası ölkənin mal və ərzaqla təchizatına, demək olar ki, təsir göstərməyib. Onun sözlərinə görə, bu, daxili istehsalın yüksək səviyyəsi və alternativ idxal marşrutları ilə bağlıdır: “ABŞ-ın blokadasına baxmayaraq, əhalinin əsas mallar və ərzaq məhsulları ilə təminatında problem yoxdur, çünki ölkənin coğrafi xüsusiyyətləri sayəsində müxtəlif sərhədlər vasitəsilə idxal mümkündür”. Nuri əlavə edib ki, kənd təsərrüfatı məhsullarının və ilkin tələbat mallarının təxminən 85 faizi ölkə daxilində istehsal olunur.
“AXIOS”: ABŞ Prezidenti Donald Tramp Tehranın qarşıdan gələn danışıqlarda öz şərtlərini formalaşdıra bilməsi üçün ona 3-5 günlük atəşkəs təqdim etməyə hazır olduğunu bildirib.
“UKMTO”: Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) Hörmüz boğazından keçən gəmiyə İran tərəfindən növbəti hücum edildiyini bildirib. Hadisə İran sahillərindən 8 dəniz mili (14,8 km) qərbdə baş verib: “Yük gəmisinin kapitanı bildirib ki, təyinat limanına doğru hərəkət edərkən onun üzərinə atəş açılıb və hazırda gəmi lövbər salıb. Ekipaj təhlükəsiz vəziyyətdədir. Gəmidə zədələnmə barədə məlumat yoxdur”.
“Reuters”: ABŞ Səudiyyə Ərəbistanındakı əsas aviabazada İran pilotsuz uçuş aparatları (PUA) ilə mübarizə üçün Ukrayna texnologiyalarından istifadə etməyə başlayıb. Qeyd olunub ki, söhbət “Prince Sultan” bazasında yerləşdirilmiş “Sky Map” idarəetmə sistemindən gedir. Agentlik qeyd edir ki, Ukrayna hərbçiləri amerikalı həmkarlarına sistemlə işləməyi öyrətmək üçün bazaya gəliblər. O, İranın “Shahed”ləri də daxil olmaqla, düşmənin PUA-larını aşkar etmək və dronların köməyi ilə cavab tədbirlərini əlaqələndirmək üçün istifadə olunur.
“Tehran Times”: İranın Hərbi Dəniz Qüvvələri (HDQ) Hörmüz boğazı ərazisində iki gəmini saxlayıb. Gəmilər icazə olmadan hərəkət edərək təhlükə yaradıb. Saxlanıldıqdan sonra onlar İran sahillərinə yönləndiriliblər. Hadisə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsinin (UKMTO) Hörmüz boğazı ərazisində SEPAH qüvvələri tərəfindən gəmilərin atəşə tutulması insidenti fonunda baş verib.
Hazırladı:
N.BEYDİYEVA
XQ

