Qarabağ və Şərqi Zəngəzur “ağıllı” memarlıq meydanıdır

post-img

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın Azərbaycanın 2030-cu ilədək müəyyən olunmuş beş Milli Prioritetindən biri kimi təsdiqlənməsi, illər öncə Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın qəbul edilməsi Qarabağ və Şərqi Zəngəzurun dirçəlişində mühüm rol oynayır.

Qarabağ və Şərqi Zəngəzur hazırda Azərbaycanın postmünaqişə dövründə həyata keçirilən ən genişmiqyaslı bərpa və yenidənqurma proseslərinin mərkəzində dayanır. İşğaldan azad edilmiş ərazilər tamamilə yeni iqtisadi, sosial və məskunlaşma modelinin qurulduğu strateji bir məkana çevrilib. Bu regionlar hazırda ölkə üzrə ən iri dövlət investisiyalarının yönəldiyi əsas inkişaf zonaları kimi çıxış edir. Nəqliyyat və logistika dəhlizlərinin yaradılması, avtomobil və dəmir yolu şəbəkələrinin yenidən qurulması, elektrik enerjisi və su təchizatı sistemlərinin bərpası, həmçinin rəqəmsal infrastrukturun formalaşdırılması paralel şəkildə aparılır.

Eyni zamanda, Qarabağ və Şərqi Zəngəzurda şəhər və kəndlərin yenidən salınması xüsusi planlama əsasında həyata keçirilir. “Ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları çərçivəsində müasir yaşayış standartları tətbiq olunur, ekoloji tarazlıq və enerji səmərəliliyi prioritet istiqamət kimi müəyyənləşdirilir. Qısa zaman ərzində dağıdılmış infrastrukturun yenidən qurulması, yeni şəhər planlarının hazırlanması və icrası, beynəlxalq standartlara uyğun yaşayış və iqtisadi mühitin formalaşdırılması bu prosesin kompleks və sistemli xarakterini göstərir.

Azərbaycan işğaldan azad olunmuş ərazilərin bərpası və məskunlaşdırılması istiqamətində fəaliyyətini 2026-cı ildə də yüksək templə davam etdirir. Maliyyə Nazirliyinin məlumatına görə, cari ilin birinci rübündə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən layihələr üzrə 386,2 milyon manat vəsait istifadə olunub. Bu məbləğ illik nəzərdə tutulan vəsaitin 11 faizinə bərabərdir və əsasən sifarişçi təşkilatların təqdim etdiyi kassa sifariş sənədləri əsasında icra edilib.

Xərclərin strukturuna diqqət yetirdikdə, əsas prioritetin infrastruktur layihələri olduğu aydın görünür. Belə ki, ayrılmış vəsaitin 355,2 milyon manatı məhz bu istiqamətə yönəldilib. Bunun 185 milyon manatı avtomobil yollarının layihələndirilməsi, tikintisi və yenidən qurulmasına, 142,2 milyon manatı yeni yaşayış komplekslərinin inşasına sərf olunub. Turizm infrastrukturunun yaradılması və digər tədbirlər üçün isə 28 milyon manat ayrılıb. Bununla yanaşı, sosialyönümlü layihələr də diqqətdən kənarda qalmayıb: səhiyyə və mədəniyyət sahələrinə 10,7 milyon manat, ərazilərin minalardan təmizlənməsi işlərinə isə 20,3 milyon manat vəsait yönəldilib.

Bərpa və yenidənqurma prosesləri ilə paralel olaraq Böyük Qayıdış proqramı çərçivəsində məskunlaşma da davam edir. 2025-ci il ərzində işğaldan azad olunmuş ərazilərə ümumilikdə 3893 ailə, yəni 15781 nəfər köçürülüb. Artıq bu gün həmin ərazilərdə 30 minə yaxın keçmiş məcburi köçkün yeni inşa edilmiş evlərlə təmin edilərək daimi yaşayışa başlayıb. Ümumilikdə isə bölgədə yaşayanların sayı 70 mini ötüb. Bu rəqəmə tikinti sektorunda çalışanlar, dövlət qurumlarının əməkdaşları və digər sahələrdə fəaliyyət göstərən şəxslər də daxildir.

Dövlətin bu istiqamətdə maliyyə siyasəti də diqqətçəkicidir. “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinə əsasən, işğaldan azad olunmuş ərazilərin bərpası üçün 3,5 milyard manat vəsait nəzərdə tutulub ki, bu da ümumi büdcə xərclərinin 8,4 faizini təşkil edir. Ümumilikdə isə 2020–2026-cı illər ərzində bu ərazilərin bərpasına dövlət büdcəsindən 25 milyard manatdan çox vəsait ayrılıb. Ayrılan resursların böyük hissəsi infrastrukturun qurulmasına yönəldilib ki, bu da regionun uzunmüddətli iqtisadi potensialının formalaşdırılmasına hesablanıb.

Eyni zamanda, məskunlaşma prosesi mərhələli şəkildə davam edir. Aprelin 21-də növbəti köç karvanları Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə və Ağdam şəhərinə yola salınıb. Qırmızı Bazara 17 ailə, yəni 74 nəfər, Ağdama isə 92 ailə – 332 nəfər köçürülüb. Bu ailələr uzun illər ölkənin müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış şəxslərdən ibarət olub.

Qarabağın bərpası və dirçəldilməsi prioritetlərinə uyğun olaraq, işğaldan azad edilmiş ərazilərdə yenidənqurma işləri, regionun sənaye potensialının reallaşdırılması, iqtisadi sistemə reinteqrasiyası və əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində mühüm addımlar atılır. Prezidentin müvafiq fərmanları ilə Ağdam şəhərində Ağdam Sənaye Parkı, Cəbrayıl rayonunda isə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı yaradılıb. Bu sənaye parklarında fəaliyyət göstərən sahibkarlara müxtəlif stimullaşdırıcı mexanizmlər tətbiq olunur. Ağdam Sənaye Parkında istehsal olunan məhsullar işğaldan azad edilmiş ərazilərdə aparılan tikinti-quraşdırma işlərində geniş tətbiq edilir, eyni zamanda, daxili bazarda da satışa çıxarılır. Paralel olaraq, bu məhsulların ixracı istiqamətində də ilk uğurlar əldə olunub. “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında isə logistika və ticarət mərkəzlərinin, anbar komplekslərinin, topdan və pərakəndə satış obyektlərinin, TIR parkının, gömrük məntəqəsinin, eləcə də yanacaqdoldurma stansiyası və müxtəlif texnikaların təmir-servis sahələrinin yaradılması nəzərdə tutulur. Strateji logistik mövqedə yerləşməsi bu sənaye parkının sahibkarlar üçün cəlbediciliyini artıran əsas amillərdən biri kimi qiymətləndirilir.

Qeyd edək ki, dövlət artıq növbəti mərhələ üçün də strateji planlaşdırmaya başlayıb. Prezidentin sərəncamına əsasən, 2027–2030-cu illəri əhatə edəcək “Böyük Qayıdışa dair II Dövlət Proqramı” hazırlanır. Bu proqram çərçivəsində yüz minlərlə vətəndaşın doğma torpaqlarına qayıdışı nəzərdə tutulur.

Xalid KƏRİMLİ,
iqtisadçı-ekspert

İşğaldan azad olunmuş ərazilər uzun illər ərzində ciddi dağıntılara məruz qalıb. Bu ərazilərdə hazırda əsas problemlərdən biri təhlükəsizlik məsələsidir; xüsusilə mina təhlükəsi hələ də qalmaqdadır və bu, genişmiqyaslı fəaliyyətləri məhdudlaşdıran əsas amillərdəndir.

Digər tərəfdən, bu ərazilərdə həyatın bərpası mərhələli şəkildə həyata keçirilir. Dövlət ilkin olaraq əsas infrastrukturun qurulmasına diqqət yetirir: yollar çəkilir, elektrik, su, qaz və internet xətləri yaradılır ki, insanların həmin ərazilərdə yaşaması mümkün olsun. Hazırda əsas məqsəd ilkin məskunlaşmanı təmin etmək və yaşayış üçün zəruri şəraiti formalaşdırmaqdır.

Torpağın iqtisadi baxımdan dəyər qazanması üçün onun effektiv istifadəsi vacibdir. Bu isə, ilk növbədə, kənd təsərrüfatının inkişafını tələb edir. Əkinçilik, heyvandarlıq, arıçılıq və quşçuluq kimi sahələr bu baxımdan əsas istiqamətlər hesab olunur. Lakin hələlik bu sahələrdə genişmiqyaslı istehsaldan danışmaq tezdir; bu proses zamanla, əhalinin və biznes subyektlərinin bölgəyə qayıdışı ilə paralel inkişaf edəcək.

Bununla yanaşı, bölgə faydalı qazıntılarla da zəngindir. Xüsusilə Zəngilan, Kəlbəcər və Ağdərə istiqamətlərində qızıl və mis yataqları mövcuddur. Bu resursların istismarı gələcəkdə iqtisadi aktivliyin artmasına mühüm töhfə verə bilər. Bu sahədə təcrübə artıq Azərbaycanın digər bölgələrində – məsələn, Gədəbəy və Daşkəsəndə tətbiq olunur və oxşar yanaşmaların burada da həyata keçirilməsi mümkündür.

Regionun digər mühüm potensial istiqaməti turizmdir. Qarabağ və Şərqi Zəngəzur həm təbii gözəllikləri, həm də müalicəvi və coğrafi xüsusiyyətləri baxımından turizm üçün əlverişlidir. Lakin bu potensialın reallaşması üçün müvafiq infrastruktur – hotellər, istirahət mərkəzləri və xidmət obyektləri – formalaşdırılmalıdır.

Bundan əlavə, bölgənin zəngin su ehtiyatları və əlverişli iqlim şəraiti alternativ enerji mənbələrinin inkişafı üçün də imkanlar yaradır. Xüsusilə su və günəş enerjisindən istifadə perspektivli istiqamətlər sırasındadır. Ümumilikdə, işğaldan azad olunmuş ərazilərdə hazırda əsas prioritet ilkin yaşayış şəraitinin yaradılmasıdır. İqtisadi fəaliyyət, biznes təşəbbüsləri və genişmiqyaslı istehsal isə mərhələli şəkildə formalaşacaq. Bu proses həm dövlətin həyata keçirdiyi layihələr, həm də özəl sektorun və vətəndaşların aktiv iştirakı ilə tədricən genişlənəcək.

Musa BAĞIRLI
XQ



İqtisadiyyat