Son günlər erməni tərəfi Xankəndidə köhnəlmiş və qəzalı binaların sökülməsini dünyaya saxta “mədəni soyqırımı” kimi təqdim etməyə çalışır. Lakin gerçəklik tamamilə başqadır. Sökülən tikililər tarixi abidə deyil, onların bəziləri 30 illik işğal dövründə Azərbaycanın suverenliyini tapdalamaqla ucaldılmış, şəhərin baş planını pozmuş obyektlərdir. Bu binaların bir neçəsi isə separatçı rejimin rəmzləri olduğu üçün onların ləğvi beynəlxalq hüququn və ədalətin tələbidir.
Əsl mədəni vandalizmi isə onilliklər boyu Ermənistan özü həyata keçirib. Bu gün saxta “irs” dərdi çəkənlər, qədim Qərbi Azərbaycan torpaqlarında azərbaycanlılara məxsus yüzlərlə tarixi abidəni sistemli şəkildə yer üzündən siliblər. Arxiv sənədləri təsdiq edir ki, vaxtilə İrəvan quberniyasında yüzlərlə məscid, karvansara və mədrəsə fəaliyyət göstərib. Lakin bu gün həmin irsin böyük hissəsi ya dağıdılıb, ya da tanınmaz hala salınıb.
Buna ən bariz nümunə İrəvandakı məşhur Göy məsciddir. 1766-cı ildə İrəvan xanı Hüseynəli xan tərəfindən tikilən bu Azərbaycan memarlıq incisi bu gün dünyaya “fars məscidi” kimi təqdim olunur. Hətta 2015-ci ildə bu məscidin 250 illiyi qeyd olunarkən Ermənistan rəhbərliyi onu UNESCO-ya “İran–Ermənistan abidəsi” kimi təqdim etməyə cəhd göstərib. Ən maraqlısı isə odur ki, həmin tədbirdə bir dəfə də olsun “azərbaycanlı” sözü işlədilməyib.
Bu “etiket dəyişmə” və identiklik əvəzləməsi mexanizmini tanınmış ekspert Tomas de Vaal özünün məşhur “Qara bağ” kitabında aydın şəkildə ifşa edib. Müəllif vurğulayır ki, Ermənistandakı Azərbaycan irsini tarixdən silmək ona görə asan olub ki, XX əsrə qədər Rusiya imperiyası və sovet ədəbiyyatında azərbaycanlılar “tatarlar”, “türklər” və ya sadəcə “müsəlmanlar” kimi təqdim edilirdi. Bu terminoloji qeyri-müəyyənlik imkan verirdi ki, lazım olan anda abidələrin mənsubiyyəti asanlıqla İran, türkmən və ya anonim “müsəlman” etiketi altına yerləşdirilsin. Beləliklə, abidənin fiziki varlığı qorunsa da, onun əsl yaradıcıları olan İrəvan azərbaycanlılarının izi tarixi yaddaşdan məqsədli şəkildə silinir.
Tədqiqatçı Səbuhi Hüseynovun elmi araşdırmaları da bu saxtakarlığı arxiv sənədləri ilə alt-üst edir. Göy məscidin Hüseynəli xan tərəfindən inşa edildiyini və Azərbaycan mədəni irsinə aid olduğunu bildirən tədqiqatçı mühüm bir faktı diqqətə çatdırır: “Son araşdırmalar Hüseynəli xanın məhz bu məsciddə dəfn olunduğunu göstərir. Hətta məscidin həyətindəki 1790-cı ilə aid daş kitabə xanın ailəsindən olan bir qadına məxsusdur. Abidə ilə bağlı bütün əsas sənədlər Azərbaycan arxivlərində qorunur”. Bu faktlar qarşısında Göy məscidin “fars məscidi” kimi təqdim olunması heç bir tarixi reallığa sığmır.
Bu cür interpretasiyalar isə mədəni irsin siyasi məqsədlərlə yenidən çərçivələnməsi cəhdidir. 1917-ci ilin statistik məlumatları da sübut edir ki, o dövrdə İrəvanda fars əhalinin sayı olduqca az, əhalinin mütləq çoxluğu isə azərbaycanlılar olub. Deməli, mədəni irsin mənsubiyyəti onu bərpa edən tərəfə görə deyil, onu inşa etdirən iradəyə və mənsub olduğu xalqın tarixinə görə müəyyən edilməlidir. Göy məscidin “özgəninkiləşdirilməsi” abidənin fiziki saxlanılmasına rəğmən, onun tarixi kimliyinin necə məqsədli şəkildə dəyişdirildiyini nümayiş etdirir. Bu, bir daha sübut edir ki, Ermənistan təkcə binaları dağıtmır, həm də tariximizi mənimsəyərək izlərimizi silməyə çalışır. Beynəlxalq ictimaiyyət saxta təbliğatlara deyil, arxivlərin dediyi bu acı həqiqətlərə diqqət yetirməlidir. Çünki əsl mədəni cinayət qanunsuz tikililərin sökülməsi deyil, əsrlərin yaddaşını saxtalaşdırmaqdır.
Bu tendensiya Ermənistanın digər ərazilərində daha amansız və geridönüşü olmayan formalarda müşahidə olunur. Azərbaycan memarlığının möhtəşəm nümunələri olan İrəvan qalası və onun daxilindəki Sərdar sarayı buna bariz nümunədir. XIX əsr sənədlərinə, xüsusilə rus hərbi arxivlərinə və məşhur səyyahların (məsələn, Jan Şarden, Fransua Dübua de Monpere) təsvirlərinə nəzər salsaq, İrəvan qalasının nəinki hərbi istehkam, həm də bənzərsiz bir mədəniyyət mərkəzi olduğu aydın görünür. Sarayın daxilindəki məşhur Güzgülü zal və divarları bəzəyən Şərq miniatürləri vaxtilə bütün regionun memarlıq incisi hesab olunurdu. Lakin bu irs 1918-ci ildən sonra, xüsusən də ötən əsrin ortalarında rəsmi İrəvanın şəhərsalma planları adı altında sistemli şəkildə yerlə-yeksan edildi. Məqsəd yalnız daşları deyil, şəhərin əsrlərlə formalaşmış azərbaycanlı simasını tamamilə yox etmək idi. Etdilər də.
Vaxtilə İrəvanın ən qədim və möhtəşəm ibadət yerlərindən sayılan Sərdar məscidi (və ya Şah Abbas məscidi) də həm etnik təmizləmənin, həm də mədəni soyqırımının qurbanına çevrildi. Tarixi qaynaqlar təsdiq edir ki, 1918-ci ildə erməni silahlı dəstələri İrəvanın dinc müsəlman əhalisini bu məscidə dolduraraq, insanları məbədlə birlikdə diri-diri yandırıblar. Bu qanlı hadisə bəşər tarixinə həm insanlıq əleyhinə cinayət, həm də dini abidənin təhqiri kimi həkk olunub. Sovet Ermənistanı dövründə isə bu vəhşilik ideoloji müstəvidə davam etdirilib, Sərdar məscidi “şəhərsalma” bəhanəsi ilə hissə-hissə sökülərək yerində yaşayış binaları inşa edilib. Abidənin qalıqları üzərində ucaldılan bu evlər tarixin izini silmək cəhdi olsa da, vandalizm bununla bitməyib, 2014-cü ilin noyabr ayında məscidin son divar qalıqları da tamamilə yer üzündən silinib.
Qədim İrəvanın ruhunu daşıyan və azərbaycanlıların şəhərdəki varlığının sonuncu maddi sübutu sayılan Təpəbaşı məhəlləsi (ermənilər tərəfindən "Kond" adlandırılır) isə bu gün tamamilə yox olmaq təhlükəsi qarşısındadır. XVII əsrdən bəri İrəvanın tarixi mərkəzi olan bu məhəllə, vaxtilə yüzlərlə azərbaycanlı ailəsinin yaşadığı, məscidlərin, hamamların və bağların yerləşdiyi canlı bir məkan olub. Arxiv sənədləri göstərir ki, XX əsrin əvvəllərinə qədər Təpəbaşında küçə adlarından tutmuş demoqrafik tərkibə qədər hər şey Azərbaycan mədəniyyətini əks etdirirdi. Lakin Ermənistan hakimiyyəti hazırda bu məhəlləni “müasirləşdirmə” adı altında tamamilə sökməyi və yerində hündürmərtəbəli binalar tikməyi planlaşdırır. Bu da yalnız bir yaşayış sahəsinin deyil, İrəvanın tarixi kodunun sistemli şəkildə məhv edilməsi prosesidir.
Azərbaycanın Tehrandakı səfiri Əli Əlizadənin bu məsələ ilə bağlı açıqlaması vandalizmin həm də mənəvi tərəflərini beynəlxalq müstəviyə çıxarıb. Səfirin qeyd etdiyi kimi, Təpəbaşı məscidində turistlərə spirtli içkilərin təklif olunması faktı nəinki Azərbaycan mədəniyyətinə, ümumilikdə, İslam dünyasının dini dəyərlərinə qarşı ciddi hörmətsizlikdir. Bu vəziyyət təkcə bir məscidin fiziki vəziyyəti ilə məhdudlaşmır, bütöv bir tarixi yaddaşın sistemli şəkildə silinməsi strategiyasının tərkib hissəsidir.
Tarixi mənbələrə görə, Təpəbaşı ərazisində yerləşən məscidin minarəsi hələ 1960-cı illərdə uçurulmuş, sonradan abidənin ətrafında və daxilində qeyri-qanuni yaşayış tikililəri inşa edilmişdir. Hazırda məscidin bəzi hissələrində erməni ailələrinin məskunlaşması faktı mədəni irsin həm memarlıq, həm də funksional cəhətdən necə ağır deformasiyaya uğradılmasının bariz nümunəsidir. Eyni vəziyyətlə Qərbi Azərbaycanda mövcud olmuş digər məscidlər də qarşılaşıb. Dəmirbulaq, Sərtib xan, Hacı Novruzəli bəy və digər məscidlər də zamanla ya sökülmüş, ya da istifadəsiz vəziyyətə düşərək dağılıb. Bu abidələr təkcə dini ibadət yerləri deyil, həm də şəhərin tarixi memarlıq strukturunun mühüm tərkib hissəsi olub. Bu proseslər İrəvanın tarixi dini memarlıq xəritəsinin tədricən dəyişdirildiyini göstərir.
Onu da qeyd edək ki, Azərbaycan irsinin izlərini silmək cəhdləri bəzən daha radikal formalar alıb. Buna ən bariz nümunə Lori mahalında yerləşən XII əsrə aid Loru qala məscididir (Lore-Gerd). Azərbaycan memarlığının bütün konstruktiv xüsusiyyətlərini özündə daşıyan bu qədim müsəlman ibadətgahı, daxilində aparılan süni dəyişikliklər və kənar müdaxilələr nəticəsində, faktiki olaraq, erməni kilsəsinə çevrilib. Bu faktlar sübut edir ki, Ermənistan ərazisindəki Azərbaycan irsi ya fiziki olaraq yer üzündən silinib, ya da mövcud qalan nümunələr saxta elmi tezislərlə başqa xalqların və ya dinlərin adına çıxarılaraq tarixi kimliyindən zorla qoparılıb.
Beləliklə, məscidlərin təhqir olunması, onların təyinatının dəyişdirilərək heyvan saxlanılan məkanlara çevrilməsi təkcə fiziki vandalizm deyil, həm də İslam dünyasının dini dəyərlərinə qarşı açıq hörmətsizlik və nifrət aktıdır. Bu cür əməllər “Silahlı münaqişə zamanı mədəni mülkiyyətin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasının və mədəni irsin toxunulmazlığına dair digər beynəlxalq sənədlərin kobud şəkildə pozulması deməkdir.
***
Ermənistanda həyata keçirilən bu siyasət yalnız dini ibadətgahlarla məhdudlaşmayıb. Bu proses həm də tarixi yaddaşın coğrafi səviyyədə silinməsinə yönəlmiş toponimik soyqırımı ilə müşayiət olunub. Bu, bütöv bir sivilizasiya qatını yox etməyə yönəlmiş siyasətinin tərkib hissəsidir. Bununla yanaşı, mənəvi əhəmiyyətli məkanların hədəf alınması da Azərbaycan xalqının tarixi köklərini bu torpaqlardan silmək məqsədi daşıyıb. Bu prosesin daha uzunmüddətli və sistemli forması Qərbi Azərbaycanın müxtəlif bölgələrində, xüsusən Aşağı Şorca, Gülübulaq və Səral kimi tarixi yaşayış, məskənlərində müşahidə olunur. XX əsr boyunca bu kəndlər bir neçə dəfə süni demoqrafik müdaxilələrə məruz qalıb. 1918-ci il qırğınları ilə başlayan, 1948–1953-cü illər köçürmələri və 1988-ci ilin kütləvi deportasiyası ilə yekunlaşan etnik təmizləmə nəticəsində bu ərazilərdə azərbaycanlıların yaratdığı zəngin folklor, toponimika və dini-mədəni irs, faktiki olaraq, “sahibsiz” qalıb. Deportasiyadan dərhal sonra azərbaycanlılara məxsus qədim qəbiristanlıqlar ağır texnika ilə şumlanıb, məzar daşları isə ya tikinti materialı kimi istifadə olunub, ya da bədnam “erməni izi” yaratmaq üçün saxtalaşdırılıb.
Güllübulaq kəndi bu çərçivədə Azərbaycan mədəni yaddaşının necə hədəf alındığını göstərən nümunədir. Bu ərazidəki Koroğlu mağarası, Nigar dərəsi, Nəbi yaylağı kimi toponimlər Azərbaycan xalq yaradıcılığının və tarixinin coğrafi möhürü idi. 2007-ci ildə kəndin adının süni şəkildə “Bürüakn” olaraq dəyişdirilməsi sadəcə inzibati qərar deyil, xalqın kollektiv yaddaşını silmək cəhdidir. Eyni aqibəti paylaşan Səral kəndi də “Nor Xaçakar” adlandırılaraq, əsrlərlə burada yaşamış azərbaycanlıların izləri tarixdən kənarlaşdırılıb. Addəyişdirmə prosesi yalnız bu kəndlərlə məhdudlaşmayıb. Ermənistan Dövlət Kadastr Komitəsinin rəsmi məlumatları bunun sübutudur. 1924–1988-ci illər ərzində 600-dən çox tarixi Azərbaycan adı dəyişdirilsə də, 1991-ci ildə Ermənistanın müstəqillik elanından sonra bu siyasət daha aqressiv və sürətli xarakter alıb. Təkcə 1978-ci ildə bir qərarla 93 Azərbaycan kəndinin adı xəritələrdən silinib, 2006-cı ildə isə daha 57 toponim erməniləşdirilib. Ümumilikdə, Qərbi Azərbaycan ərazisində 2000-ə yaxın tarixi toponimin dəyişdirildiyi faktlarla təsdiq olunur.
Bu sistemli fəaliyyət nəticəsində əsrlər boyu formalaşmış tarixi adlar uydurma adlarla əvəzlənib: Basarkeçər–Vardenis, Yeni Bəyazid–Qavar, Dərələyəz–Vayots Dzor, Göyçə–Sevan kimi təqdim edilərək tarixi kimliyindən qoparılmışdır. Bu kütləvi addəyişdirmə kampaniyası sadəcə texniki yenilənmə deyil, regionun tarixi-mədəni simasını saxtalaşdırmaq və gələcək ərazi iddialarını “elmi” şəkildə əsaslandırmaq üçün istifadə edilən strateji alətdir. Əsas məqsəd azərbaycanlıların bu torpaqlardakı çoxəsrlik izlərini rəsmi sənədlərdən və kollektiv yaddaşdan silməklə, bölgəni “əzəli erməni torpağı” kimi dünyaya təqdim etməkdir.
Ermənistan bu yolla regionun tarixi mənzərəsini tamamilə dəyişməyə çalışsa da, arxivlərdə qalan köhnə xəritələr və sənədlər bu torpaqların əsl sahiblərinin kim olduğunu təsdiqləyən ən möhkəm sübutlar kimi qalmaqdadır. Bəli, maddi abidələri dağıtmaq, adları dəyişmək olar, lakin tarixin və xalqın yaddaşındakı izləri silmək əsla mümkün olmayacaq.
***
Mədəni irsin mənsubiyyətinin yenidən yazılması siyasəti bəzən daha “yaradıcı” manipulyasiyalarla müşayiət olunur. İrəvan yaxınlığındakı Cəfərabad (Arqavand) kəndində yerləşən, 1413-cü ildə ucaldılmış Əmir Səad məqbərəsi buna bariz nümunədir. Qaraqoyunlu sülaləsinə, yəni birbaşa Azərbaycanın orta əsr dövlətçilik tarixinə məxsus bu abidənin “türkmən memarlıq abidəsi” kimi təqdim olunması elmi cinayətdir. Erməni katolikosunun iştirakı ilə keçirilən “xeyir-dua mərasimləri bu saxtakarlığa dini don geyindirmək cəhdidir. Halbuki abidənin yerləşdiyi bölgə tarixən Azərbaycanın Çuxursəd bəylərbəyliyinin mərkəzi olmuşdur.
Abidənin ətrafında quraşdırılmış məlumat lövhələrində və əsas stenddə türbənin Qaraqoyunlu türkmənlərinin tarixi irsi olduğu qeyd edilsə də, bu, abidənin Azərbaycan mədəni mühitindən qoparılması və mənsubiyyətinin saxtalaşdırılması cəhdidir.
Bənzər kimlik oğurluğu Dərələyəz mahalındakı Səlim karvansarası (Şah Abbas karvansarası) ilə bağlı da davam edir. 1988-ci ildə sonuncu azərbaycanlı ərazidən çıxarıldıqdan sonra, bu möhtəşəm abidə dünya ictimaiyyətinə "erməni orta əsr memarlığı" kimi sırınır. Lakin abidənin girişindəki epiqrafik kitabələr bu saxtakarlığı ifşa edir. Karvansaranın giriş qapısı üzərindəki ərəbdilli kitabələr və memarlıq üslubu onun birbaşa İslam sivilizasiyasının məhsulu olduğunu sübut edir. Abidənin tikilmə tarixi (1332-1333-cü illər) və sifarişçisi haqqındakı məlumatlar onun bölgədə hökm sürən müsəlman sülalələrinin və ticarət yollarının (İpək Yolu) bir parçası olduğunu göstərir. Ermənistanın apardığı siyasət yalnız fiziki dağıntı deyil, həm də tarixin intellektual səviyyədə işğalıdır. Beynəlxalq konvensiyalar, xüsusən 1954-cü il Haaqa Konvensiyası mədəni mülkiyyətin mənsubiyyətinin dəyişdirilməsini qadağan etsə də, Ermənistan hələ də bu cinayətləri davam etdirir.
Beləliklə, dağıdılan məscidlər, kilsəyə çevrilən ibadətgahlar, xarabalığa çevrilən məqbərələr və saxtalaşdırılan toponimlər tək bir mərkəzdən idarə olunan sistemli yoxetmə siyasətinin təzahürüdür. Ermənistanın həyata keçirdiyi bu “kultursid” (mədəni soyqırımı) təkcə bir xalqın keçmişinə deyil, bəşəriyyətin ortaq irsinə və beynəlxalq hüquqa qarşı törədilmiş ağır cinayətdir. Bu acı reallıq isə tez-tez səsləndirilən əsassız “Azərbaycan erməni irsini məhv edir” iddiaları ilə ört-basdır edilməyə çalışılır. Buradakı məntiq sadədir: diqqəti törədilmiş real cinayətlərdən yayındırmaq. Lakin faktlar təkzibolunmazdır: Ermənistan ərazisindəki 310 məsciddən yalnız biri qalıb, 120-dən çox qala tikilisindən əsər-əlamət yoxdur, minlərlə toponim dəyişdirilib və yüzlərlə qəbiristanlıq yerlə-yeksan edilib.
Maddi abidələri dağıtmaq, adları dəyişmək olar, lakin arxivlərin və xalqın yaddaşının qoruduğu həqiqətləri silmək mümkün deyil. Beynəlxalq ictimaiyyət artıq səssizliyini pozmalı, Ermənistanın sistemli vandalizm siyasətinə hüquqi və siyasi qiymət verməlidir. Çünki ədalətin bərpası yalnız tarixi irsin öz gerçək sahiblərinə və ilkin kimliyinə qaytarılması ilə mümkündür. Tarix unudulmur, o, yalnız öz həqiqi sahiblərini gözləyir.
Baş verənlər sadəcə vandalizm deyil, birbaşa mədəni soyqırımı aktıdır. Məscidlərin təhqir olunaraq heyvan saxlanılan məkanlara çevrilməsi və tarixi Təpəbaşı məhəlləsinin məqsədli şəkildə məhv edilməsi 1954-cü il Haaqa Konvensiyasının kobud şəkildə pozulmasıdır. Azərbaycan bu cinayətləri beynəlxalq məhkəmələrdə, o cümlədən Beynəlxalq Ədalət Məhkəməsində qaldıraraq, vurulmuş mənəvi və maddi ziyana görə Ermənistandan kompensasiya tələb etmək hüququna malikdir. Bu, həm beynəlxalq hüquq normaları baxımından tam əsaslıdır, həm də Azərbaycanın artan siyasi-hüquqi çəkisi fonunda Ermənistanı tarixi cinayətlərinə görə cavabdehlik daşımağa məcbur edən ən real yoldur.
Pünhan ƏFƏNDİYEV
XQ





