Dünya savaşdan doymur

post-img

Silah satışına tələbat azalmır

Ukraynada davam edən müharibəyə görə silah sifarişlərinin artmasına baxmayaraq, 2022-ci ildə dünyanın 100 ən böyük hərbi-müdafiə şirkətinin silah satışından əldə etdiyi ümumi gəlir 597 milyard dollar təşkil edib ki, bu da 2021-ci il ilə müqayisədə 3,5 faiz azdır. Bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) hesabatında deyilir. İnstitutun ekspertlərinin sözlərinə görə, azalma, əsasən, ABŞ-ın iri şirkət gəlirlərinin azalmasının nəticəsi olub. Bununla belə, silaha tələbatın artması növbəti illərdə satış gəlirlərinin əhəmiyyətli dərəcədə artacağını göstərir.

SIPRI bildirir ki, Rusiya–Ukrayna mü­naqişəsi və dünyadakı geosiyasi gərgin­lik 2022-ci ildə silaha tələbatın kəskin art­masına səbəb olub. Bununla belə, yeni sifarişlər almasına baxmayaraq, bir çox Amerika və Avropa silah şirkətləri Ukray­na müharibəsi ilə daha da şiddətlənən işçi qüvvəsi çatışmazlığı, artan xərclər və tədarük zəncirinin pozulması səbəbindən istehsal gücünü əhəmiyyətli dərəcədə artıra bilməyib. Bundan əlavə, ölkələr ilin sonunda yeni sifarişlər təqdim etdiklərin­dən tələbatın artması hələlik bu şirkət­lərin gəlirlərinə təsir göstərməyib. Eyni zamanda, SIPRI-ın proqnozuna görə, hələ də yerinə yetirilməyən sifarişlər və yeni müqavilələrin sayının kəskin artması göstərir ki, yaxın bir neçə ildə silah satı­şından qlobal gəlirlər əhəmiyyətli dərəcə­də arta bilər. SIPRI qeyd edir ki, bir çox silah şirkəti yüksək intensivlik müşahidə olunan müharibə üçün silah istehsalına keçməkdə çətinlik çəkib: “Bununla birlik­də, xüsusilə, sursat tədarükü üçün yeni müqavilələr imzalanıb ki, bu da 2023 -cü ildə və sonrakı illərdə gəlirlərin artmasına səbəb olacaq”. 

Bundan başqa, analitiklər vurğula­yırlar ki, gəlirlərin azalması, ilk növbə­də, ABŞ şirkətləri ilə bağlıdır: reytinqdə yer alan ABŞ-ın 42 şirkəti 2022-ci ildə bir il əvvəl ilə müqayisədə 7,9 faiz az qazanıb. Ancaq analitiklər inanırlar ki, vəziyyət istər-istəməz dəyişəcək: “Biz Ukraynadakı müharibə ilə bağlı yeni sifarişlərin axını görməyə başlayırıq və nəticədə ABŞ-ın bəzi böyük şirkətləri, o cümlədən “Lockheed Martin” və “Rayt­heon Technologies” yeni sifarişlər alıb. Bununla belə, bu şirkətlərin mövcud sifariş gecikmələri və istehsal gücünü artırmaqda çətinliklər səbəbindən bu si­farişlərdən əldə olunan gəlirin şirkətlərin hesablarında əks olunması çox güman ki, iki-üç il çəkəcək”.

Hesabatda qeyd olunur ki, ilk 100-lükdə yer alan Avropa şirkətlərinin gəlirlərində 0,9 faiz cüzi artım qeydə alı­nıb. Reytinqdə təmsil olunan dörd alman silah istehsalçısı cəmi 1,1 faizlik kiçik artım qeydə alıb. “Rheinmetall”, “Hen­soldt” və “Diehl” fərdi olaraq gəlirlərini 6-13 faiz aralığında artıra biliblər. Lakin “ThyssenKrupp”, əksinə, 2022-ci ildə si­lah satışından bir il əvvələ nisbətən 16 faiz az qazanıb. Asiya və Okeaniyadan olan silah istehsalçıları isə satışlarını daha sürətlə – 3,1 faiz artırıblar və ardıcıl ikinci ildir ki, ümumi illik gəlirlərinə görə Avropadan olan rəqiblərini qabaqlayırlar. SIPRI-nin hərbi xərclər və silah istehsa­lı proqramının tədqiqatçısı Syayo Lanın sözlərinə görə, Çin, Hindistan, Yaponiya və Tayvan şirkətləri hökumətin hərbi mo­dernləşdirməyə davamlı investisiyaların­dan faydalanıblar. 

Eyni zamanda, SIPRI qeyd edir ki, daha az texnoloji cəhətdən mürəkkəb məhsullar üzrə ixtisaslaşmış şirkətlər tələbatın kəskin artmasına cavab olaraq istehsal həcmini daha tez artıra biliblər. Buna misal olaraq, Türkiyənin “Baykar” şirkətini göstərmək mümkündür. Qar­daş ölkənin bu şirkəti 2022-ci ildə gəliri­ni təxminən iki dəfə artırmağa müvəffəq olub. SIPRI-nin baş tədqiqatçısı Dieqo López da Silvanın sözlərinə görə, daha az texnoloji mürəkkəb məhsullar üzrə ixtisaslaşmış şirkətlər tələbatın kəskin artmasına cavab olaraq istehsal həcmini daha tez artıra biliblər. Məsələn, “Bayrak­tar TB-2” pilotsuz aparatının istehsalçısı olan Türkiyənin “Baykar” şirkəti ilk 100-lüyə daxil olub. Xüsusilə qeyd etmək la­zımdır ki, “Baykar” şirkətinin silah satışın­dan əldə etdiyi gəlirlər 94 faiz artıb və bu da reytinqdəki bütün şirkətlər arasında ən sürətli artım tempidir.

SIPRI-nin 2022-ci il üçün ilk 100-nə yalnız iki Rusiya şirkəti daxil olub – “Rostex” və Birləşmiş Gəmiqayırma Korporasiyası. Tədqiqatçılar bunu Rusi­ya müdafiə sənayesinin qeyri-şəffaflığı və mövcud məlumatların olmaması ilə əlaqələndirirlər. Yuxarıda adıçəkilən iki şirkətin silah satışından əldə etdiyi ümu­mi gəlir 2022-ci ildə 12 faiz azalıb. Anali­tiklər iddia edirlər ki, bu, Rusiya hakimiy­yətinin silah istehsalını artırmaqla bağlı bəyanatlarına ziddir. SIPRI bu ziddiyyəti qismən yüksək inflyasiya və Rusiya silah ixracının azalması ilə izah edir. Mütəxəs­sislər, həmçinin qeyd edirlər ki, şirkətlər sovet dövründən qalma silahların bərpa­sı ilə bağlı işləri yeni istehsal kimi təqdim edə bilərlər. Eyni zamanda, hesabatların qeyri-şəffaflığı səbəbindən SIPRI-ın he­sabatında “Almaz-Anteya” və ya “hava hücumundan müdafiə sistemləri və ra­ketlər kimi müharibə ilə əlaqədar yüksək tələbat olan avadanlıq kateqoriyalarını istehsal edən” Taktiki Raket Silahları Korporasiyası kimi şirkətlər nəzərə alın­mayıb. 2022-ci ilin sonunda Rusiya bü­tün ölkələr arasında silah satışından əldə edilən ümumi gəlirə görə siyahıda 5-ci yeri tutub.

S.ELAY
XQ

Dünya