Ulu öndər Heydər Əliyevin 100, Azərbaycan Milli Teatrının 150 illiyi münasibəti ilə Azərbaycan Teatr Xadimləri İttifaqı “Qonaq teatr” layihəsini davam etdirir.
Layihənin məqsədi bu il yubiley yaşı tamam olan teatrların (əsasən bölgə teatrlarının) tamaşalarını ittifaqın səhnəsində təşkil etməklə, milli mədəniyyət məkanında baş verən yaradıcılıq proseslərini fəallaşdırmaqdan ibarətdir. Layihə çərçivəsində Ağdam, Şəki, Mingəçevir, Sumqayıt, Qazax və Lənkəran teatrlarının, İrəvan Dövlət Azərbaycan Dram Teatrının və Naxçıvan Dövlət Milli Musiqili Dram Teatrının tamaşaları təqdim olunub.
Layihə üzrə ilin son tədbiri bölgələrdən olan teatr deyil, Türkiyənin Antalya Böyükşəhər Bələdiyyəsinin Şəhər Teatrı olub. Bu teatr özünün 40 illiyini həm də Azərbyacan Teatr Xadimləri İttifaqı ilə birgə keçirib. Pərvin Ünalpın "Gecikənlər" ("Gec kalanlar") tamaşasını təqdim edib. Səhnə əsərinin quruluşçu rejissoru Azərbaycan Respublikasının Əməkdar artisti Nofəl Vəliyev XQ-yə açıqlamasında bildirib ki, tamaşanı hələ 2014-cü ildə səhnələşdirib:
–Həmin il “Bir səbət tənhalıq” tamaşasının yaradıcı heyəti ilə Türkiyəyə teatr festivalına getmişdik. Orada məni Antalyada tamaşa hazırlamağa dəvət etdilər. Tamaşanı 1 ay ərzində qurduq, artıq 9 teatr mövsümüdür ki, oynanılır. Təqdimatlardan biri də Almaniyada olub. Truppanın bu günkü oyunu da uğurla keçdi.
Həyatının 30 ilini Antalya Böyük Şəhər Bələdiyyəsi Şəhər Teatrına həsr edən, “Gecikənlər” tamaşasında əsas rolu oynayan aktrisa Hasibə Aygül Özgür Azərbaycana yaradıcılıq səfərindən məmnunluğunu ifadə edib:
– İlk dəfədir Bakıya gəlirəm. Oynadığımız tamaşa eynilə həyatın özüdür. Böyük sevgi ilə qarşılandıq, sevinclə çıxdıq səhnəyə. Tamaşa salonunun dolu olması bir teatr adamı kimi məni çox sevindirdi. Azərbaycan tamaşaçısı tələbkar və sənətə dəyər verəndir.
Teatrın aktrisası Sencan Köymən də eyni duyğuları bölüşərək dedi ki, tamaşaçı alqışları tamaşanı necə oynamağımıza verilən qiymət idi. Sizə hər şey üçün təşəkkür edirik. Nofəl Vəliyevə xüsusi minnətdarlıq düşür, çünki tamaşanı ərsəyə gətirən odur. Ümid edirəm ki, yenə Azərbaycana gələcəyik.
Onu da deyək ki, tamaşadan sonra Antalya Böyükşəhər Bələdiyyəsi Şəhər Teatrı Türkiyə–Azərbaycan mədəni əlaqələrinin inkişafındakı xidmətlərinə görə və yaranmasının 40 illik yubileyi münasibəti ilə Azərbaycan Teatr Xadimləri İttifaqının Diplomu ilə mükafatlandırılıb. Həmçinin teatrın yaradıcı heyəti – Mehmet Özgür, Hasibe Aygül Özgür, Sencan Köymen, Safinaz Özgür, Anıl Şereflioğlu, Selim Turgay Deli, Seyfi Albayrak və Azərbaycan Respublikasının Əməkdar artisti Nofəl Vəliyev fəxri fərmanla təltif olunublar.
Dünən Antalya Şəhər Teatrının Bakıdakı qastrolu ilə bağlı mətbuat konfransı olub.
RAMİLƏ QURBANLI
XQ