ABŞ-da irqi və dini ayrı-seçkilik həddini aşır

post-img

Son illərdə, xüsusən SSRİ-nin dağılmasından sonra dünyaya “demokratiya”, “insan haqları” ixracı sahəsində xüsusi canfəşanlıq göstərən ABŞ-da irqi zəmində çoxsaylı cinayətlərin baş verdiyini müşahidə edirik. Bu cinayətlər əsasən irqi və dini zəmində baş verir. Məlum olur ki, heç bir günahı olmayan ABŞ vətəndaşları sadəcə dərilərinin rənginə görə təqib olunur, döyülür, qəddarcasına öldürülür. Üstəlik, sonradan bu cinayətlərin üstü açılmır, ölüm hadisəsinə görə kiminsə adekvat cəza aldığını görmürük. 

Bu günlərdə də qaradərili insanın ABŞ-da cəza çəkdiyi həbsxanada ka­mera yoldaşı tərəfindən öldürüldüyü barədə “ABC News” saytında məlumat yayılıb. Artıq Corciya ştatının səlahiyyətli orqanları insanın “dərisinin rənginə görə” döyülərək öldürüldüyü “irqi motivli” qətli araşdırmağa başlayıb. 

Cinayət ştatın Kleyton dairəsindəki Consboro həbsxanasında törədilib. Bu barədə dairənin şərifi L.Allen bəyan edib. Onun sözlərinə görə, məhkum Xakes Cekson “kamera yoldaşını, sadəcə, də­risinin rənginə görə əlləri və ayaqlıarı ilə qəddarcasına döyüb, başını unitaza çır­pıb və öldürüb”. Allen qətlə yetirilən məh­busun adını açıqlamayıb. 

“İstintaq zamanı məhbus Cekson bir neçə dəfə müstəntiqlərə deyib ki, mek­sikalıları, latın amerikalılarını sevmir və onları öldürmək istəyir”, – Allen bildirib. Saytın bununla bağlı sorğusuna Kleyton şərifinin cavabında deyilir ki, qatilə qarşı qəsdən adamöldürmə, ağırlaşdırıcı hal­larda hücum və qiyama cəhd ittihamı irəli sürülüb. 

Amma bu hadisə ABŞ-da irqçilik və rasizm halları ilə bağlı ilk cinayət deyil. Əslində, bu ölkədə irqi cinayətlərin yaşı ABŞ-ın tarixi qədər qədimdir. Bu ölkədə ən çox irqçilik halları qara, qırmızı dəri­lilərə, Latın Amerikası, Meksika, Asiya vətəndaşları və yəhudilərə qarşı törədilib. 

Hətta XİX əsirin ortalarında baş ver­miş müharibələr də ABŞ-da irqçiliyə son qoya bilməyib. Belə bir vaxtda “Ku Kluks Klan” adlı irqçi qruplar meydana çıxıb. Bu qrup ilk dəfə olaraq 1865-ci ildə Amerika­nın konfederasiya ordusunun veteranları tərəfindən ölkənin cənubunda yaradılıb. Həmin qrup qaradərililər və miqrantlarla mübarizə aparıb, onların mədəni azadlı­ğı və hüquqlarının əleyhinə çıxış ediblər. Onların hətta xüsusi paltar və papaqları da olub. Onlar ağdərililərin cəmiyyətin üstün təbəqəsi olması fikri ilə razılaşma­yanlara qarşı edam hökmü elan edib, zo­rakılıq üsullarına əl atıblar. 

Amerika tarixinin “qara səhifələrini” ifşa edən Martin Lüter Kinq hələ keçən əsrin 60-cı illərində özünün tolerantlıqla bağlı arzularını belə ifadə edirdi: “Ar­zum budur ki, irqçiliyin dəhşətli dərəcə­də yayıldığı, “məhv etmək” və “müdaxilə etmək” sözlərinin dildən düşmədiyi bu torpaqlarda bir gün ağdərili və qaradərili oğlan və qızlar əl-ələ verərək bacı-qar­daş kimi gəzsinlər".

Ağdərililərin Amerikasında quldarlı­ğa və irqçiliyə qarşı mübarizə aparan bu şəxs 1968-ci ildə məhz qaradərili olduğu üçün qətlə yetirilmişdi. Kinqin gerçəkləş­məyən Amerika arzusundan 50 il keçir və bu gün də ABŞ-da rasizm çiçəklənmək­dədir. Görünür, ənənələr unudulmayıb və Vaşinqtonun dünyaya insan haqları dərsi vermək iddiasının əksinə olaraq, bu gün də uğurla davam etdirilir. 

Misal üçün, bəzi faktlar. 2015-ci ilin yazında qaradərili gənc Mixael Broun ağdərili Darren Uilson tərəfindən vurula­raq öldürülüb. 2020-ci il avqustun 21-də Luiziana ştatında baş vermiş daha bir hadisə: 31 yaşlı afroamerikalı Treyford Pelleri polis tərəfindən saxlanılarkən, yəqin ki, aqibətinin yaxşı olmayacağını düşünərək qaçmağa cəhd edib. Lakin amansız polislər onu güllələyərək öldür­müşdülər. Pellerinin bədəninə 10-a qədər atəş açılmışdı. Bundan sonra etiraz ak­siyaları ölkənin bütün ərazisinə yayılmış, geniş iğtişaşlar baş vermişdi. 

Ölkədə irqi diskriminasiya ilə bağlı ABŞ-ın Ədliyyə Nazirliyi də xüsusi bə­yanatla çıxış edib. Bəyanatda qaradərili bir gəncin ağdərili polis tərəfindən öldü­rüldüyü Ferqüson qəsəbəsində polisin qaradərili insanlara qarşı irqçi davranış nümayiş etdirdiyi bildirilir. Nazirliyin he­sabatında polisin qaradərili insanların hüquqlarını bir neçə dəfə pozduğu qeyd edilir.

2020-ci il mayın 25-də isə ABŞ-ın Minneapolis şəhərində afroamerikalı Corc Floyd öldürülüb. İnternetdə Floydun saxta əskinaslarla ödəniş etməsi şübhəsi ilə saxlanılması anının videogörüntüsü yayılıb. Ağdərili polis afroamerikalının qoluna qandal vuraraq onu yerə yıxıb və sonra dizi ilə boynunu sıxıb. Floyd bu vəziyyətdə 9 dəqiqə saxlanılıb. Videoda onun nəfəs ala bilmədiyinə görə qışqır­dığı, ancaq polisin buna əhəmiyyət ver­mədiyi görünür. Nəticədə, Floydun ürəyi dayanıb.

Bu amansız cinayət ölkədə səbr ka­sasını daşıran son damla olub. Qətllə bağlı təkcə ABŞ-da deyil, dünyanın ək­sər ölkələrində rasizmə qarşı geniş miq­yaslı nümayişlər keçirilib. Amma görünən budur ki, özünü “demokratiya və azadlıq beşiyi” hesab edən, okeanın ortasında Azadlıq heykəli ucaldan bu ölkədə irqi və dini ayrı-seçkilik, bu xüsusda ikili stan­dartlar hələ də hökm sürməkdədir. Axı, nə vaxta qədər?.. 

Paşa ƏMİRCANOV
XQ

Dünya