Görkəmli dilçi alim, AMEA Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru, filologiya elmləri doktoru, professor Nadir Məmmədlinin ana dilimizin tarixinə işıq salan qiymətli bir mənbəni – Əbdürrəhim Ərdəbili Şirvaninin “Məzhər üt - türki” adlı klassik dərsliyini aşkara çıxarıb, tədqiq edib kitab şəklində oxuculara çatdırması ciddi elmi nailiyyətdir.
Əslən Güney Azərbaycanın Ərdəbil şəhərindən olan dərslik müəllifinin əlyazmasının tərtibçisi və şərhlərin müəllifi kimi Nadir müəllim əhatəli tədqiqat işi aparmışdır. Alim 30 səhifəlik “Ön söz”də dilimizin inkişaf yolunun, qrammatik və leksik normalarının tarixi təkamülünün öyrənilməsi baxımından yeni mülahizələr irəli sürmüş, türkoloqlar, şərqşünaslar, bir sözlə, linqvistoloq mütəxəssislər üçün dəyərli bir elmi mənbə ərsəyə gətirmişdir. Nadir Məmmədlinin “Ön söz”ü türk, ingilis, fransız dillərinə çevirməsi onun xarici aləmdə də maraq doğurub yayılması üçün önəmlidir.
Kitabla tanış olmağa başlayanda müəllifin adı və dərsliyə (risaləyə) vaxtilə qoyulmuş sərlövhə mənə tanış gəlmədi. Bu nəşrlə tanışlıqdan sonra aydın oldu ki, dərsliyin müəllifinin “Şirvani” təxəllüsünü götürməyinin səbəbi gənclik, yeniyetməlik illərində bir müddət Şirvanda – Şamaxıda yaşaması olmuşdur. Nadir Məmmədli bu barədə “Ön söz”də məlumat verir. Klassik metodiki vəsaitin sərlövhəsindəki “məzhər” sözü tanış gəlməsə də, “it-türki” kəlməsi Kaşğari “Divanı”nın adını xatırlatdı. Ərəb dilində “məzhər” sözünün dilimizə tərcüməsi “bir şeyin zahir olduğu yer; təzahür; yetişmə, nail olma” deməkdir.
Yəni dərslik müəllifi – Əbdürrəhim Ərdəbili Şirvani oxucusuna anladır ki, tarixən türk – Azərbaycan dili bu yerlərdə yaranmış, minilliklər boyu inkişaf etmiş, xalq isə əsrlər boyu onu yaşatmışdır. Azərbaycan türkcəsi əzəmətinə, gözəlliyinə və rəvanlığına görə heç də ərəbcədən, farscadan geri qalmır, onu bu yad sistemli dillərin təsiri altında əridərək məhv etmək Allah qarşısında böyük və bağışlanılmaz günahdır.
Tərtibçi Əbdürrəhim Ərdəbili Şirvanin “Məzhər üt - türki” dərsliyini Azərbaycan Səfəvi imperiyası ərazisində Qızılbaş türkcəsinin qrammatik qaydaları və leksik tərkibini öyrənmək üçün yazılmış ilk vəsait kimi səciyyələndirərək göstərir ki, müəllif “Məzhər üt-türki”nin əlyazmasının müqəddiməsində bu barədə məlumat verir və onu “gözəl türk dili” kimi təqdim edir. Səfəvilərin hakimiyyətə gəlişi zamanından Nadir şah Əfşarın hakimiyyətinədək, təxminən 250 illik bir dövrdə “Məzhər üt-türki”dən savayı, Azərbaycan türkcəsi barədə qrammatika və leksika ilə bağlı mənbə olmadığı üçün bu kitabın əhəmiyyəti dil tariximiz üçün əvəzsizdir.
Professor Nadir Məmmədlinin “Ön söz”də toxunduğu məsələlərin hər biri ciddi elmi mahiyyət daşıyır, geniş oxucu kütləsi üçün maraq doğurur. İrəli sürülən mülahizələr, elmi ümumiləşdirmələr bu klassik dilçilik əsərinin müasirlərimiz üçün gərəkliyini bir daha əsaslandırır. Dilçiliyə dair elmi qaynaqların sırasında layiqli yer tutacaq yeni kitab Nadir Məmmədlinin ana dilimizin tarixinin və nəzəri əsaslarının dərindən öyrənilməsinə dəyərli töhfəsidir.
Mahirə HÜSEYNOVA,
filologiya elmləri doktoru, professor