Yaxın Şərq: Yerüstü hərbi əməliyyatlara start verilib

post-img

Bu il oktyabrın 7-də HƏMAS yaraqlılarının İsrailin yaşayış məntəqələrinə qəfil hücumu və bu zaman dinc sakinlərə qarşı ağır zorakılıqlar törətməsi, xüsusilə, girovlarla qəddar rəftar beynəlxalq ictimaiyyət tərəfindən ilk gündən birmənalı olaraq qınanılır. Çünki, harada baş verməsindən asılı olmayaraq, terrorun hər bir təzahürü yolverilməzdir. 

Bununla bərabər, regionda gərginli­yin kəskin artması, son 22 gündə İsrail Müdafiə Qüvvələri tərəfindən Qəzza sakinlərinin aramsıəz aviazərbələrə məruz qalması, dinc, günahsız insan­ların həyatlarını itirməsi bəşəriyyəti narahat etməyə bilməz. Bu gün plane­timizdə sağlam düşüncəli hər kəs başa düşür ki, sülhə alternativ yoxdur və nəyin bahasına olursa-olsun regionda zorakılıqların qarşısı alınmalıdır. 

Təəssüf ki, indi Yaxın Şərqdə ürəkağrıdan hadisələr baş verir və bunun sonu görünmür. Dünən İsrail Ordusunun rəsmisi məlumat yayıb ki, bu ölkənin hərbçiləri Qəzza zolağının şimal hissəsinə daxil olaraq quru hərbi əməliyyatın miqyasını genişləndiriblər. Bildirilib ki, hələlik, İsrail hərbçiləri ara­sında itki yoxdur.

İsrail hərbçiləri bir neçə cəbhədə döyüşlər aparır. Dünən İsrail aviasiysı Livandan ölkə ərazisinə hücumlara ca­vab olaraq bu ölkəyə raket zərbəsi en­dirib. TASS xəbər verir ki, İsrail ordusu­na məxsus qırıcı təyyarə “Hizbullah”ın hərbi obyektini gecə saatlarında vurub. Livan rəsmiləri bu faktı nə təsdiq, nə də təkzib ediblər. 

Ən son məlumatlara görə, İsrail or­dusu Fələstinin HƏMAS hərəkatının hava qüvvələrinin rəhbəri Asem Əbu Rakabanı məhv edib. Rusiyanın “Kom­mersant” nəşri xəbər verir ki, o, sıradan biri deyil, belə ki, HƏMAS-ın dron hü­cumlarına və hava hücumundan mü­dafiə sisteminə cavabdeh şəxs olub.

Xəbərdə, həmçinin qeyd olunur ki, Asem Əbu Rakaba oktyabrın 7-də Qəzza zolağı ətrafında yəhudi icma­larının qırğınının planlaşdırılmasında fəal iştirak edib. O, İsrailə daxil olan yaraqlılara rəhbərlik edib və İsrail Or­dusunun postlarına pilotsuz təyyarələ­rin hücumuna görə məsuliyyət daşıyıb. 

Hadisə yerindən reportaj hazır­layan jurnalistlər bildirirlər ki, Qəzza zolağında əhalinin vəziyyəti olduqca ağırdır. Burada son günlər yaşanan yanacaq qıtlığı ərzaq yardımlarının dayanmasına səbəb olur. Belə ki, yanacaq tədarükü çörək istehsalı, is­tiliklə təminat və yardımların nəqliyyat vasitələri ilə müvafiq yerlərə daşınması üçün mühüm əhəmiyyət kəsb edir. Ya­nacaq isə demək olar ki, yoxdur. 

İtaliyanın paytaxtı Romada yer­ləşən BMT-nin Ümumdünya Ərzaq Proqramının rəsmisi bildirib ki, Qəzza­da, təxminən, 1,1 milyon insana ərzaq yardımı çatdırılması üçün qarşıdakı iki ay ərzində buraya hər gün, azı, 40 yük avtomobili daxil olmalıdır. Humanitar yardımların daxil olması dayandırılıb. 

Sonda bir daha xatırladaq ki, bu il oktyabrın 7-də sübh tezdən HƏMAS yaraqlıları İsrail ərazisinə bir neçə min raket atıb. Bunun fonunda İsrailin mil­li təhlükəsizlik naziri İtamar Ben-Qvir həmin gün ölkədə fövqəladə vəziyyət elan edib. İsrailin Baş naziri Binyamin Netanyahu isə ölkənin müharibə vəziy­yətində olduğunu bəyan edib. 

HƏMAS–İsrail müharibəsi başla­nan gündən son ana qədər, təxminən, 1,4 min İsrail vətəndaşı, 7 mindən çox fələstinli həlak olub. Ölən və yarala­nanların sayının artacağı ehtimal olu­nur.

Şahbaz ŞAMIOĞLU,
BSU-nun professoru, 
siyasi şərhçi

– İsrail–Fələstin müharibəsin­də kəskin eskalasiya baş verir. İsrail Silahlı Qüvvələri HƏMAS-ın 7 oktyabr hücumundan sonra yaraqlıları cəzalandırmaq üçün Qəzza bölgəsinin şimal hissə­sinə daxil olublar. Bu, o deməkdir, çoxdan gözlənilərn yerüstü hərbi əməliyyatlara start verilib. 

Bu, həm də o deməkdir ki, yaxın günlər ərzində tərəflər arasında döyüşlər daha da güc­lənəcək. HƏMAS Qəzzada geniş yeraltı sığınacaqlar və bunkerlər şəbəkəsi qurub. Yaraqlıların ciddi müqavimət göstərəcəyi ehtimal olunur. 

Sual olunur: Bölgədə gərgin­liyin qarşısını almaq olardımı? Cavab bəllidir: Əlbəttə, olardı. La­kin təəssüf ki, böyük güclər bunu istəmədilər. 

Məlumdur ki, ABŞ bölgəyə əlavə döyüş təyyarələri və gə­miləri göndərib. Makron Fransa­sı isə xüsusilə destruktiv mövqe nümayiş etdirir. Belə ki, Paris tərəfləri sülhə çağırmaq əvəzinə, HƏMAS-a qarşı beynəlxalq ko­alisiya təşkil etməyi təklif edir. Bununla da, Fransa Prezidenti klassik səlibçi konsepsiyasından çıxış edir. 

Dünya bunun fərqindədir. Bəli, Makron problemə səlibçi təfək­kürü ilə yanaşır. Yaxın Şərqdə hadisələrin gərginləşməsi Üçün­cü Dünya müharibəsi təhlükəsini aktuallaşdırır. Siyasi təhlilçilər bu qənaətdədirlər ki, Qərbin mü­naqişəni qızışdırması bu təhlükə­ni daha da real edir. 

Özünü “sivil, demokratik döv­lət” adlandıran, başqa vaxt insan hüquqlarından dəm vuran Yelisey sarayını hər gün Qəzzada ağır və aramsız aviazərbələr altında həlak olan yüzlərlə günahsız insanın fa­ciəsi qətiyyən düşündürmür. Qərb imperializminin xisləti budur!

M.HACIXANLI
XQ



Dünya