Qızılca: köhnə infeksiya yenidən baş qaldırıb

post-img

Şəkidə aşkar edilmiş yoluxma nəzarətdə saxlanılır

Səhiyyə Nazirliyinin Şəkidə qızılca infeksiyasının yayılmasına dair yaydığı məlumatda bildirilir ki, Azərbaycanda son illər yoluxucu xəstəliklərə qarşı aparılan profilaktik tədbirlər nəticəsində qızılca və məxmərək xəstəlikləri üzrə sabit epidemioloji vəziyyət müşahidə olunur. Bununla belə, cari ilin ötən dövründə Türkiyə, Rusiya Federasiyası, İran, Qazaxıstan, Gürcüstandan gətirilmə sporadik yoluxma halları müşahidə edilib. Təxirəsalınmaz profilaktik tədbirlər nəticəsində yoluxmanın geniş yayılmasının qarşısı vaxtında alınıb.

Məlumata görə, Şəki Şəhər İnteq­rasiya Təlimli İnternat Tipli Gimnazi­yanın şagirdləri arasında ötən ayın sonlarından başlayaraq, qızılca in­feksiyasına yoluxma halları baş verib. Belə ki, gimnaziyanın 22 sinfindən 18-də tək-tək yoluxma halları müşa­hidə olunub. Araşdırmalar nəticəsin­də məlum olub ki, bu hallar, əsasən, qızılcaya qarşı peyvənd olunmayan uşaqlar arasında baş verib.

Xəstəlik aşkarlanan uşaqlar izol­yasiya edilib, onlardan laborator müayinə üçün nümunələr götürülüb. Alınan nəticələrə əsasən, uşaqla­ra xəstəxana şəraitində tibbi yardım göstərilib. Amma gimnaziya fəaliyyə­tini dayandırmayıb. Dərslər xəstələrlə sıx təmasda olan digər uşaqlara gün­dəlik həkim baxışı və hərarət ölçül­məsi həyata keçirilməklə davam edir.

Hazırda gimnaziyada epidemi­oloji vəziyyət ciddi nəzarət altında­dır. Son yoluxma hadisəsi oktyabrın 6-da qeyd edilib. Bu tarixdən etibarən xəstəliyin inkubasiya dövrü tamamla­nana qədər (21 gün) ocaqda nəzarət işləri davam etdiriləcək. 

Qeyd edək ki, bu ilin fevral ayında da poliklinikalara qızılca xəstəliyi ilə bağlı çoxlu müraciət olmuşdu. Həmin müraciətlərdə də xəstəliyə yoluxanla­rın sırf vaksin almayanlar olduğu aş­karlanmışdı. 

Pediatr Vaqif Qarayev qızılca xəstəliyi, peyvəndin vacibliyi, həm­çinin Azərbaycanda bununla bağlı vəziyyət barədə sorğumuza müna­sibət bildirdi: 

– Qızılca infeksion xəstəlik ola­raq, adətən, uşaqlar arasında yayılır. Amma peyvənd almayan böyük yaşlı insanlar da hər hansı yaşda qızılcaya yoluxa bilirlər. Pandemiyadan öncə qızılca bizdə də geniş yayılmışdı. Yoluxmanın artması, xəstəliyə qar­şı peyvənd vurdurmamaqla bağlıdır. Hətta bir müddət əvvəl ÜST həyəcan təbili çalırdı ki, uşaqları peyvənd olun­mayan ölkələrdə qızılcanın epidemi­yası müşahidə edilir. 

Bütün yoluxucu xəstəliklər kimi, qı­zılca da uşaqlara, eləcə də böyüklərə hava-damcı yolu ilə keçir. Əlamətləri mərhələlərlə gedir. İlkin mərhələ üç-dörd gün çəkir. Hərarət 37,5–38 dərə­cə olur. Burun axır, öskürək başlayır, gözlər qızarır, konyuktivit əlamətləri müşahidə edilir. Sonrakı üç gündə səpki dövrü başlayır. Öncə üzdə, qulağın arxasında, sonrakı gün bə­dəndə, üçüncü gün əllərdə və ayaq­larda qırmızı ləkəli səpkilər müşahidə edilir. Qızılca xəstəliyində ağırlaşma olmasa, sonrakı üç-dörd gündə səp­kilər sönməyə doğru gedir və uşağın vəziyyəti yaxşılaşır. Amma müalicə qaydasına düzgün əməl edilməyəndə xəstəlik ağır formaya keçir. Xəstəliyin ən qorxulu ağırlaşması uşaqda qızıl­ca pnevmoniyası, bir də ensefalitin (baş beyininin zədələnməsi) baş ver­məsidir. 

Qızılca, məxmərək, epidemik pa­rotit kimi yoluxucu xəstəliklərdən qo­runmaq üçün yeganə üsul peyvənd vurdurmaqdır. Ümumiyyətlə, bütün yoluxucu xəstəliklərdən qorunmağın düzgün yolu vaksinasiyadır. Təəssüf ki, bizdə son vaxtlar peyvəndə qarşı əks münasibət yaranıb. Heç bir əsa­sı olmadığı halda, cəmiyyətdə “pey­vənd ağırlaşma verir”, “peyvənddən sonra qolu tutuldu, ayağı tutldu” – kimi əsassız fikirlər səslənir. Əslində, düzgün yol uşağın vaxtında peyvənd olunmasıdır. Peyvənd təqviminə uy­ğun olaraq uşaqlar iki dəfə – 1 ya­şında və 6 yaşında qızılca əleyhinə vaksin almalıdırlar.

Pediatr açıqlamasının sonunda dedi: “Buna görə də övladının sağ­lamlığını düşünən hər kəs Səhiyyə Nazirliyinin yaydığı məlumata biganə qalmamalıdır. Çünki qurum belə hal­ların qarşısının alınması məqsədilə bir daha vaksinasiyanın vacibliyini vurğulayır və hər hansı səbəbdən peyvənddən kənarda qalan uşaqla­rın yaşayış yeri üzrə uşaq əhalisinə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrində qızılca, epide­mik parotit və məxmərək infeksiyaları əleyhinə peyvənd edilməsini tövsiyə edir”.

Zərifə BƏŞİRQIZI
XQ



Səhiyyə