Rusiya–Ukrayna müharibəsi: mövqe döyüşləri davam edir

post-img

Son günlər Ukraynanın Donetsk vilayətinin Avdeyevka kəndi ətrafında gərgin döyüşlər gedir. Hər iki tərəfin ağır itkilər verdiyi bildirilir. Məlumatı UNİAN agentliyi yayıb. 

Bütövlükdə, hansısa bir tərəfin cid­di irəliləyişə nail olması hiss olunmur. Hərbi mütəxəssislər cəbhədə əsasən mövqe döyüşlərinin getdiyini vurğula­yırlar. Bu, ona dəlalət edir ki, rəqiblər ağır itikilərə yol verməkdən çəkinirlər. 

Qarşıdan isə şaxtalı qış günləri gə­lir. Artıq Ukraynada temperaturun kəs­kin aşağı düşməsi müşahidə olunur. Bu amil də geniş hərbi əməliyyatların aparılmasına maneçilik törədir. 

Bu arada dünən Maltada Ukray­naya dair üçüncü sülh sammitinin işə başladığı barədə xəbərlər yayılıb. Təd­birdə dünyanın 65-dən çox ölkəsinin təmsilçisi iştirak edir. Ukrayna Prezi­denti ofisinin rəhbəri Andrey Yermak “Telegram”da bildirib ki, sammitdə Qərb və Qlobal Cənub ölkələrinin xa­rici siyasət və milli təhlükəsizlik üzrə müşavirləri iştirak edir. 

Yermak, həmçinin qeyd edib ki, üçüncü sammitdə Ukrayna sülh formu­lunun beş maddəsinin icrası planları təqdim olunacaq və müzakirə ediləcək: nüvə, enerji və ərzaq təhlükəsizliyi, hu­manitar istiqamət (əsir və deportasiya olunan şəxslərin azad edilməsi), Uk­raynanın ərazi bütövlüyünün və dünya nizamının bərpası. “Bu planlar müxtəlif ölkələrin səfirliklərinin təmsilçilərinin, eləcə də beynəlxalq ekspertlərin daxil olduğu işçi qruplar tərəfindən hazırla­nıb”, – deyə Andrey Yermak yazıb.

Xatırladaq ki, bundan əvvəlki iki görüş Kopenhagendə və Ciddədə ke­çirilib. O vaxt Ukrayna təkcə birbaşa tərəfdaşları və müttəfiqləri deyil, həm də Ukraynaya dair neytral mövqe tutan Qlobal Cənub ölkələrinin təmsilçilərini cəlb etməyə müvəffəq olmuşdu.

Avropanın bəzi ölkələrinin Ukray­naya hərbi yardımları dayandırmaq fik­rində olduqları barədə məlumatlar da yayılır. Lakin Böyük Britaniya hökuməti rəsmən elan edib ki, Fələstin–İsrail müharibəsinə baxmayaraq, London Ki­yevə dəstəyini dayandırmayacaq. 

Belə ki, Birləşmiş Krallığın hö­kumət başçısı Rişi Sunak ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasın­da telefon danışığı olub. Britaniya hö­kumətinin başçısı Ukraynanın ərazi bütövlüyü və suverenliyi məsələsində ölkəsinin sarsılmaz öhdəliyini qeyd edib. 

Rişi Sunak və Volodimir Zelenski, həmçinin Ukraynada hərbi əməliyyat­ların gedişini, kritik infrastrukturun mü­dafiəsi və taxıl ixracı məsələlərini də müzakirə ediblər.

XQ

Dünya