Canəli Əkbərov: Mənim Xan Şuşinskidən öyrənmədiyim bircə məsələ qalmışdı

post-img

Yaddaşlarda yaşayanlar

Kəndimizdə Məhəmmədiyyə dayı deyilən bir ağsaqqal var idi. Sıravi kolxozçu idi. Nə zaman musiqidən, muğamdan, xanəndədən söz düşürdüsə, dərhal deyirdi ki, mən Soltannuxa kəndində Xan Şuşinskinin oxuduğu toyda iştirak eləmişəm. Əlavə edirdi ki, Xan həmin toya Bakıdan cavan bir xanəndə də gətirmişdi. O cavanın səsi eeeeyyy... göylərə çatırdı. 

***

Sonra öyrəndim ki, Xan Şuşinski Soltannuxa kəndinə, kolxoz sədrinin oğlunun toyuna gəlibmiş. Özüylə gə­tirdiyi cavan xanəndə isə Canəli Ək­bərov imiş.

***

Canəli Əkbərovun səsini, ifasını çox eşitmişdim. Hətta, oxuduğu “Mir­zə Hüseyn” segahının plastinkasını yataqxanada qoruyub saxladığım radionun üstündə yüz dəfələrlə səs­ləndirmişdim. Ancaq bir gün oxudu­ğum İncəsənət İnstitutunun hansısa auditoriyasından – bəli, zaldan və ya klubdan yox, məhz sinifdən onun sə­sini eşitdim. Qrup yoldaşımız, Segah muğamını məharətlə oxuyan Nüsrət Nəsirovla yaxınlaşdıq. Məlum oldu ki, Qulu Əsgərovun dərsidir və Canəli Əkbərov tələbə kimi oxuyur. 

Xatırladım ki, 1963–64-cü illər­də Azərbaycan Dövlət Filarmoniyası yanında muğam məktəbində Seyid Şuşinskinin, 1969–1972-ci illərdə isə Xan Şuşinskinin tələbəsi olmuş Canəli 70-ci illərin sonlarında İn­cəsənət İnstitunda qiyabi təhsil alırdı. Halbuki, o, 1965-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının, 1976-cı il­dən isə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti idi. 

***

Qərəz, yetmişinci illərin sonların­da Bakı kəndlərinin hansındasa toy­da idik. Orada dostum Nüsrətin tanı­dığı xanəndələrdən birini də gördük. Nüsrət həmin xanəndədən soruşdu ki, bu toyda sən də oxuyacaqsan? Dedi, yox, nə danışırsan, başda o boyda əjdaha oturub. Onun yanında oxumaq olar?

Canəli Əkbərovu nəzərdə tuturdu.

***

Sonralar Canəli Əkbərovla yüz dəfələrlə görüşdük. Teleradio Şirkəti­nin sədr müavini Mövlud Süleyman­lı radioda dörd saatlıq canlı yayım proqramı yaratmışdı. Şəfəq Əlixanlı və Zərxanım Əhmədlidən sonra məni də həmin proqramın aparıcıları sıra­sına yazdılar. O vaxt radioya kifayət qədər sənət adamlarını dəvət et­mişdik. Mən Canəli Əkbərovu dəvət edəndə Mövlud Süleymanlı tapşırdı ki, xanəndələrdən canlı yayımda ifa xahiş etməyin. Mən də Canəli müəl­limdən elə xahiş etmədim. Amma sonda xanəndə “bir ağız” oxudu və belə bir gülməcə əlavə etdi: “Dinləyi­cilər bilsinlər ki, verilişin qonağı rəs­sam yox, xanəndədir”. 

***

Məni tez-tez paytaxtın müxtəlif mədəniyyət müəssisələrində keçi­rilən tədbirlərə dəvət edirlər. Mən də iş yoldaşlarımızdan kimlərləsə birlik­də gedirəm. 2018-ci il fevralın 15-də Beynəlxalq Muğam Mərkəzində Kor Əhəd kimi tanınan məşhur qarmon ustası Əhəd Əliyevin 125 illik yubi­leyi münasibətilə keçirilən tədbirə də redaksiyamızdan bir neçə nəfəri dəvət etmişdim. Əliqismət Bədəlov həmin tədbirə Qəbələnin Soltannuxa kəndində yaşayan qayınatası Nəcəf Mustafayev və əmisi oğlu, peşəkar dənizçi Gülbala Bədəlovla birlikdə gəlmişdi. 

Tədbirdən əvvəl biz Canəli Ək­bərovla söhbət edəndə 90 yaşlı ( Al­lah ömrünü uzun eləsin, hazırda 96 yaşı var!) Nəcəf dayı yaxınlaşaraq dedi ki, Canəli müəllim, mən sizi 48 il qabaq öz kəndimizdə görmüşdüm. Xanəndə soruşdu ki, hansı kənd­də? Ağsaqqal dedi, Qəbələnin Sol­tannuxa kəndində. Canəli Əkbərov isə qayıtdı ki, orada məni yox, Xan Şuşinskini və onun cavan tələbəsi Canəli Xanəli oğlunu görmüsünüz.

Ağsaqqal soydaşımız xanəndəyə jurnalistsayağı sual verdi: – Xan Şu­şinskidən hər şeyi öyrənə bildinizmi? 

–Yox, qəlyan çəkməyi öyrənə bil­mədim! – deyə, xanəndə həmin sualı zarafatla cavablandırdı.

Şəkildə: Sağdan – Saatlını və Azərbaycanı okeanlarda və bey­nəlxalq dənizlərdə təmsil edən peşəkar dənizçi Gülbala Bədəlov, Əliqismət Bədəlov, Canəli Əkbərov, Nəcəf Mustafayev, İttifaq Mirzəbəyli və Canəli Əkbərovun tələbəsi. 

 

İttifaq MİRZƏBƏYLİ
XQ

Foto Rafiq Salmanovundur

Mədəniyyət