XQ-nin kitab rəfi

post-img

"Yaxşılıq bir güldür, solmaz dünyada"

Ötən əsrin ortalarında yazıb-yarat­mış el şairi Nəbi Dilsuzun (Molla Nəbi Kəlbəcərli) eyni adlı kitabının Azərbay­can Yazıçılar Birliyinin "Natəvan" klu­bunda təqdimatı keçirilib. 

Övladları Novruz və Həbib Nəbi­oğlunun nəşrə hazırladıqları topluya müəllifin ayrı-ayrı arxivlərdən toplan­mış müxtəlif mövzuları əhatə edən şeirləri – qoşma, təcnis, gəraylı, gözəl­ləmə və deyişmələri, eləcə də hələ 1939-cu ildə “Azərbaycan xalq dastan­ları” seriyası ilə buraxılmış “Dilsuz və Xəzangül”, “Fəzli və Məhluqa” das­tanları daxil edilib. 

AMEA Nizami Gəncəvi adına Ədə­biyyat İnstitutunun aparıcı elmi işçisi, dosent İlham Məmmədlinin “Ön söz” yazdığı toplunun redaktoru AYB üzvü Namiq Dəlidağlıdır.

Mən Nəbiyəm, soran yoxdu əhvalım,

Müddətdir çaşqındır huşum, xəyalım...

– deyən və ermənilər Kəlbəcəri iğşal edən zaman bir çox əlyazmaları orada qalan şairin bədii irsi bir çox ma­raqlı cəhətləri ilə fərqlənir.

Gənc şairlərin debütü

Maqsud İbrahimbəyov Yaradıcı­lıq Mərkəzində sənətə yeni başlayan Azərbaycan şairlərinin “Qəlbimizin hissləri” şeirlər toplusu işıq üzü görüb. 

Layihənin təşkilatçısı Lalə Həsəno­vadır. Gənc istedadların yaradıcılığının dəstəklənməsi baxımından əhəmiyyət­li olan poeziya toplusuna 20 müəllifin əsərləri daxil edilib. Onlar Günatay Hüseynova, Aytən Həsənzadə, Türkan Bayramzadə, Ləman Həsənova, Ma­riya Petriyenko, Bayram Məhərrəmov, Fidan Nəzərova, Timur Mirzəliyev, Aydan Allahyarova, Fidan Cəfərova, Lalə Muxtarova, Olqa Şalayeva, Lalə Əliyeva-Klıçkova, Nəzrin Hacı-Məm­mədova, Zülfiyə Babayeva, Günel Mahmudova, Aysel Məhərrəmova, Nina Tişşenko, Dilarə Mehdiyeva, Arzu Manaflıdır. 

“Əgər ölsəm, eləyin cismimə bayrağı kəfən” 

Cəlilabad rayon Veteranlar Təşkila­tının təşəbbüsü ilə Vətən müharibəsi şəhidi Əlikram Xanışovun yadigar şeir­lərindən ibarət kitabı nəşr etdirib. 

"Elm və təhsil" nəşriyyatında işıq üzü görən "Vətən uğrunda ölərəm" kitabın redaktoru rayon Veteranlar Təşkilatının sədri, Azərbaycan Yazı­çılar və Jurnalistlər Birliklərinin üzvü, "Sözün işığı" qəzetinin baş redaktoru Ədalət Salmandır. O, həm də kitaba "Azərbaycan yad eyləyəcək" sərlövhəli ön söz də yazıb.

Əlikram Xanışov 2000-ci ildə Göy­təpə şəhərində anadan olub. MAXE hərbi qulluqçusu idi. Vətən müharibəsi zamanı Suqovuşan uğrunda döyüşlər­də şəhadətə ucalıb. “Əgər ölsəm, elə­yin cismimə bayrağı kəfən”, – deyərək muradına yetən, doğulduğu şəhərdə adına bulaq tikilən şəhidin şeirləri də göstərir ki, onun şair təbi bulaq kimi qaynar olub.

Ə.DOSTƏLİ
XQ



Mədəniyyət