İstiqlalın şair qəhrəmanı

post-img

Savaşlarda zəfər təkcə silahla qazanılmır, söz səfərbərliyi də mühüm rol oynayır. Bu baxımdan, Türkiyə Cümhuriyyətinin qurulmasında istiqlalçı Mehmet Akif Ərsoyun mənəvi xidmətləri danılmazdır. O, şair, natiq, jurnalist və siyasətçi kimi alovlu çıxışları ilə İstiqlal savaşının mənəvi liderlərindən biri olub, yazdığı “İstiqlal Marşı” nın sözləri isə 102 ildir ki, qardaş ölkənin dövlət himni kimi hər kəsi sayğı duruşuna vadar edir. İnişil ekranlaşdırılan “Akif” filmi istiqlal şairinin həyat və mübarizə hekayəsini tamaşaçılara dolğun çatdırır. 

"Darçın" kinostudiyasında ərsəyə gələn filmin rejissoru Sədulla Şəntürk, ssenari müəllifi isə Hakan Haksundur. Ekran əsərinin məsləhətçiləri Mehmet Akif Ərsoyun nəvəsi Səlma Ərsoy Ar­gon, “İstiqlal marşı”nın ilk dəfə nəşr olunduğu "Sebilürreşad" jurnalının baş redaktoru Fatih Bayhan, Türkiyə­nin sabiq dövlət xadimi Yüksel Yalo­va və professor Yasin Aktaydır. Əsas rollarda Fikrət Quçqan, Yavuz Bingöl, Kıvanç Aktan və başqaları oynayıblar.

…İstanbul, 1920 ci il. Şəhər İn­giltərə işğalının kölgəsinə düşür. Mədəniyyət adlanan təkdişli canavar Mehmet Akifin 13 yaşlı oğlu Eminin məktəbini zəbt edir. Eminin nəzərin­də bu, bütövlükdə Vətənin işğalı an­lamına gəlir. Emin qismən həyatdan küsür, amma daxilində düşmənlərə qarşı savaş hissini də qorumuş olur. Mehmet Akif övladı ilə birlikdə doğma ailəsi və İstanbuldan ayrılmalı olur. Səfərə çıxarkən oğlu atasından hansı duanı etməli olduqlarını soruşarkən şair belə cavab verir:” Allahım, get­diyim yerdə qarşılaşdığımız insanlar bizi sevsinlər. Biz də onları sevək”. Bu dua filmin əsas motivinə çevrilir. Bundan da belə bir nəticə hasil olur ki, hürriyyət uğrunda savaşda əsas olan insan sevgisidir. Sevda, ümid dolu səfərlərdə Mehmet Akif və oğlu ölümlə də üz-üzə gəlirlər. Lakin milli mücadilə tərəfdarı Kuşçubaşı Əşrəf bəy onları xilas edir.

…Ankara. İstanbuldan fərqli ola­raq, bura işğala dirənən bir şəhərdir. Mustafa Kamal Paşaya ölüm fərman­ları çıxarılsa da, milli mücadiləçilər yollarından dönmürlər. Mustafa Kamal Emini görərkən istiqlal savaşının həm də uşaqlar üçün məktəblərin açılması məqsədilə aparıldığını söyləyir. Bu­nunla da aparılan mübarizədə məqsə­din gerçək mədəniyyəti inşa etmək olduğu anlaşılır. 

Filmdə Qurtuluş savaşının siya­si və mənəvi liderlərini birləşdirən bir dəyər də onların ata-babalarının qə­birlərinin işğal ərazisində olmasıyla bağlıdır. Atatürk həm də bu baxımdan Mehmet Akifin onu daha yaxşı anlaya­cağını deyir. 

Film boyu görünür ki, türk milləti İstiqlal savaşını yoxluq, ehtiyac içində aparıb. Savaşdan yorulmuş toplumu yeni hərbə hazırlamaq elə də asan məsələ deyildi. Bu, azmış kimi, mil­li mücadiləçiləri dinsiz adlandıraraq, onları xalqdan uzaq salmaq tenden­siyası güclü idi. Siyasi hiylələr ingilis imperyalizminin İslam adına qurduğu oyunun tərkib hissəsi idi. Mustafa Ka­mal bunun fərqində olduğundan Meh­met Akifə hava və su kimi ehtiyac duy­muşdu. Şair bir vaiz kimi, Allah adına aldadılan insanları aydınlatmağa çalı­şırdı. Filmdə onun bu səyləri öz əksi­ni Konyada məscid önündəki çıxışda tapır. O, insanlara milli mücadiləyə qoşulmayacaqları təqdirdə hindular və digər əsir-yesir xalqlar kimi acı tale yaşayacaqları barədə xəbərdar­lıq edir. Şairin arqumentləri hər kəsə inandırıcı gəlir və təsirsiz ötüşmür.

Mehmet Akifin insan sevgisi ilə bağlı duası da gerçəkləşmiş olur. Filmdə bu məqam şəhid anasının bir jestində öz əksini tapır: övladını Vətən uğrunda şəhid vermiş ana onun üçün toxuduğu corabları mücadiləçilərə ərməğan edir. Bu, o deməkdir ki, nə qədər çətinliklər olsa da, xalqda böyük zəfərə böyük inam var. Bu inam Vətən sevginin məhz imandan irəli gəldiyinə işarədir. 

…Tacəddin dərgahı. Bu yer “İstiq­lal Marşı”nı doğuran mənəvi ərazidir. Milli marş üçün müsabiqəyə 724 şeir təqdim edilsə də, heç biri qəbul olun­mur. Mustafa Kamal Paşanın marşın sözlərinin Mehmet Akif tərəfindən ya­zılmasında maraqlı olduğunu bilən o zamankı maarif naziri Həmdullah Sü­bhi bəy şairə məktub göndərərək on­dan kömək istəyir. Mehmet Akif him­nin mətni üzərində düz 10 gün ciddi şəkildə çalışır. Filmdə bu məqamlar öz əksini real kadrlarda tapır. Mehmet Akif marşı qələmə alanda ətrafdakılar onun yenidən şairliyə qayıtmasını se­vinclə qarşılayırlar. 

Nəhayət, böyük gün gəlir və “İs­tiqlal Marşı” Millət Məclisi tərəfindən qəbul olunur. Bu barədə qərar Mus­tafa Kamal Atatürkün "Bu marş bizim inqilabımızın ruhunu anladır" sözlə­rinə istinadla verilir. Məclisdəkilər ilkin adı "Qəhrəman Ordumuza" olan şeiri müəllifin səsləndirməsini istəyirlər, amma onun orada olmadığını görür­lər. Bu şərəf Böyük Millət Məclisinin kürsüsündən Həmdullah Sübhi bəyə nəsib olur və şeir ayaqüstə dinlə­nilir… Sonra marşın sözləri ingilis, alman, fransız, macar və fars dillə­rinə tərcümə edilərək ölkə daxilində və xaricində dərc olunur. Bir müddət müxtəlif musiqilərlə ifa edilən marşa Türkiyənin tanınmış bəstəkarı Osman Zəki Üngör mübariz himn səviyyəsin­də musiqi bəstələyir.

Onu da xatırladaq ki, həm də “Ça­naqqala şəhidləri" adlı şeiri dillər əz­bəri olan hürriyyətin şair qəhrəmanı, “İstiqlaliyyət” medalı ilə təltif edilən millət vəkili Mehmet Akif Ərsoy “İs­tiqlal marşı” üçün ona verilən 500 lirə məbləğində mükafatı Qızıl Aypa­ra Cəmiyyətinin xəttilə yoxsul qadın və uşaqlara iş öyrədən "Darül mə­sai" qurumuna bağışlayıb. O, özünün mənəvi missiyasını layiqincə yerinə yetirməsindən məmnun qalsa da, hə­min tarixi olaylarla bağlı belə demişdi: “Allah bu millətə bir daha “İstiqlal Mar­şı” yazdırmasın”. Yəni, cümhuriyyət, istiqlal əbədi olsun. Filmin sonunda bu cümlənin xatırladılması bir xalqın hür­riyətinin davamlı olmasının necə də ürəkdən arzu edildiyini, onu itirməyin nə kimi faciələr törədə biləcəyini sey­rçilərin diqqətinə çatdırmaq məqsədi daşıyır. 

Sonda xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2021-ci ili “Mehmet Akif və İstiqlal marşı ili” elan etmişdi. Bu münasi­bətlə həyata keçirilən layihələrdən biri də haqqında danışdığımız film­dir.

 

Vermə, dünyaları alsan da, bu cənnət Vətəni 

 

Mehmet Akif Ərsoyun “İstiqlal marşı” şeirindən: 

 

Basdığın yerləri “torpaq” deyərək keçmə, tanı,

Düşün altındakı minlərcə kəfənsiz yatanı.

Sən şəhid oğlusan, incitmə, yazıqdır, atanı,

Vermə, dünyaları alsan da, bu cənnət vatanı.

* * * 

Ruhumun səndən, İlahi, budur ancaq diləyi:

Dəyməsin məbədimin köksünə naməhrəm əli.

Bu azanlar ki, şəhadətləri dinin təməli,

Əbədi yurdumun üstündə mənim inləməli.

* * *

Qorxma, sönməz bu şəfəqlərdə üzən al bayraq;

Sönmədən yurdumun üstündə yanan ən son ocaq.

O mənim millətimin ulduzudur, parlayacaq;

O mənimdir, o mənim millətimindir ancaq.

* * *

Çatma, qurban olum, çöhrəni ey nazlı hilal!

Qəhrəman xalqıma bir gül! Nə bu şiddət, bu cəlal?

Sənə olmaz tökülən qanlarımız sonra halal…

Haqqıdır, haqqa tapan, millətimin istiqlal!

 

 

Ceyhun MİRZƏLİ,
Əli NƏCƏFXANLI
XQ



Mədəniyyət