Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 383 Bakı şəhəri, 26 oktyabr 2023-cü il

“Qida və yem məhsullarına sağ­lamlıq sertifikatlarının verilməsi Qay­dası və forması”nın təsdiq edilməsi haqqında

“Qida təhlükəsizliyi haqqında” Azər­baycan Respublikasının 2022-ci il 5 may tarixli 523-VIQ nömrəli Qanununun tət­biqi və Azərbaycan Respublikası Prezi­dentinin “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 26 yan­var tarixli 267 nömrəli, “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qa­nununun tətbiq edilməsi ilə bağlı əlavə tədbirlər barədə” 2003-cü il 23 oktyabr tarixli 969 nömrəli fərmanlarının ləğv edilməsi haqqında” Azərbaycan Respub­likası Prezidentinin 2022-ci il 24 iyun ta­rixli 1723 nömrəli Fərmanının 1.1.11-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Qida və yem məhsullarına sağ­lamlıq sertifikatlarının verilməsi Qaydası və forması” təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanla­rının normativ hüquqi aktlarının layihələ­rinin hazırlanması, razılaşdırılması, qə­bul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”nin 3.5-ci bəndinə uyğun edilə bilər.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 26 oktyabr tarixli 383 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

Qida və yem məhsullarına sağlamlıq sertifikatlarının verilməsi Qaydası və forması

 
1.  Ümumi müddəalar

1.1. Bu Qayda “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 26.6-cı maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının ərazisindən xarici ölkələrə ixrac və ya təkrar ixrac edilən qida və yem məhsullarına (bundan sonra - məhsul) idxalçı ölkələr tələb etdiyi hallarda, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (bundan sonra - Agentlik) tərəfindən sağlamlıq sertifikatlarının verilməsi qaydasını və formasını müəyyən edir.
1.2. Bu Qaydada istifadə olunan anlayışlar “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında nəzərdə tutulan mənaları ifadə edir.
 
2. Qida və yem məhsullarının sertifikatlaşdırılması

2.1. Məhsullara idxalçı ölkələr tələb etdiyi hallarda Agentlik tərəfindən idxalçı ölkələrin tələbləri nəzərə alınmaqla sağlamlıq sertifikatı (bundan sonra - sertifikat) verilir. 

  2.2. İdxalçı ölkələr tələb etdiyi hallarda Agentlik tərəfindən ixrac olunan heyvan mənşəli qida məhsullarına verilən sağlamlıq sertifikatı həmin məhsulların qida təhlükəsizliyi göstəriciləri ilə yanaşı, “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən heyvan sağlamlığı göstəricilərinə uyğunluğunu da təsdiq edə bilər. 

  2.3. Sertifıkatlaşdırılma prosedurları Agentliyin Avtomatlaş-dırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi vasitəsilə həyata keçirilir. 

  2.4. Sertifikatın alınması üçün “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 18.1-ci maddəsinə uyğun olaraq ərizə ilə Agentliyə ixracatçı tərəfindən müraciət olunmalıdır.

  2.5. Ərizədə aşağıdakı məlumatlar göstərilməlidir: 

  2.5.1. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.2-ci maddəsi ilə müəyyən edilmiş məlumatlar;

  2.5.2. ixracatçının elektron poçt ünvanı və telefon nömrəsi (olduğu halda), VÖEN-i, qeydiyyatına və ya təsdiqinə dair Qida Təhlükəsizliyi Reyestrindən çıxarışın nömrəsi;

2.5.3. məhsulun istehsalçısının adı və ünvanı (hüquqi şəxsin, xarici hüquqi şəxsin filialının və nümayəndəliyinin adı və hüquqi ünvanı, fərdi sahibkarın soyadı, adı, atasının adı və fəaliyyət ünvanı); 

2.5.4. məhsulun təyinat ölkəsində idxalçısının (qəbul edənin) adı və ünvanı;

2.5.5. məhsulun mənşə və təyinat ölkəsi;

2.5.6. məhsulun yüklənmə ünvanı;

2.5.7. məhsulun daşınacağı nəqliyyat vasitəsinin növü və dövlət qeydiyyat nişanı (o cümlədən qoşqunun);

2.5.8. məhsul haqqında məlumatlar: 

1. adı;

2. çəkisi (netto və brutto) və miqdarı;

3. qablaşdırmanın növü və sayı;

4. istehsal tarixi və yararlılıq müddəti;

5. partiya nömrəsi;

6. daşınması zamanı saxlanma şəraiti;

2.5.9. ərizəçinin istəyinə uyğun olaraq məhsulla bağlı laboratoriya tərəfindən aparılmış tədqiqin (sınağın) nəticəsinə dair protokolun sertifikata əlavə edilməsi barədə qeyd.

2.6. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla ərizəyə aşağıdakı sənədlər əlavə edilməlidir: 

2.6.1. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respub-likası Qanununun 18.2.1–18.2.3-cü maddələrində nəzərdə tutulmuş sənədlər;

2.6.2. ixrac üçün alqı-satqı müqaviləsi. 

2.7. İxrac edilən məhsullara sertifikat verilərkən təhlükəsizlik və minimum keyfiyyət göstəricilərinin müəyyən edilməsi məqsədilə Agentliyin mütəxəssisləri tərəfindən qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarda nəzərdə tutulmuş qaydada və miqdarda ixrac edilən məhsul partiyasından nümunələr götürülərək, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada akkreditasiyadan keçmiş laboratoriyalarda onların tədqiqi (sınağı) aparılır. 

2.8. Nümunələrin götürülməsi üçün qida təhlükəsizliyi sahə-sində texniki normativ hüquqi aktlarda nəzərdə tutulmuş metodlardan istifadə edilir. 

2.9. Bu Qaydanın 2.8-ci bəndində göstərilən metodların tətbiqi mümkün olmadıqda və ya belə texniki normativ hüquqi aktlar mövcud olmadıqda, Azərbaycan Respublikasının digər sahələrə aid texniki normativ hüquqi aktlarında nəzərdə tutulmuş məhsul nümunələrinin götürülməsi metodları tətbiq edilir. Əgər bu metodların da tətbiqi mümkün olmazsa və ya belə texniki normativ hüquqi aktlar mövcud olmazsa, Azərbaycan Respublikasının üzv olduğu müvafiq beynəlxalq təşkilatlar tərəfindən müəyyən edilmiş metodlardan istifadə olunur.

2.10. Nümunələrin laboratoriya tərəfindən tədqiqi (sınağı) ilə bağlı xərclər ərizəçinin vəsaiti hesabına ödənilir.

2.11. Nümunələrin tədqiqi (sınağı) ərizəçinin seçiminə uyğun olaraq “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada akkreditasiyadan keçmiş laboratoriyalarda və ya Agentliyin tabeliyində olan akkreditasiya edilmiş sınaq laborato-riyalarında həyata keçirilir.

2.12. Nümunələrin tədqiqi (sınağı) Agentliyin tabeliyində olan akkreditasiya edilmiş sınaq laboratoriyalarında aparıldığı halda, nümunənin tədqiqi (sınağı) yalnız ərizəçi tərəfindən məhsulun ekspertizası üçün müvafiq xidmət haqqı ödənildikdən sonra təmin edilir.

2.13. Bu Qaydanın 2.10-cu və 2.12-ci bəndləri nəzərə alınmaqla, məhsulların laboratoriyalar tərəfindən 7 (yeddi) iş günü ərzində tədqiqi (sınağı) aparılaraq nəticəsi Agentliyə təqdim edilir. Laboratoriyaların əsaslandırılmış müraciəti ilə həmin müddət  20 (iyirmi) iş günündən çox olmayan müddətə uzadıla bilər və qeyd olunan müddət sertifikatın verilməsi ilə bağlı 2.15-ci bənddə göstərilən müddətə daxil edilmir. 

2.14. İdxalçı ölkələr tələb etdiyi halda laboratoriya tərəfindən aparılmış tədqiqin (sınağın) nəticəsinə dair protokol sertifikata əlavə olunur. Protokolun sertifikata əlavə olunması üçün ödəniş tələb edilmir.

2.15. Sertifikatın verilməsi və bunun üçün dövlət rüsumunun ödənilməsi, sertifikatın dublikatının verilməsi, yenidən rəsmiləşdiril-məsi, ləğv edilməsi qaydaları “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir və sertifikat həmin Qanunla müəyyən olunmuş qaydada 7 (yeddi) iş günündən gec olmayaraq verilir.

2.16. Sertifikatın verilməsindən aşağıdakı hallarda imtina edilir:

2.16.1. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsi ilə müəyyən edilmiş hallarda; 

2.16.2. məhsullar qida təhlükəsizliyi və (və ya) minimum keyfiyyət göstəricilərinə uyğun olmadıqda;

2.16.3. məhsullar heyvan sağlamlığı göstəricilərinə uyğun olmadıqda.

2.17. Sertifikatın verilməsindən imtina edildikdə və ya ərizə baxılmamış saxlanıldıqda, Agentlik ərizənin qeydiyyata alındığı tarixdən 7 (yeddi) iş günündən gec olmayaraq, sertifikatın verilmə-sindən imtina və ya ərizənin baxılmamış saxlanılması haqqında inzibati akt qəbul edir. Həmin inzibati akt qəbul olunduğu tarixdən 2 (iki) iş günü müddətində subyektə (ərizəçiyə) təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. 

3. Sertifikatın forması

3.1. Sertifikatın forması bu Qaydanın əlavəsi ilə müəyyən olunur. 

3.2. Sertifikat unikal (təkrarlanmayan) elektron qaydada verilən eyniləşdirmə nömrəsinə malik olmaqla aşağıdakı tələblərə cavab verməlidir: 

3.2.1. daxil edilmiş məlumatlar düzgün olmalıdır;

3.2.2. imzalayan şəxsi və sənədin verilmə tarixini müəyyən-ləşdirməyə imkan verməlidir;

3.2.3. istinad olunan rəsmi tələbləri dəqiq ehtiva etməlidir.

3.3. Sertifikat ərizəçiyə kağız və elektron formada verilir. Sertifikatın kağız nüsxəsi hazırlanır və sənədin əsli Agentliyin səlahiyyətli şəxsi tərəfindən imzalanıb möhürlənərək ərizəçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.

3.4. Sertifikat Azərbaycan Respublikasının dövlət dilində və ingilis dilində verilir. 

3.5. Sertifikatın qüvvədə olma müddəti bir aydır (məhsulun yararlılıq müddətindən çox olmamaqla) və bu müddət ərzində məhsullar ixrac edilməzsə, sertifikat qüvvədən düşmüş sayılır.

3.6. Sertifikatın sahibi ona verilən sertifikatdan yalnız sertifikatda göstərilən məhsul partiyası üçün istifadə edə bilər. 

3.7. İxrac zamanı məhsul sertifikatla müşayiət olunur. 

 

Nazirlər kabinetinin qərarları