Ermənistan Naxçıvanla sərhəddə ekoloji təhlükə yaradır

post-img

Ermənistan Naxçıvan Muxtar Respubli­kası ilə həmsərhəd bölgədə və Türkiyə ilə sərhədə çox yaxın ərazidə - Arazdəyəndə ABŞ sərmayəsi ilə 70 milyon dollarlıq iri metallurgiya zavodu inşa etməyə hazırla­şır. Bu günlərdə Ermənistan mətbuatın­da bu barədə çap olunmuş “Ermənistan Arazdəyəndə iri metallurgiya zavodu tik­məyə hazırlaşır” sərlövhəli məqalə həmin ərazinin qonşuluğunda yerləşən Sədərək­də ciddi narahatlığa və narazılığa səbəb olub.

Zavodun inşası geniş zolaqda ətraf mühi­tin, ekosistemin pozulmasına, havanın zəhərli tullantılarla çirklənməsinə gətirib çıxaracaq. Sakinlər bildirirlər ki, zavodun yerləşəcəyi Arazdəyən kəndi Araz çayının kənarındadır. Zavoddan çıxan tullantılar, sözsüz ki, Araz çayına axıdılacaq. Bu da Naxçıvan, o cüm­lədən Sədərək sakinlərinin haqlı narazılığına səbəb olub. 

Rayon sakinləri bildiriblər ki, bu, Ermə­nistanın növbəti ekoloji cinayətidir. Çün­ki Araz çayının bir qolu olan “Şir arxı” da dəfələrlə ermənilər tərəfindən çirkləndirilib, canlılar məhv olub. Ermənistan zavod tikmək istəyirsə, sərhəddən kənarda da tikə bilər.

Sədərək rayonunun ekofəalları bildiblər ki, ərazidə zavodun inşası sərhəddə yerləşən Sədərəkdə mal-qaranın və əkinlərin məhvinə, insanların ciddi xəstəliklərlə üzləşməsinə gətirib çıxara bilər. Mütəxəssislər isə qeyd edirlər ki, müvafiq beynəlxalq konvensiya­nın şərtlərinə görə, hər bir dövlətin ərazisində planlaşdırdığı iri təsərrüfatın digər ölkələrin ərazisinə mənfi ekoloji təsiri ola bilərsə, bu fəaliyyət razılaşdırılmalı, ətraf mühitə təsirin qiymətləndirilməsi ilə bağlı sənəd hazırlan­malıdır. Azərbaycan və Ermənistan həmin Konvensiyanın tərəfləridir. 

“Xalq qəzeti”

Siyasət