İyunun 7-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Slovakiya Respublikasına səfəri çərçivəsində bu ölkənin xarici işlər və Avropa məsələləri üzrə naziri Miroslav Vlaxovski ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, Ceyhun Bayramov və Miroslav Vlaxovski arasında təkbətək müzakirələrdən sonra, hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirilib.
Görüşdə tərəflər ölkələrimiz arasında siyasi, iqtisadi, energetika, turizm, təhsil, kənd təsərrüfatı, hüquq-müqavilə və mədəni-humanitar sahələrdə mövcud olan ikitərəfli əməkdaşlıq əlaqələri barədə fikir mübadiləsi aparıblar. Cari il diplomatik əlaqələrin 30 illiyinin qeyd olunduğu, bu çərçivədə bir sıra mədəni tədbirlərin keçiriləcəyi diqqətə çatdırılıb.
Geniştərkibli görüş zamanı aparılan hərtərəfli müzakirələr zamanı əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluq ifadə edən tərəflər diplomatik təmsilçiliklərin genişləndirilməsi və yüksək səviyyəli qarşılıqlı səfərlərin intensivləşdirilməsi də daxil olmaqla ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi yollarını müzakirə ediblər.
Nazir C.Bayramov həmkarını postmünaqişə dövründə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi, Ermənistanla sülh müqaviləsi üzrə aparılan danışıqların cari statusu və Ermənistan tərəfinin müxtəlif bəhanə və təxribatlarla bu prosesi ləngitməsi, eləcə də mina təhdidləri barədə məlumat verilib. İşğaldan azad olunmuş Azərbaycan ərazilərində aparılan bərpa və yenidənqurma işləri və bu prosesdə Slovakiya şirkətlərinin iştirakı qeyd olunub. Bununla yanaşı, minaların təmizlənməsi sahəsində Slovakiyanın müvafiq mina təmizləyən avadanlıqlarının əldə edildiyi, bu sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyi bildirilib.
Slovakiyalı nazir Azərbaycanla ikitərəfli münasibətlərə olduqca böyük əhəmiyyət verildiyini və bu əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanların olduğunu qeyd edib. O, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması və regionda davamlı sülhün təmin olunması istiqamətində Avropa İttifaqı tərəfindən həyata keçirilən səylərə ölkəsinin dəstəyini diqqətə çatdırıb.
Geniş tərkibli görüşdən sonra nazirlər Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Sazişi imzalayıblar.
***
İyunun 7-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Slovakiyaya işgüzar səfəri çərçivəsində Milli Assambleyasının sədri Boris Kollar ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, görüşdə Azərbaycan və Slovakiya arasında dostluq və əməkdaşlıq ruhunda inkişaf edən münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə edilib. İki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi, keyfiyyətcə yeni səviyyəyə - strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi üçün səylərin birləşdirilməsinin vacibliyi vurğulanıb. Slovakiyada Azərbaycan səfirliyinin təsis edilməsi planlarının ikitərəfli münasibətlərin daha dərinləşdirilməsi nöqteyi-nəzərindən əlamətdar hadisə olduğu diqqətə çatdırılıb.
Görüşdə parlamentlərarası əlaqələrin, nümayəndə heyətlərinin qarşılıqlı səfər və görüşlərinin, o cümlədən beynəlxalq parlament təşkilatları çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətindən söz açılıb. Habelə, iki ölkə arasında çoxtərəfli formatlarda əməkdaşlığın davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.
Nazir Ceyhun Bayramov Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, sülh gündəliyinin irəli aparılması istiqamətində Azərbaycan tərəfindən atılan addımlar, Ermənistanın sülh prosesinə xələl gətirən hərbi-siyasi təxribatları barədə qarşı tərəfi məlumatlandırıb. Münaqişədən zərər çəkmiş ərazilərin reabilitasiyası və yenidən qurulması, habelə əhalinin reinteqrasiyası istiqamətində Azərbaycan tərəfindən atılan intensiv addımlardan bəhs edib. Slovakiya şirkətlərinin və investorlarının Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında birgə investisiya, bərpa və quruculuq layihələrində iştirak niyyəti yüksək qiymətləndirilib.
Görüşdə işğaldan azad edilmiş ərazilərin mina və partlayıcı maddələrlə kütləvi şəkildə çirklənməsinin bərpa və yenidənqurma işləri, habelə məcburi köçkünlərin öz evlərinə təhlükəsiz qayıtmasının təminatı üçün əsas maneə olduğu diqqətə çatdırılaraq, mina problemi ilə mübarizədə Slovakiya tərəfi ilə əməkdaşlıq məmnunluqla qeyd olunub.
Boris Kollar Azərbaycan-Slovakiya əlaqələrinin daha da inkişaf etdirilməsinə hərtərəfli dəstək verməyə hazır olduğunu bildirib. O, Azərbaycana səfərini məmnunluqla xatırlayıb və əməkdaşlıq üçün geniş potensialın mövcudluğunun şahidi olduğunu diqqətə çatdırıb.
“Xalq qəzeti”