Erməni elmi saxtakarlığı: uydurma tarixdən siyasi iddialara

post-img

Bu yazıda erməni tarixçilərin VII–XVI əsrləri əhatə edən, təxminən, minillik bir dövrdə cəfəng “Böyük Ermənistan” iddiası üçün “elmi əsas” yaratmaq avantürasına qısaca aydınlıq gətirəcəyik.

Tarixi həqiqət budur ki, əvvəlcə Ərəb xilafəti, sonra isə türk-müsəlman dövlət­lərinin siyasəti ermənilərə nisbi inkişaf və sabitlik gətirdi. Məhz bunun nəticəsində ermənilər təhlükədən xilas oldular və bun­dan istifadə edərək həmin ərazilərdə möh­kəmlənməyə başladılar. Erməni-qriqorian kilsəsi də bu prosesdə mühüm rola malik olub. Ermənistanda xristianlığın qəbulu ilə dövlətin ləğvi arasında elə də çox vaxt keçməyib. 

Ümumiyyətlə, xristian dövlətlərinin ta­rixində bir vacib məqam olub. Xristian dini ilə dövlət sıx bağlı olub. Erməni xristianlı­ğı isə dövlətdən məhrum olduqdan sonra onun naminə də fəaliyyətini genişləndirib. Azərbaycan torpaqlarının da “birləşmiş erməni dövlətinin” tərkibinə “daxil edilmə­sində” ruhanilərin böyük rolu olub və bu siyasət kilsə tərəfindən də davam etdirilib.

Ərəb xilafətinin yaxından iştirakı ilə erməni-qriqorian kilsəsinin Qarabağın dağlıq hissəsində alban əhalisinin qriqo­rianlaşdırılması və erməniləşdirilməsi si­yasətinə dəstək verilib. Erməni-qriqorian kilsəsi alban kilsəsinə qarşı da amansız mübarizə aparıb. Bu, sadəcə, dini rəqa­bət deyil, siyasi məqsədlərdən irəli gəlib. Qriqorian kilsəsi İslamın əhatə dairəsin­dən kənarda qalan albanları qriqorian­laşdırmaqla alban xristian irsi ilə yanaşı, onun torpaqlarına da iddia irəli sürüb. 

Məhz bunun nəticəsi idi ki, ermənilər Xilafətin dağılmasından sonra siyasi təş­kilatlanmağa, hətta Azərbaycan ərazisin­də meydana gələn bəzi dövlət qurumla­rını (Xaçın knyazlığı, Sünik çarlığı və s.) mənimsəməyə çalışıblar. Halbuki, burada yalnız kilsənin təsiri altında qriqorianlaş­mış alban nəsillərindən bəhs oluna bilər.

Türk-müsəlman dövlətləri isə ermə­nilərə xeyirxah münasibətləri ilə fərqlənib. Səlcuqlar, necə deyərlər, erməniləri Bizan­sın əlindən xilas ediblər. Bir sıra erməni si­yasi qurumları, o cümlədən Kilikiya çarlığı (108–1375) da bu dövrdə meydana gəlib. Daha mühüm bir hadisə isə Qaraqoyunlu­lar dövründə baş verib. Cahanşah tərəfin­dən erməni–qriqorian kilsəsi mərkəzinin 1441-ci ildə Eçmiədzinə (Üçkilsəyə) köçü­rülməsi ilə ermənilərin mövqeyinin möh­kəmlənməsinə yeni stimul yaranıb.

Ermənilər Ərəb xilafətinin dağılmasın­dan sonrakı ənənəyə uyğun olaraq, bu dövrdə də Azərbaycan ərazisində mey­dana gələn məliklikləri özününkü hesab etməyə çalışıblar. Beləliklə, ermənilərin Azərbaycan torpaqlarına qarşı siyasi iddia­ları formalaşmağa başlayıb. Bütün bunlara baxmayaraq, istər Qaraqoyunlu, istərsə də Ağqoyunlular zamanında və 1501-ci ildə meydana gələn Mərkəzləşdirilmiş Azər­baycan Səfəvi dövlətinin ilk dövründə güc­lü hakimiyyət ermənilərin baş qaldırmasına imkan verməyib. Bununla da, ermənilərin Azərbaycan torpaqlarına siyasi iddiaları onun ələ keçirilməsi uğrunda xəyanətkar fəaliyyət üçün də zəmin hazırlayıb.

Ermənilərin Osmanlı hakimiyyətinə keçməsi ilə yeni bir şərait meydana gə­lib. Yeni yaranmış geostrateji vəziyyətdə Avropa üçün onun rəqibi kimi Osmanlı dövlətinin xristian əhalisi olan ermənilə­rin əhəmiyyəti artıb. Ermənilər də fürsət­dən istifadə edərək Avropa dövlətlərindən Osmanlı və Səfəvi hakimiyyətinə qarşı mübarizədə vasitəyə çevrilməyə başla­yıb. Erməni tarixşünaslığı bunu azadlıq hərəkatı kimi qələmə verməyə çalışır. Bu məsələ erməni tarix konsepsiyasının fundamentlərindən birinə çevrilib. “Böyük Ermənistan” mifindən çox bəhs edildiyi halda bu məsələ diqqətdən kənarda qalıb.

Azadlıq hərəkatı prinsipcə əsarət al­tında olan xalqın müstəmləkəçilərə qarşı ümumxalq mübarizəsini, dövlət yaratması və ya bərpasını nəzərdə tutur. Ermənilər də bunu nəzərə alaraq belə bir mövzuya xüsusi önəm verməyə çalışırlar. Bu za­man da elmi baxımdan ciddi yanlışlığa yol verirlər. Erməni tarix kitablarında XVI–XVIII əsrlər “azadlıq hərəkatı”nın mühüm dövrü kimi ayrılır. Cənubi Qafqazda Rusi­ya işğalından sonra azadlıq hərəkatı yal­nız Osmanlı dövlətinə aid edilir.

Erməni tarixşünaslığının “azadlıq hərəkatı” barədə konsepsiyasının forma­laşmasının gedişi də bu məsələyə ay­dınlıq gətirir. A.R.İoannisiyanın kitabında XVIII əsrin 80-ci illərində azadlıq hərəka­tından bəhs olunur, P.T.Arutyunyanın kita­bında isə bu hərəkatın xronologiyası XVIII əsrin birinci rübünə aparılır. Daha sonra isə xronologiya bir qədər də dərinləşdirilir və XVI–XVII əsrlərə aparılır.

Erməni azadlıq hərəkatı kimi təqdim edilən mövzunun məzmunu da bu məsələ­nin mahiyyətinə uyğun gəlmir. Belə ki, bu barədə müddəaların ümumiləşdirildiyi er­məni xalqının tarixinə dair kitabların mü­vafiq hissəsini nəzərdən keçirdikdə, əslin­də, “azadlıq hərəkatı”na aid bir elmi fakt da verilmir, yalnız bəzi gizli yığıncaqlardan bəhs olunur. Ən diqqətəlayiq məsələlər­dən biri də odur ki, “azadlıq hərəkatı”nın ideologiyası kimi təqdim edilən heç bir fikir göstərilən coğrafiyada nə meydana gəlir, nə də dəstəklənir.

“Erməni azadlıq hərəkatı” kimi təqdim edilən məsələdə Azərbaycan torpaqlarına mühüm yer ayrılır. Bu məqsədlə əvvəllər olduğu kimi, Azərbaycan torpaqları və burada meydana gələn dövlət qurumları Ermənistan kimi qələmə verilir. 1555-ci il və onu təsdiq edən 1639-cu il müqavilə­si ilə Ermənistanın bölüşdürülməsi, onun qərb hissəsinin Osmanlı imperiyasına, şərq hissəsinin, yəni Qərbi Azərbaycan torpaqlarının isə Səfəvilərə çatması iddia olunur. Bununla da 387-ci il Roma-Sasa­ni müqaviləsi ənənəsi davam etdirilir, bu hadisələr arasında varislik yaradılmasına cəhd olunur. 

Tarixi faktlar 387-ci il müqaviləsi kimi, 1639-cu il müqaviləsi barədə də erməni müddəasını təsdiq etmir. Türkiyə – İran (əslində, Səfəvi) sərhədi üzrə komissi­yanın komissar–vasitəçisi Y.İ.Çirikov bu barədə yazırdı ki, bu traktatın tam doğru mətni, məlum olduğuna görə, saxlanma­mışdır. Onun kitabına müqavilənin tər­cümə edərək əlavə etdiyi mətnində isə erməni ilə bağlı heç bir ifadə yoxdur.

“Şərqi Ermənistan”da, yəni Azərbay­can torpaqlarında hələ XV əsrdən möv­cud olduğu bildirilən yarı muxtar erməni dövlət qurumlarına Xəmsə məliklikləri (1603-XVIII əsr) də əlavə edilir. Xəmsə məlikliklərinin erməni dövlətçiliyinə aid edilməsi kimi, “yarı muxtar erməni dövlət qurumu” haqqında anlayışın özü də tama­milə səhv olub, dövrün heç bir hüquqi-si­yasi sənədi ilə təsdiq olunmur və s.

Beləliklə, “erməni azadlıq hərəkatı” kimi təqdim edilən fəaliyyət mahiyyətcə xarici dəstək vasitəsilə Azərbaycan tor­paqlarını işğal cəhdindən ibarət idi. Son­rakı dövrdə isə Qarabağ və İrəvan torpaq­ları Rusiya imperiyasına “erməni dövlət qurumları” kimi deyil, məhz Azərbaycanın əzəli əyalətləri kimi birləşdirilib.

 

Kərim ŞÜKÜROV,
AMEA Tarix İnstitutunun baş direktoru, professor



Siyasət