Ulu Göyçə, saza od ver, köz saxla

post-img

Göycədə doğulub-böyümüş, onun sadiq övladı olmuş, doğma yurddan aralı düşdüyü illərdə isə vətən həsrətini yaradıcılığının baş mövzusuna çevirmiş mərhum şair-publisist Eldar İsmayılın sözləridir: “Ulularımızın əməlləri yaddaşa, kökə, baba əxlaqına çağırır bizləri”.

Azərbaycan türk mədəniyyətinin al­lı-güllü yaylağı sayılan ulu Göyçə həm də saz-söz, şeiriyyət sənəti səltənətidir. Göyçəninmi, yoxsa Azərbaycanınmı yaddaşıdır Eldar İsmayıl?! Daha dürüst desək, türkün minilliklərə enən, neçə-neçə minilliklərdən gələn qan yaddaşı­dır Eldar İsmayıl şeiriyyəti. O yaddaş ki, halallıq, əzəmət, cəsarət, mərdlik kimi ülvi dəyərlərdən doğulmuşdur:

Dədəm Qorqud soy soylayıb Ayğırda,

Qopuz tutub, boy boylayıb Ayğırda,

Salur Qazan oy oylayıb Ayğırda,

Qaraca Çoban burda sapand tutubdu,

“Qılınc Qaya” o sapanddan qopubdu.

Eldar İsmayıl torpaqla, Vətənin da­şı-çınqılı ilə nəfəs alan böyük şairimiz idi. Göyçə kimi bir Cənnət itirəsən, ila­hi məkan itirəsən... sonra isə sakitcə evində oturub gözləyəsən ki, torpağım nə vaxt yağılardan azad olunacaq?!. Bu idi onu yandıran və həsrət tonqalına çevirən. Sözlər deyil, od–alov idi onun qəlbində qopan. O sözlər qanımızdan, genimizdən, Uca Türk adından – Göyçə ruhundan gəlirdi:

Ulu Göyçə, bir qopuzun tufanı,

Çənlibeidən dönüb tökər dumanı...

Səndə yaşar Dədəm Qorqud imanı!

Şəhriyar ruhlu şairin yaradıcılığı haqqında çox eşitmişdim. Eyni zaman­da, vurğunu olduğum şairimiz Zəlimxan Yaqubun “Göyçə dərdi” poeması da məni çox kövrəltmişdi...

“Ulu Göyçə, de yatanlar ayılsın” poe­masını oxuyur, oxuduqca isə yenidən o gözəl diyarı, o cənnət məkanı qarış-qa­rış gəzirəm. Təkcə tanış məkanlar, ta­nıdığım insanlar, bizlərə xas həyat tərzi deyil, o yerlərin şirin ləhcəsi, lətifələri, arxaik sözləri, sinələri folklorla, minillik­lərdən axıb gələn dəyərlərlə dolu olan bir mahalın bizlərdən necə “ucuz” qo­parıldığına dönə-dənə ağlayıram... 

Bu Vətən ətrini mənim kimi minlər­lə adamın köksünə, ruhuna ötürən isə bizləri yenidən Göyçəli dunyaya aparan Eldar İsmayıl Böyüktürk yaradıcılığıdır. Uzun hörüklü yatmış gözəli xatırladan Göyçə gölünün (bizlər ona dəniz deyər­dik) firuzəyi rəngi – mavi gözləri göz­lərim önündə bir daha canlanır. Tarixi məkanlar, etnoqrafiyalar, övliyalar–şəx­siyyətlər məkanı, üsyankar ruhlu–türk xislətli, cahillikdən–cəhalətdən uzaq bir mahal: “Ulu Göyçə, de, yatanlar ayılsın” adlı gözəl poemasındaşair Göyçədə qa­lan, yaşanmamış nakam sevgimizi, bu nakam istəyimizi obrazlı qaydada bu acı həsrətimizi necə də gözəl ifadə edir:

Ulu Göyçə, saza od ver, köz saxla,

Mən gəlincə Oğuzlardan iz saxla.

Bir ad deyim, dəftərinə yaz, saxla,

Millət ünlü bir ozandı bu Eldar!

Göyçə adlı dərd qazandı bu Eldar!

Qərbi Azərbaycan, ulu Göyçə ma­halının neçə-neçə minilliklərdən bu yana yetirdiyi sazlı-söhbətli dünyanın daha bir istedadlı, zəhmətkeş oğludur Eldar müəllim. Elə birisi ki, yeni söz de­mir, daha doğrusu, içindən gəlir Göyçə sevgisi. Bu, sevgi dolu haray, üsyan idi. Göyçə adlı ilahi vergidən qaynaqlanıb Eldar İsmayıl dünyası. O dünya ki, ha­lallıqdan, işıqdan, nurdan, bərəkətdən yoğrulub onun mənəviyyat aləmi. Eldar İsmayıl üçün dünyanan ən gözəl, ən ila­hi Yer üzüdür Göyçə. 

Göyçənin tarixi yatır onun yaradıcılıq dünyasında – istər şeiriyyət aləmində, istərsə də sənəd və faktlar əsasında yazılmış tarixi roman və nəsr əsərlərin­də. Onun göycə barədə poemasından duyduğum və anladığım odur ki, göyçəli doğulmaq da, göyçəli olmaq da bir xoş­bəxtlik imiş: 

Göz önündə “Qara Quzey” örüşü,

Qartallarla palıdların görüşü,

“Korabulağa” ağır ellər gəlişi,

Abbas kişi bir gün elsiz olmayıb!

Onsuz burda şir də çəhlim salmayıb!

Bu misralarda haqqında söhbət açı­lan kişi mənim Ana babam Abbas Yu­sif oğlu Əhmədovdur. Göyçənin mərd, çörək verən kişilərindən biri olub. Uzun illər Qərbi Azərbaycanda məsul və­zifələrdə çalışıb.

Tarixi məkanlar, tanış adlar, cığır­lar, izlər–elə bil ki, üz tutub gəzirik–bü­tün Göyçə mahalını. Və mahalda yer­ləşən kəndlərin adları, hər kəndin isə özünəməxsus xarakteri. Bu yerləri gəzib dolaşdıqca isə içimizdəki nisgil azalmaq əvəzinə daha da artır: Ulu Göyçədən Ulu Şəhriyara göndərilən SALAM məni həm kövrəldir, həm də ki,... həm də ki, “Heydərbabaya Salam” xəyalımı uzaq­lara–Göyçəli günlərə aparır:

Bizdən də mümkünsə, bir yad eylə,

Açılmayan ürəkləri şad eylə... 

Eldar müəllimin göndərdiyi salam isə məhz sazlı-sözlü olmalıdır, lap elə Göy­çənin özü kimi sazlı–söhbətli olmalıdır, çünki Göyçə təkcə aşıqlar yurdu deyil- aşiqlər, aşıqlar məkanıdır, Dədə Ələsgər sədalı, Aşıq Alı soraqlıdır! Miskin Abdal övliyalığı, Seyid Bayram Ağa ocaqlı, Mir Yaqub Ağa sədalı müqəddəs məkandır Göyçə. Bu aşıqlar-aşiqlər yurdunun şe­iriyyət ruhlu Ozan Heydər ruhlu – Vətən sevdalı oğludur Eldar İsmayıl:

Ulu Göyçə, Şəhriyara saz göndər,

Salamımı bir məktuba yaz göndər,

Şah dağından Savalana buz göndər

Ürəklərdə bir istilik, sərinlik.

Məhəbbətdə dəryalarca dərinlik… 

Onun yaradıcılığı o qədər şaxə­li, hərtərəflidir ki, heç bilmirəm hansı səmtdən boylanam, hansı prizmadan yanaşam. Vətəndaş mövqeli, Azərbay­can–Göyçə sevgili Eldar İsmayılın ya­radıcılıq dünyası olduqca geniş, əhatə­lidir ki, bu Böyük türkün yaradıcılığının bütün istiqamətləri Azərbaycanın sa­bahı naminədir. İçərisində gəzdirdiyi, əsərlərində minbir məhəbbət və ehti­ramla vəsf etdiyi Azərbaycan–Göyçə sevgisi Onunla yaşayır və hər birimizi təkrar-təkrar o gözəl, o ilahi yurda dön­məyə çağırır.

 

Məlahət İSMAYILQIZI,
şair-publisist



Sosial həyat