Yeni təhlükəsizlik arxitekturası necə qurulacaq?
Ukrayna prezidenti Vladimir Zelenski bir daha bəyan edib ki, Kiyev Rusiya tərəfindən işğal olunmuş ərazilərin anneksiyasını heç vaxt tanımayacaq. Onun sözlərinə görə, bu, yalnız milli suverenlik məsələsi deyil, həm də beynəlxalq hüququn qorunması baxımından prinsipial mövqedir. Əgər Ukrayna güzəştə getsə, bu, qlobal miqyasda “güclünün haqqı” qaydasını leqallaşdırmış olardı ki, bu da Avropa və dünya üçün təhlükəli presedent yaradardı.
Zelenski, həmçinin qeyd edib ki, Rusiyanın genişmiqyaslı müharibədə strateji üstünlük qazanmaq imkanları məhduddur. O xatırladıb ki, 3 ildən artıq davam edən müharibəyə baxmayaraq, Moskva Donetsk vilayətinin yalnız üçdə birinə nəzarəti ələ keçirə bilib. Bu, Rusiyanın uzunmüddətli resurslarının tükəndiyini və sürətli hərbi qələbə perspektivinin olmadığını göstərir.
Prezidentin vurğuladığı “qırmızı xətlər” təkcə ərazilərin geri qaytarılması ilə məhdudlaşmır. Ukraynanın NATO-ya qəbul olunmaması məsələsində ABŞ-ın mövqeyi əvvəlcədən bəlli idi, lakin Zelenski qeyd edir ki, bu, Ukraynanın təhlükəsizlik zəmanətlərini istisna etmir. Qərb müttəfiqlərinin hazırda müzakirə etdiyi mexanizmlər – xüsusən də İsrail modelinə bənzər kollektiv dəstək sistemi – NATO-nun 5-ci maddəsinə tam alternativ olmasa da, praktik baxımdan Ukraynanın müdafiəsini gücləndirə bilər.
Bu zəmanətlər Ukraynaya hücum halında Qərb dövlətlərini 24 saat ərzində hərəkətə keçməyə, həm iqtisadi, həm də hərbi yardım göstərməyə məcbur edəcək. Ən mühümü isə odur ki, artıq 30-a yaxın dövlət bu prosesdə iştirak etməyə hazır olduğunu bəyan edib. Bu, qlobal təhlükəsizlik arxitekturasında yeni bir modelin formalaşması kimi dəyərləndirilə bilər: NATO üzvlüyü olmadan da kollektiv müdafiə mexanizminin yaradılması.
Zelenski Ukraynanın yeni uzaqmənzilli raketi barədə də məlumat verib. O, xüsusi olaraq bildirib ki, bu raket proqramı Ukraynanın öz müdafiə qabiliyyətini gücləndirməkdir. “Flamingo” uzaqmənzilli raket proqramı məhz bu məqsədə xidmət edir. 3 min kilometr uçuş məsafəsinə malik bu sistem Ukraynanın təkcə özünü müdafiə etməsinə deyil, həm də Rusiya üçün strateji balansı dəyişdirməsinə imkan verə bilər. Əgər proqram planlaşdırıldığı kimi inkişaf etsə, 2026-cı ildən etibarən Ukrayna postsovet məkanında öz hərbi texnoloji üstünlüyünü ortaya qoya bilər.
Moskva ilə mümkün danışıqlara gəldikdə isə Zelenski kompromissiz mövqeyini qoruyur. O bildirir ki, yalnız neytral ölkələrdə – İsveçrə və ya Avstriyada görüş baş tuta bilər. Budapeştin təklif olunması isə Ukraynanın etimadını qazanmayıb, çünki Macarıstan müharibə boyu Kiyevə dəstək verməyib. Bu, əslində, Zelenskinin diplomatiyada “etibarlı vasitəçi” konsepsiyasına sadiqliyini göstərir.
Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak da Vladimir Putin və Vladimir Zelenskinin görüşü üçün mümkün yerlər kimi Vatikan, Cenevrə, İstanbul və Səudiyyə Ərəbistanını göstərib. Onun sözlərinə görə, Budapeşt Kiyev üçün “sevilən istiqamətlər sırasına daxil deyil”. “Corriere della Sera” qəzetinə verdiyi müsahibədə Yermak əvvəlcə Rusiya və Ukrayna prezidentləri arasında danışıqların, sonra isə ABŞ prezidenti ilə üçtərəfli sammitin planlaşdırıldığını bildirib. Görüşün harada keçiriləcəyi ilə bağlı suala cavab olaraq hələlik bilmədiyini deyib. Eyni zamanda, müsahibənin mətnindən onun ikitərəfli, yoxsa üçtərəfli görüş haqqında soruşulduğu aydın deyil: “Bir neçə yer nəzərdən keçirilir: Cenevrə, İstanbul, Vatikan, Səudiyyə Ərəbistanı... Əlbəttə ki, biz bunun Avropa olmasını istərdik”.
Bu arada ABŞ prezidenti Donald Trampın sülh sazişi çərçivəsində “ərazi mübadiləsi” təklifi okeanın o tayında da geniş müzakirələrə səbəb olub. “The Hill” nəşrinin məlumatına görə, The Economist/YouGov-un sorğusunda iştirak edən amerikalıların 68 faizi müharibə başa çatdıqdan sonra Rusiyanın Ukrayna ərazisinin heç bir hissəsini almamalı olduğunu deyib. Respondentlərin 21 faizi bu məsələdə fikrini bildirməyib, yalnız 5 faizi müəyyən ərazilərin, 2 faizi isə Ukraynanın yarısının Rusiyaya verilməsini dəstəkləyib.
Hərbi ekspert İvan Stupak xatırladıb ki, ərazi mübadiləsi hüquqi, fiziki və hərbi baxımdan qeyri-mümkündür. Onun sözlərinə görə, Kreml hərbi uğursuzluqlar səbəbindən bu mövzunu gündəmdə saxlayır. “Axios” nəşri isə yazır ki, prezident Tramp Putinə ərazi məsələsini yalnız Zelenski ilə müzakirə etməyi məsləhət görüb və onu “realist” olmağa çağırıb. Eyni zamanda, Putinin beynəlxalq təhlükəsizlik zəmanətləri ideyasına etiraz etmədiyi, amma zəmanətçilər sırasına Çini də daxil etmək istədiyi bildirilir.
Bir sözlə, prezident Zelenskinin açıqlamaları göstərir ki, Ukrayna təkcə ərazilərinin müdafiəsi uğrunda deyil, həm də beynəlxalq sistemin gələcəyi uğrunda mübarizə aparır. Qərb dövlətlərinin dəstəyi Ukraynanın mövqelərini möhkəmləndirsə də, əsas yük hələ də Ukraynanın öz üzərindədir. Beləliklə, bu müharibə yalnız regionun deyil, bütövlükdə XXI əsrin geosiyasi qaydalarının müəyyənləşməsində həlledici rol oynayacaq.
Səbuhi MƏMMƏDOV
XQ