Tibbi müayinəyə tələsin!

post-img

Yevlax şəhərində “Erkən müayinə can qurtarır!” adlı səyyar tibbi müayinə və maarifləndirmə aksiyası təşkil olunub. Nazirliyin mətbuat xidmətindən bildirilib ki, PAŞA Holdingin və Səhiyyə Nazirliyinin dəstəyi ilə reallaşan tədbirin əsas məqsədi regionda ictimai sağlamlıq savadlılığını artırmaq, erkən diaqnostikanın əhəmiyyətinə diqqət çəkmək və əhali üçün əlçatan tibbi xidmət imkanlarını genişləndirməkdir.

Gün ərzində aksiyada Yevlax və ətraf rayon sakinlərinin müayinəsi həyata keçirilib. Aksiyaya qanda şəkər və arterial təzyiqin ölçülməsi, ilkin laborator analizlər, terapevt, nevropatoloq, pediatr və endokrinoloq müayinələri, tibbi məsləhət və yönləndirmələr daxil olub.

Səyyar tibbi heyət tərəfindən risk qrupuna daxil olan şəxslər müəyyənləşdirilərək, onlara fərdi sağlamlıq tövsiyələri verilib, qanda şəkər səviyyəsində pozuntular aşkarlanan şəxslərə qlükometr cihazları hədiyyə edilib. Ümumilikdə müayinələr vaxtı 270 nəfər həkim tövsiyələrindən yararlanıb, 75 nəfər diabet xəstəsinə isə qlükometr cihazı verilib. Bu, onların gündəlik qlikemik nəzarətini asanlaşdırmaqla yanaşı, uzunmüddətli fəsadların qarşısının alınmasına yönəlmiş mühüm addımdır. Aksiya zamanı azyaşlı pasiyentlərə rəngləmə kitabçaları və rəngli qələmlər təqdim olunub.

XQ

Sosial həyat