Azərbaycan Ordusu dünyanın ən güclü ordularının sırasındadır – həm təchizat, həm döyüş qabiliyyəti nöqteyi-nəzərdən. Bizim ordumuz döyüşüb, bizim ordumuz öz gücünü paradda yox, döyüş meydanında göstərib. 44 gün ərzində bir nəfər də olsun geri addım atmayıb, bir nəfər də olsun fərari olmayıb. Bizim ordumuz budur. Bizim xalqımız budur.
Azərbaycan Prezidenti İlham Əliyevin xalqa 10 may 2023-cü il tarixli müraciətindən
Son zamanlar beynəlxalq aləmdəki əsas informasiya agentlikləri, reytinq mərkəzləri və sorğu təsisatları elə intensiv şəkildə işləyirlər ki, günün yeni xəbər eşitmədiyimiz saatı qalmır. Təbii ki, biz həmin xəbərlərin nəinki hamısına reaksiya vermirik, hətta əksəriyyəti ilə maraqlanmırıq da. Ancaq “Global Firepower Index” təşkilatının elektron səhifəsində verilmiş dünya ordularının reytinq göstəricisi ilə həm maraqlandıq, həm də fəxr etdik.
Xatırladaq ki, dünyanın ən tanınmış və nüfuzlu təşkilatlarından olan bu qurumun elektron bazasında ölkələrin silahlı qüvvələri haqqında məlumatlar, həmin məlumatların təhlili və yekunu öz əksini tapır. Son reytinq göstəricisində bildirilir ki, Azərbaycan Ordusu dünyanın ən güclü əlli ordusu sırasındadır. Həm də bu nəticə ordulara aid olan əlli faktorun (nüvə potensialı istisna olmaqla) təhlili nəticəsində hasil olub. Bizim fərqinə vardığımız və fəxr etdiyimiz digər məqam isə həmin siyahıdakı ilk onluqda Türkiyə Silahlı Qüvvələrinin də olmasıdır. Qardaş ölkənin ordusu səkkizinci yerdədir.
Bizim üçün qürurverici məqamlardan biri də odur ki, Azərbaycan Ordusu Belarus ( 52-ci yer) Argentina ( 55-ci yer) və Yunanıstan ( 57-ci yer) kimi oturuşmuş dövlətlərin silahlı qüvvələrindən də irəlidədir. Bu təhlillər iki yüzə yaxın ölkənin hamısında yox, bilavasitə güclü silahlı qüvvələrə malik 106 ölkə arasında aparıldığına görə Ermənistan həmin siyahıya düşməyib. Çünki Azərbaycan əsgəri 2020-ci ilin payızında Ermənistan ordusunu darmadağın edib və onlar bir də çətin ki, güclü ordular siyahısına düşə bilsinlər.
Bəli, Azərbaycan Ordusu cənab Ali Baş Komandanımızın da dediyi kimi, 2020-ci ilin payızındakı səviyyəsinə nisbətən, indi daha güclü, daha müasir və peşəkardır. Bu göstəricilərin artırılması istiqamətində görülən işlər bir an belə ara vermədən davam etdirilir. Elə bu sətirlərin qələmə alınması ərəfəsində də Müdafiə Nazirliyinin elektron saytına baxdım ki, görək hansı yeniliklər var. Məlum oldu ki, təkcə mayın 23-də qeydə alınan üç xəbərin hamısı Ermənistan ordusu üçün əlçatmazdır.
Məsələn, həmin gün saytda verilən xəbərlərin birincisində bildirilirdi ki, Azərbaycan ilə Bolqarıstan arasında hərbi təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Belə ki, Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin rektoru, general-leytenant Heydər Piriyev ölkəmizdə səfərdə olan Bolqarıstan Respublikasının Milli Müdafiə Universitetinin rektoru general-mayor İvan Malamovla görüşüb. Görüşdə ölkələrimiz arasında hərbi təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.
Bəli, Azərbaycan Ordusu xaricdən təkcə silah, sursat, texnika və ya hərbi təyinatlı başqa vasitələr almır, həm də hərbi təhsilimizin dünya təcrübəsi səviyyəsinə qaldırılması istiqamətində mühüm addımlar atılır. Ermənistan ordusuna isə on illər boyu Rusiyanın, İranın və Fransanın anbarlarında qalmış köhnə silahlardan bir az göndərirlər, vəssalam. Həmin silahları işlədə biləcək köhnə “ermənistanlılar” isə ya Azərbaycana qovulub, ya da özləri hansısa xarici ölkəyə qaçıblar.
Nazirliyin həmin gün yaydığı başqa bir xəbərə nəzər salaq. Azərbaycan Ordusunun Baş Qərargah rəisinin Pakistana rəsmi səfəri başlayıb. Bildirilir ki, Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları Komandanı, ordu generalı Asim Munirin dəvəti ilə mayın 23-də bu ölkəyə rəsmi səfərə gedib.
Yəni, ordumuzun daha da qüdrətləndirilməsi və müasirləşdirilməsi üçün güclü dövlətlərin hərbi təcrübəsindən bəhrələnirik. Ermənistan rəhbərliyi isə 44 günlük İkinci Qarabağ müharibəsi dövründə silahlı qüvvələrinin 25 faizini təşkil edən 11 min hərbçinin nə üçün fərarilik etdiyinin səbəblərini axtarmaqla məşğuldur.
Başqa bir xəbərdə isə oxuyuruq ki, Komando Dağ Təlim Mərkəzində Heydər Əliyev adına Hərbi İnstitutun 4-cü kurs kursantlarının iştirak etdiyi “Komando başlanğıc kursu” davam edir. Kursantlar təlim sahəsində silahların döyüşə hazır vəziyyətinə gətirilməsi, eləcə də şərti düşmən hədəflərinin aşkar olunaraq atəşlə məhv edilməsi vərdişlərini təkmilləşdirirlər. Həmçinin yaşayış məntəqələrindəki döyüş şəhərciyində müasir döyüş üsulları, dağçılıq və digər fəaliyyətlər real döyüş şəraitinə uyğun məşq etdirilir. Bu məqsədlə Türkiyə modelinin tətbiq edilməsi ilə keçirilən komando hazırlığı kursunda əsas diqqət kursantların nəzəri biliklərinin və səhra vərdişlərinin təkmilləşdirilməsinə yönəldilib.
Yəqin ki, diqqətli oxucu “yaşayış məntəqələrindəki döyüş” ifadəsinin fərqinə vardı. Biz əsgərlərimizə yaşayış məntəqələrindəki döyüş təcrübəsini ona görə öyrədirik ki, mülki əhaliyə ziyan dəyməsin. Ermənistan ordusunun rəhbərliyi isə şəxsi heyətə gecə yarısı, yatmış şəhərə raket atmağın sirlərini öyrədir. Çünki Azərbaycan Ordusu ilə üz-üzə gəlməyin nəticələrini yaxşı bilir.
Bu məqamda onu da xatırladaq ki, mayın 15-də Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə keçirilən xidməti müşavirədə Azərbaycan–Ermənistan şərti sərhədi və Qarabağ iqtisadi rayonunda mövcud əməliyyat şəraiti təhlil edilib. Kəlbəcər istiqamətində baş vermiş son döyüş toqquşmalarına toxunan Müdafiə naziri qarşı tərəfə layiqli cavab verildiyini, Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların genişlənməsinin qarşısının qətiyyətlə alındığını və ona xeyli zərər vurulduğunu qeyd edib. Nazir baş verə biləcək silahlı insidentlərə qarşı bundan sonra da sərt cavab tədbirlərinin görülməsi barədə aidiyyəti vəzifəli şəxslərə göstəriş verib.
Fikrimizcə, mayın 15-də keçirilmiş həmin tədbir haqqında xəbərin oxucusu Azərbaycana nisbətən Ermənistanda daha çox olub. Çünki orada “Nazir baş verə biləcək silahlı insidentlərə qarşı bundan sonra da sərt cavab tədbirlərinin görülməsi barədə aidiyyəti vəzifəli şəxslərə göstəriş verib” – ifadəsi də var.
Bu sətirləri Ali Baş Komandanımızın dilindən eşitdiyimiz fikirlərlə tamamlamaq istəyirik: “Ordumuzun maddi-texniki təchizatı, döyüş qabiliyyəti, orduda vətənpərvərlik ruhu yüksək səviyyədədir. Bu gün biz ən qabaqcıl texnologiyalara malik olan texnika alırıq, silahlar alırıq və alacağıq. Ordumuz üçün nə qədər vəsait ayırmaq lazımdırsa, biz o qədər də ayıracağıq. Dilənçi Ermənistandan fərqli olaraq, biz ordumuzu öz hesabımıza təmin edirik, müstəqil ölkə kimi yaşayırıq. Onlar isə başqa yolu seçiblər, bu, müstəmləkə yoludur, bu, onların seçimidir”.
İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”