Təbatəbailər Güney Azərbaycanda

post-img

NATO-nun düşüncə mərkəzlərindən biri olan RAND korporasiyasının ötənilki hesabatında təqdimatın altında “Ariana Təbatəbai” imzası qoyulmuşdu. Təbatəbai soyadı Azərbaycan dini düşüncə tarixinə, xüsusilə də Güney Azərbaycanda milli azadlıq hərəkatının və şiə dini inancının tarixçəsində xüsusi yer aldığına görə diqqətimizi cəlb etdi. 

RAND Korporasiyası “bütün dünya­da icmaları təhlükəsiz, daha sağlam və firavan etməyə kömək etmək üçün icti­mai siyasət problemlərinin həlli yolları­nı araşdıran, inkişaf etdirən” tədqiqat qurumudur. Qeyd etdiyimiz politolojı yazıda Rusiya, İran və Çin münasibət­ləri təhlil olunurdu. Bizi maraqlandıran isə tədqiqatın müəllifi oldu.

“Tərəfsiz və obyektiv” RAND kor­parasiyasının təhlilçisi düşüncələrini vi­zuallaşdırmaq üçün İran Xorasanında yaşayan bir qohumu, fotoqraf Nazənin Təbatəbainin bir kompozisiyasını da saytda yerləşdirmişdi. Şəkildəki yazıda oxuyuruq: “İran Süleymaninin öldürül­məsinə necə cavab verəcək və eska­lasiya harada bitəcək?” Çox duyğusal bir mənzərədir. Avropanın mühüm dü­şüncə mərkəzlərində ekspert olaraq qəbul edilən bu gənc babalarının klan ənənələrinə sadiq qalaraq mühacirət həyatı yaşasa da irançılıq təəssübünü itirməmiş və onu yeni imkanlar və şərt­lər daxilində yaşatmaqdadır.

Kimdir bu ekspert? O, 1945-ci ildə Təbriz şəhərində ruhani ailəsində ana­dan olmuş Cavad Təbatəbainin qızıdır. “Azərbaycan Təbatəbailəri” kimi tanı­nan bu ailədə ana dilini bilmirlər və bir sıra hallarda bu dilə nifrət etdiklərini də gizlətmirlər. Cavad Təbatəbai Azər­baycan Milli Hərəkatının qələbəsindən 3 gün sonra anadan olmuş və az bir müddətdən sonra ailə Qum şəhərinə köçmüşdür. 

Cavad Tehran Universitetini bitir­miş, professor olaraq uzun müddət ça­lışmış, Hegel fəlsəfəsindən doktorluq müdafiə etmiş, İslam Ensiklopediyası­nın baş redaktoru olmuşdur. Bu alim də ABŞ-da yaşamasına baxmayaraq, irançılıq və fars hegemonlugu düşün­cəsindan kənara çıxa bilməmişdir. La­kin bəzi təhlilçilər onu liberal və millətçi adlandırmışlar.

Kimdir bu təbatəbailər? Bəzi mən­bələr hesab edir ki, onlar Bağdaddan XIX əsrin əvvəllərində İrana gəlmiş və ilk olaraq Kaşan şəhərində məskun­laşmışlar. Belə ki, Bağdadda, Nəcəfdə bu nəslin davamçıları uzun müddət şiə alimləri kimi tanınmışlar. Seyid Cəfər Təbatəbai 1835-ci ildə özünə İranın Kaşan şəhərinin mərkəzində inşası 10 il çəkən böyük bir imarət tikdirmiş­dir. Bu imarətin Huma quşu əfsanəsini xatırlatması göstərir ki, onun sahibləri İraqdan gəlmiş ərəb olsalar da, Sasani dövrünün ənənələrinin qoruyucusudur­lar. Kaşanda tikilən bu imarət “Təbatə­bailər evi” kimi tanınır. Bir hissəsi xalça alverçisi olan bu ailə Təbriz şəhərində də yaşamış, onların Azərbaycan türk­ləri ilə uzun və maraqlı əlaqələri olmuş­dur.

Bir qədər də qədimə getdikdə mə­lum olur ki, İran və fars hegemonlugunu müdafiə edən bu ailə, əslində, ərəb kökənlidir. Şəcərələrində göstərilir ki, Sadat Tabatəbai nəsli Həsən bin Əliyə qədər davam edən bir ailədir. Təbatə­bailərin əcdadı İbrahim, deyilənlərə görə, nitqində olan qüsura görə “Kəbə” əvəzinə, “Təbə” tələffüz edərmiş və bu səbəbdən də onun davamçıları Tə­bətəbailər adlandırılmışlar. İran cog­rafiyasında məskunlaşmış bu ailənin bəzi üzvləri “Diba” və “Kia” soyadı da daşımışlar ki, bunların da hər birinin ayrıca tarixçəsi var.

Sadat ailəsindən İraqa köçmüş Əl Həkim və Zəvari Tabətabailəri isə son­ralar Azərbaycana və Təbrizə gəlmiş­lər. Bu ailənin üzvləri Börücərd, Yəzd, Təbəristan, Diləm, Rey şəhərlərinə də yerləşmişlər. Uzun müddət biri-biri ilə qız verib-almaq yolu ilə qohumluqlarını saxlayan bu tayfa müxtəlif siyasi, ide­olojı və bəzi iqtisadi layihələrin mərkə­zində olmuşlar. Çox dərinə getmədən qeyd edək ki, Yəməndəki Husi idea­logiyası da bu tayfa ilə bağlıdır.

Dövlət çevrilişi, dini nəzəriyyəçilik, ölkə rəhbərliyi, professorluq, diplomati­ya, xəyanət kimi hadisə və mövqelər bu ailənin varlığında özünü geniş göstərir. Avropa tarixində Mediçi ailəsinə bən­zər bir klan modeli qurmuş təbatəba­ilər Güney Azərbaycanda xüsusi nüfuz qazanmışlar. Lakin Mediçilər kimi tarxi abidələr, muzeylər, sənət əsərləri, mə­dəniyyət abidələri miras qoymamışlar.

Qeyd olunduğu kimi, Təbatəbailər Güney Azərbaycanda XIX əsrin II ya­rısından fəal yer tutmaga başlamışlar. Nəsrəddin şahın icazəsi ilə 1858-ci ildə Melkom xanın (erməni əsilli) təş­kil etdiyi “Fərəmuşxana”nın (masson cəmiyyəti) ölkədə irtica tətbiq etdiyini, hakimiyyətin əleyhinə təbligat apardı­gını və ölkəni dagıtmaq istədiyini şaha çatdırmışlar. Nəsrəddin şah cəmiyyətin fəaliyyətini yoxlamaq üçün iki hörmət­li üləmanı bu məsələni araşdırmaga məsul etmişdir. Seyid Sadiq Təbatə­bai və Seyid İsmayıl Behbəhani fəra­muşxanələrin məqsəd və vəzifələrini araşdırmış, dinə və dövlətə heç bir təh­lükə olmadıgını bildirmişlər. Buna bax­mayaraq, 1861-ci ilin oktyabrında şah “Masson lojasının” (təşkilatın) üzvlərini sərt şəkildə cəzalandıraraq onu ləğv etmişdir.

1905–1911-ci illər Məşrutə İnqila­bının təşəbbüskarlarından biri olmuş Seyid Məhəmməd Təbatəbai Oyanış Lojasına qatılaraq Fransanın Böyük Şərqinin lojalar sisteminə daxil ol­muşdur. XX əsrin əvvəllərində Qacar dövlətində, xüsusilə də Güney Azər­baycanda ruhaniyyət siyasi partiyala­rın rəhbəri, məscidlər isə təşkilat ofisi funksiyasını yerinə yetirmişdir. İdeoloji mərkəz Qum şəhəri olmuşdur. Se­yid Ziyaəddin Təbatəbai (1888–1969) İranda dövlət xadimi kimi təqdim olun­sa da, bir neçə ay Qacar dövlətinin baş nazir olmuşdur. 

O, 1921-ci ildə dövlət çevrilişinə rəhbərlik etmiş, sonra ölkədən qaçmış­dır. İngiltərə xüsusi xidmətinin dəstəyi ilə qəzet redaktoru olmuş, vəziyyə­ti korlayan kimi ölkədən qaçmışdır. 1941-ci ildə Rza xanın istefasından sonra yenidən İrana gəlmiş, sonra ye­nidən ölkədən qaçmış, ömrünün sonu­na qədər mühacirətdə yaşamışdır. Bir çox ədəbiyyatda məşrutəçi kimi təqdim olunan Seyid Məhəmməd Tabətəbai Seyid Sadiq Tabətəbəinin ogludur. 

Bu gün Avropada poker ustasından tutmuş, televiziya ulduzları, şahmat us­tasından tutmuş, rok musiqiçisinə qə­dər Tabətəbai soyadını daşıyanlar var. 

 

Pərviz KAZIMİ,
BDU-nun dosenti



Siyasət