Vətənin mərd və namuslu oğlu

post-img

1946-cı il dekabrın 12-də imperialist dairələrin dəstəyi ilə Tehran şah rejiminin amansızlıqla devirdiyi Azərbaycan Milli Hökumətinin baş prokuroru Firidun İbrahiminin edam edilməsindən 76 il keçir. 

Xalq yazıçısı Mirzə İbrahimov ya­radıcılığının zirvəsi sayılan “Gələcək gün” romanının qəhrəmanı barədə 1949-cu ildə “Kommunist” (1991-ci il­dən “Xalq qəzeti”) qəzetinin 4 iyun sa­yında “Firidun İbrahimi” başlıqlı ayrıca bir məqalə də çap etdirmişdi. Böyük ədibin “Azərbaycanın mərd və namus­lu oğlu” adlandırdığı qəhrəmanından bəhs edən həmin yazını Firidun İbrahi­minin şəhadənin ildönümündə ixtisarla oxucularımıza təqdim edirik:

Firidun İbrahimi

...Amerikan-ingilis tankları və təy­yarələri ilə Cənubi Azərbaycana soxul­muş, onun şəhər və kəndlərini xara­bazara çevirən İran işğalçı orduları Təbrizi qana boyamışdılar. Qəhrəman demokratlar amansızcasına təqib olu­nurdular. Onları günün günortaçağı sorğusuz-sualsız güllələyir, arvad və uşaqlarını diri-diri quyulara atır, qızla­rını soyundurub küçələri gəzdirirdilər. Mürtəcelər canlı insan bədənindən məşəllər düzəldir və demokratların evlərini talan edib yandırırdılar. Təbriz məhbəsləri ağzına qədər adamla dolu idi.

Məhbəslər və dar ağacları İran or­dusu və zabitlərinin Təbrizə gətirdiyi “hədiyyə” idi. Sübh açılarkən bu məh­bəslərdən çıxarılanlar dar ağaclarında öz şərəfli və namuslu həyatlarını başa vururdular... Belə bir zamanda məh­buslardan birisinə səhər tezdən asıla­cağını bildirmişdilər. Bütün gecəni ölüm hökmü altında yaşayan və yoldaşlarına insanın xalq qarşısındakı borcundan, mübarizə və həyatın şirinliyindən da­nışan məhbus sübh açılarkən durub səliqə ilə üzünü qırxmış, təmiz köynək geyib təzə qalstuk bağlamışdır. Təəc­cüblə:

– Bu nə üçün? – deyən yoldaşına o, belə cavab vermişdir:

– Biz təmiz və aydın bir həyatla ya­şadıq, nə üçün dar ağacı altına əzgin və çirkli gedək?!

Bu qəhrəmanın adı Firidun İbrahi­midir. O, Azərbaycan Demokrat Firqə­sinin üzvü, milli dövlətin prokuroru idi. Onu şəxsən tanıyanlar bilir ki, Firudin ancaq bu cür hərəkət edə bilərdi. O, Azərbaycanın milli azadlıq və İranın demokratik inkişaf idealına qəti iman gətirənlərdən idi.

Firudin 1918-ci ildə Astarada doğul­muşdu. Yeddiillik məktəbi orada qur­tarmış, sonra Tehran darülfünununun hüquq fakültəsində ali təhsil almışdı. Həyatı əvvəldən xalq ilə bağlı olmuşdu. Hələ uşaq ikən, atası mütərəqqi görüş­ləri üçün müstəbid Rza xan tərəfindən Azərbaycandan sürgün edilmişdi.

1945-ci ilin axırları, Cənubi Azər­baycanda demokratik dövlətin yaran­masının ilk günləri idi. Belə bir zaman­da Firidun İbrahimi Pişəvəri tərəfindən yenicə prokuror təyin edilmişdi. O, bir yandan köhnə, pozğun əxlaqlı prokuror işçilərini yeni, xalq üçün yaşayan məs­ləkli və vicdanlı adamlarla əvəz edir, o biri yandan qəddar düşmənlərin, xari­ci imperialistlərin satqın nökərləri olan mürtəcelərlə amansız mübarizə apa­rırdı. 

Onun ilk atəşin çıxışı Azərbaycan xalqının cəlladı, silahsız Urmiya de­mokrat-kəndlilərini tankların altında əzmiş sərhəng Zəngənənin müha­kiməsində olmuşdu. Firidun aydın və kəskin dəlillərlə Zəngənənin cinayətlə­rini sübut edərək ona ölüm cəzası tələb etmişdi. 

Bir müddət sonra başqa bir canilər dəstəsi Təbriz xalq məhkəməsinin qar­şısında durmuşdu: bu dəstəyə təbriz­lilər arasında məşhur olan Qarnıyırtıq Kazım başçılıq edirdi. Onun dəstəsi, gecə adamların qabağını kəsib başın­dan papağını, əynindən paltarını çıxa­rır, həyansız evlərə soxularaq cavan qız və gəlinləri zorlayırdılar. Bu dəstə­nin mühakiməsində də Firidun atəşin çıxış edərək siyasi qatillər, əhalinin əmin-amanlığını pozanlar, ictimai müa­şirət qanunlarını və əxlaqını sayma­yanlarla amansız olmağı tələb etmişdi.

Firidun açıqfikirli, qabağıgörən, Azərbaycan, fars və fransız dillərini mükəmməl bilən bir dövlət xadimi idi. Onun geniş məlumatı vardı. Tarix, fəl­səfə və ədəbiyyat elmlərinə dərindən bələd idi. O, ağıllı yazıları və məruzələri ilə xalqın məhəbbətini qazanmışdı. Fi­ridun İbrahimi son dərəcə təvazökar, xoşrəftar, mədəni bir insan və yaxşı yol­daş idi. Düzlük və sədaqət onun xasiy­yətinin əsas cəhətləri idi. 

Firidun Azərbaycan xalqının azad­lıq mübarizəsinə son nəfəsinə qədər sadiq qaldı. O, gənc və saf həyatını xalqımızın qəddar düşmənləri olan İran mürtəceləri əleyhinə, vətənin azadlığı və səadəti yolunda mübarizədə qurban verdi. Azərbaycan xalqını böyük övlad məhəbbəti ilə sevən Firidun İranda ya­şayan başqa xalqlara da azad və xoş­bəxt həyat arzu edirdi. 

Firidun Azərbaycanda demokratik hərəkat başlananda da, xalq hakimiy­yəti yarananda da, Tehran irticası mü­vəqqəti qalib gəlib dar ağacları quran­da da bu əqidə ilə yaşadı. O, ölümlə üz-üzə gəldikdə belə bu ümidini itir­mədi. O, Azərbaycan demokrat firqəsi Mərkəzi Komitəsinin binasını canilər­dən qoruyaraq atışdığı zaman bu əqi­də ilə yaşayırdı.

Tehran mürtəceləri xalqın qəzə­bindən qorxaraq Firidunu səhər saat beşdə Təbrizin Səttarxan xiyabanının başlanğıcında Gülüstan bağının ağ­zında edam etdilər. Buna baxmayaraq qocaman Təbriz öz sadiq oğlu ilə lə­yaqətlə vidalaşdı. Onun məğrur halda dar ağacına getdiyini görənlər ayaq saxlayır, uşaqlar və qocalar böyük bir kədər içində dayanıb başını aşağı dikir, başıçadralı qadınlar uşağını qucağına basaraq: “Ah, Firidun!” – deyə göz yaşı tökürdülər. Çünki nəcibürəkli Firidunu xalq böyük bir məhəbbətlə sevirdi. 

Tehran mürtəceləri öz xarici ağa­larının əmri ilə Azərbaycanın bu mərd və namuslu oğlunu Təbrizdə dar ağa­cından asdılar. Onların amansızcasına qətl etdiyi minlərlə qəhrəman kimi Firi­dunun də adı və xatirəsi xalqın qəlbin­də əbədi olaraq yaşayır və qocalardan körpələrə qədər hamını “intiqam, in­tiqam!” deyə mübarizəyə çağırır.

 

Mirzə İBRAHİMOV,
Xalq yazıçısı

Siyasət