Ordumuzun qüdrəti, peşəkarlığı və reytinqi qürur mənbəyimizdir

post-img

Azərbaycan Ordusu dünyanın ən güclü ordularının sırasın­dadır – həm təchizat, həm döyüş qabiliyyəti nöqteyi-nəzər­dən. Bizim ordumuz döyüşüb, bizim ordumuz öz gücünü pa­radda yox, döyüş meydanında göstərib. 44 gün ərzində bir nəfər də olsun geri addım atmayıb, bir nəfər də olsun fərari olmayıb. Bizim ordumuz budur. Bizim xalqımız budur. 

Azərbaycan Prezidenti İlham Əliyevin xalqa 10 may 2023-cü il tarixli müraciətindən

 

Son zamanlar beynəlxalq aləm­dəki əsas informasiya agentlikləri, reytinq mərkəzləri və sorğu təsi­satları elə intensiv şəkildə işləyirlər ki, günün yeni xəbər eşitmədiyimiz saatı qalmır. Təbii ki, biz həmin xə­bərlərin nəinki hamısına reaksiya vermirik, hətta əksəriyyəti ilə ma­raqlanmırıq da. Ancaq “Global Fire­power Index” təşkilatının elektron səhifəsində verilmiş dünya ordula­rının reytinq göstəricisi ilə həm ma­raqlandıq, həm də fəxr etdik. 

Xatırladaq ki, dünyanın ən tanın­mış və nüfuzlu təşkilatlarından olan bu qurumun elektron bazasında ölkələrin silahlı qüvvələri haqqında məlumatlar, həmin məlumatların təhlili və yekunu öz əksini tapır. Son reytinq göstərici­sində bildirilir ki, Azərbaycan Ordusu dünyanın ən güclü əlli ordusu sırasın­dadır. Həm də bu nəticə ordulara aid olan əlli faktorun (nüvə potensialı is­tisna olmaqla) təhlili nəticəsində hasil olub. Bizim fərqinə vardığımız və fəxr etdiyimiz digər məqam isə həmin siya­hıdakı ilk onluqda Türkiyə Silahlı Qüv­vələrinin də olmasıdır. Qardaş ölkənin ordusu səkkizinci yerdədir. 

Bizim üçün qürurverici məqamlar­dan biri də odur ki, Azərbaycan Or­dusu Belarus ( 52-ci yer) Argentina ( 55-ci yer) və Yunanıstan ( 57-ci yer) kimi oturuşmuş dövlətlərin silahlı qüv­vələrindən də irəlidədir. Bu təhlillər iki yüzə yaxın ölkənin hamısında yox, bi­lavasitə güclü silahlı qüvvələrə malik 106 ölkə arasında aparıldığına görə Ermənistan həmin siyahıya düşməyib. Çünki Azərbaycan əsgəri 2020-ci ilin payızında Ermənistan ordusunu dar­madağın edib və onlar bir də çətin ki, güclü ordular siyahısına düşə bilsinlər. 

Bəli, Azərbaycan Ordusu cənab Ali Baş Komandanımızın da dediyi kimi, 2020-ci ilin payızındakı səviyyəsinə nisbətən, indi daha güclü, daha müasir və peşəkardır. Bu göstəricilərin artırıl­ması istiqamətində görülən işlər bir an belə ara vermədən davam etdirilir. Elə bu sətirlərin qələmə alınması ərəfə­sində də Müdafiə Nazirliyinin elektron saytına baxdım ki, görək hansı yeni­liklər var. Məlum oldu ki, təkcə mayın 23-də qeydə alınan üç xəbərin hamısı Ermənistan ordusu üçün əlçatmazdır.

Məsələn, həmin gün saytda ve­rilən xəbərlərin birincisində bildirilirdi ki, Azərbaycan ilə Bolqarıstan arasın­da hərbi təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Belə ki, Müdafiə Nazirliyinin Milli Müdafiə Uni­versitetinin rektoru, general-leytenant Heydər Piriyev ölkəmizdə səfərdə olan Bolqarıstan Respublikasının Milli Müdafiə Universitetinin rektoru gene­ral-mayor İvan Malamovla görüşüb. Görüşdə ölkələrimiz arasında hərbi təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, elə­cə də qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparı­lıb. 

Bəli, Azərbaycan Ordusu xaricdən təkcə silah, sursat, texnika və ya hər­bi təyinatlı başqa vasitələr almır, həm də hərbi təhsilimizin dünya təcrübəsi səviyyəsinə qaldırılması istiqamətin­də mühüm addımlar atılır. Ermənistan ordusuna isə on illər boyu Rusiyanın, İranın və Fransanın anbarlarında qal­mış köhnə silahlardan bir az göndərir­lər, vəssalam. Həmin silahları işlədə biləcək köhnə “ermənistanlılar” isə ya Azərbaycana qovulub, ya da özləri hansısa xarici ölkəyə qaçıblar.

Nazirliyin həmin gün yaydığı başqa bir xəbərə nəzər salaq. Azərbaycan Ordusunun Baş Qərargah rəisinin Pa­kistana rəsmi səfəri başlayıb. Bildirilir ki, Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qə­rargah rəisi, general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Pakistan İslam Respublikası Si­lahlı Qüvvələrinin Quru Qoşunları Ko­mandanı, ordu generalı Asim Munirin dəvəti ilə mayın 23-də bu ölkəyə rəsmi səfərə gedib.

Yəni, ordumuzun daha da qüdrət­ləndirilməsi və müasirləşdirilməsi üçün güclü dövlətlərin hərbi təcrübəsindən bəhrələnirik. Ermənistan rəhbərliyi isə 44 günlük İkinci Qarabağ müharibəsi dövründə silahlı qüvvələrinin 25 faizini təşkil edən 11 min hərbçinin nə üçün fərarilik etdiyinin səbəblərini axtarmaq­la məşğuldur.

Başqa bir xəbərdə isə oxuyuruq ki, Komando Dağ Təlim Mərkəzində Heydər Əliyev adına Hərbi İnstitutun 4-cü kurs kursantlarının iştirak etdi­yi “Komando başlanğıc kursu” da­vam edir. Kursantlar təlim sahəsində silahların döyüşə hazır vəziyyətinə gətirilməsi, eləcə də şərti düşmən hə­dəflərinin aşkar olunaraq atəşlə məhv edilməsi vərdişlərini təkmilləşdirirlər. Həmçinin yaşayış məntəqələrindəki döyüş şəhərciyində müasir döyüş üsul­ları, dağçılıq və digər fəaliyyətlər real döyüş şəraitinə uyğun məşq etdirilir. Bu məqsədlə Türkiyə modelinin tətbiq edilməsi ilə keçirilən komando hazırlı­ğı kursunda əsas diqqət kursantların nəzəri biliklərinin və səhra vərdişlərinin təkmilləşdirilməsinə yönəldilib.

Yəqin ki, diqqətli oxucu “yaşayış məntəqələrindəki döyüş” ifadəsinin fərqinə vardı. Biz əsgərlərimizə yaşa­yış məntəqələrindəki döyüş təcrübəsini ona görə öyrədirik ki, mülki əhaliyə zi­yan dəyməsin. Ermənistan ordusunun rəhbərliyi isə şəxsi heyətə gecə yarısı, yatmış şəhərə raket atmağın sirlərini öyrədir. Çünki Azərbaycan Ordusu ilə üz-üzə gəlməyin nəticələrini yaxşı bilir. 

Bu məqamda onu da xatırladaq ki, mayın 15-də Müdafiə naziri, gene­ral-polkovnik Zakir Həsənovun rəh­bərliyi ilə keçirilən xidməti müşavirədə Azərbaycan–Ermənistan şərti sərhədi və Qarabağ iqtisadi rayonunda möv­cud əməliyyat şəraiti təhlil edilib. Kəl­bəcər istiqamətində baş vermiş son döyüş toqquşmalarına toxunan Müda­fiə naziri qarşı tərəfə layiqli cavab ve­rildiyini, Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların genişlənməsinin qarşısının qətiyyətlə alındığını və ona xeyli zərər vurulduğunu qeyd edib. Nazir baş verə biləcək silahlı insident­lərə qarşı bundan sonra da sərt cavab tədbirlərinin görülməsi barədə aidiyyəti vəzifəli şəxslərə göstəriş verib.

Fikrimizcə, mayın 15-də keçirilmiş həmin tədbir haqqında xəbərin oxucu­su Azərbaycana nisbətən Ermənistan­da daha çox olub. Çünki orada “Nazir baş verə biləcək silahlı insidentlərə qarşı bundan sonra da sərt cavab təd­birlərinin görülməsi barədə aidiyyəti vəzifəli şəxslərə göstəriş verib” – ifadə­si də var.

Bu sətirləri Ali Baş Komandanımızın dilindən eşitdiyimiz fikirlərlə tamamla­maq istəyirik: “Ordumuzun maddi-tex­niki təchizatı, döyüş qabiliyyəti, orduda vətənpərvərlik ruhu yüksək səviyyədə­dir. Bu gün biz ən qabaqcıl texnologi­yalara malik olan texnika alırıq, silahlar alırıq və alacağıq. Ordumuz üçün nə qədər vəsait ayırmaq lazımdırsa, biz o qədər də ayıracağıq. Dilənçi Ermənis­tandan fərqli olaraq, biz ordumuzu öz hesabımıza təmin edirik, müstəqil ölkə kimi yaşayırıq. Onlar isə başqa yolu seçiblər, bu, müstəmləkə yoludur, bu, onların seçimidir”.

 

İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”



Siyasət