Teatrlarımızın fəaliyyəti daha da canlanır

post-img

Azərbaycan Teatr Xadimləri İttifaqı ictimai təşkilat olsa da, yarandığı 32 il ərzində 150 yaşlı Azərbaycan teatrının inkişafına layiqli töhfələr verib. 1991-ci ildə Xalq artisti, mərhum Həsənağa Turabovun prezident seçildiyi, Azər Paşa Nemətovun sədr olduğu bu təşkilat ölkənin teatr incəsənətinin inkişafında önəmli rol oynayır. Ötən illlərdə qurum xarici ölkələrin teatrlarını ölkəmizə dəvət edərək çoxsaylı beynəlxalq  festivallar keçirib.   

Bu sətirlərin müəllifi də vaxtilə Teatr Xadimləri İttifaqının katiblərindən biri olub.  Çox sevinirəm ki, bizdən sonra seçilən yeni heyət də son on ildə böyük işlər görüb. Elə bu barədə söhbət açmaq üçün Teatr Xadimləri İttifaqı sədrinin səlahiyyətlərini icra edən Xalq artisti, Dövlət mükafatı laureatı, “Şöhrət” ordenli Hacı İsmayılovla görüşüb müsahib oldum.  

– Ondan başlayım ki, 2014-cü ildə görkəmli rejissorumuz, Teatr Xadimləri İttifaqının sədri, mərhum Azər Paşa Nemətov məni  bu yaradıcılıq ittifaqına birinci müavin vəzifəsinə dəvət edib. İlk gündən  konkret əməli işlər görməyə başladıq. Öncə gənc rejissorlar və aktyorların öz güclərini sınaması üçün bir kiçik səhnə və zal yaratdıq. Adını da “Mustafa Mərdanov səhnəsi” qoyduq. Bəs niyə Mustafa Mərdanov? Ona görə ki, bu yaraşıqlı binanın tikilməsində o vaxtlar Teatr Cəmiyyətinin sədri olan, teatr və kino tariximizdə silinməz izlər qoymuş  Xalq artisti Mustafa Mərdanovun böyük xidmətləri olub. 

Həmin səhnədə ilk tamaşa kimi məhz Mustafa Mərdanovun müəllifi olduğu   “Mənim müasirlərim” və “Mənim xatirələrim” kitablarının əsasında hazırlanmış gözəl bir kompozisiyanı canlandırdıq. Sonra orada Elçin Hüseynbəylinin “Qaçaq qocalar”, həmçinin daha 7-8 tamaşa oynanıldı. Hətta “Qaçaq qocalar” tamaşasını kollektivimiz Türkiyəyə apardı. Bir neçə festivalda iştirak elədik, mükafatlar aldıq.  

Teatr Xadimləri İttifaqında yaradıcılıq laboratoriyaları da yaratdıq. Dramaturgiya   laboratoriyasına Xalq artisti Ramiz Fətəliyev, rejissor laboratoriyasına Əməkdar incəsənət xadimi Bəhram Osmanov, aktyor laboratoriyasına Mamed Verdizadə,   eksperimental rejissorluq laboratoriyasına isə Tərlan Rəsulov rəhbərlik eləməyə başladılar. Bu laboratoriyalarda son dörd ildə çox böyük işlər görülüb. Biz onların fəaliyyəti ilə əlaqədar  ötən illərdə 3 baxış-tamaşa festivalı təşkil etmişik. Bu ilin axırında 4-cü festivalı keçirəcəyik. Məqsəd həmin laboratoriyalarda çalışanların və istedadlı həvəskarların ədəbiyyata, teatra sevgisini artırmaq, onları tamaşaçılarla daha yaxından tanış etməkdir.    

– Siz həm də cavanları sənətə çox həvəsləndirirsiniz, maraqlı bədii qiraət müsabiqələri keçirirsiniz...

– Elədir. Sizin vaxtınızda da bədii qiraət müsabiqələri olub. Sadəcə biz intensivliyi artırmışıq. Son iki ildə dörd müsabiqə keçirmişik. Bunlar Nizami Gəncəvinin və Xurşudbanu Natəvanın yaradıcılıqlarına həsr olunan, eləcə də “Qalib Azərbaycan”  və ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan “Sən elə bir zirvəsən” müsabiqələri idi.   

– Bəs, “Qonaq teatrlar və yubilyar olan teatrlar” layihəsi barədə nə deyə bilərsiniz?

– Azərbaycan Mədəniyyət Nazirliyi ilə birgə hazırlanan bu layihəmiz start götürəndə hələ Azər Paşa Nemətov sağ idi. Yubilyar teatrları Bakıya dəvət etməyə başladıq. İlk dəfə qonaq qismində Ağdam Dövlət Dram Teatrı çıxış etdi. Çünki bu il Ağdam teatrının 100 yaşı tamam olur. Onlar Aktyor Evinin səhnəsində dramaturq Nadir Qədimlinin şəhidlərə həsr olunmuş  “Şuşadan gələn səs” tamaşasını yüksək səviyyədə oynadılar. Tamaşanın quruluşçu rejissoru Kərim Həsənovdur. 

Ondan sonra Şəki Dövlət Dram Teatrınının truppası gəldi. Bu teatrın 90 yaşı var. Şəkili həmkarlarımız bizim səhnəmizdə türk dramaturqu Toyğun Orbayın “21.15 Qatarı” əsərini canlandırdılar. Tamaşanın quruluşçu rejissoru Elvin Nuridir. Üçüncü olaraq 55 yaşlı Mingəçevir Dövlət Dram Teatrını dəvət elədik.  Mingəçevirlilər Xalq artisti Valeh Kərimovun quruluşunda Əməkdar incəsənət xadimi Əli Əmirlinin “Varlı qadın” tamaşasını oynadılar. 

Bu mövsümün sonunda bizə qonaq gələn 4-cü yubilyar kollektiv Sumqayıt Dövlət Dram Teatrı oldu. Gənclik şəhərinin sənətçiləri iyul ayının 3-də türk dramaturqu Turqut Ozakmanın “Ocaq” tamaşasını təqdim etdilər. Bu səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Firudin Məhərrəmovdur. Sentyabr ayından layihəni davam etdirəcəyik. İlin sonuna kimi daha üç teatrı Bakıya dəvət etməyi planlaşdırmışıq. Bunlar Qazax, Lənkəran və Naxçıvan teatrlarıdır. 

Yeri gəlmişkən, yeni Mədəniyyət nazirimiz Adil Kərimli ilk gündən teatr və kinomuzun dirçəlməsi üçün ciddi səylər göstərir. Yazda keçirilmiş teatr və kino forumlarının Heydər Əliyev Mərkəzində yüksək səviyyədə təşkili buna əyani sübutdur. Orada qaldırılan problemlərin həllinə artıq başlanılıb. Biz hamımız inanırıq ki, Azərbaycan incəsənəti üçün bundan sonra daha çox iş görüləcək. İlin sonunda Azərbaycan Milli Teatrının 150 illik yubileyini təntənə ilə qeyd edəcəyik. 

Ulu öndərin 100 illik yubiley tədbirləri də davam edir. Qazax Dövlət Dram Teatrı sizin “İnan mənə” pyesini həmin yubileyə ithaf edib. Bilirik ki, bu tamaşanın premyerası Qazaxda böyük uğurla keçib.

Bu layihə üzrə sərgilənən tədbirlər bir növ bölgə teatrlarının Bakı tamaşaçıları və teatr mütəxəssisləri qarşısında hesabat çıxışlarıdır. Eyni zamanda fikrimiz var ki,  MDB ölkələrinin, qardaş Türkiyənin və Pribaltika respublikalarının ünlü teatrlarını da Bakıya dəvət edək. Şübhəsiz ki, bütün bunlar Azərbaycan teatrlarının dirçəlməsinə böyük təkan verər. Çünki həmin ölkələr özlərinin maraqlı tamaşalarını Bakıda və bölgələrdə oynamaqla, teatra respublikamızda marağı bir az da artırarlar.  

– Sizə gələcək işlərinizdə daha böyük uğurlar arzu edirik!

Ağalar İDRİSOĞLU, 
Əməkdar incəsənət xadimi  

 

Mədəniyyət