"Qəbələ" Azərbaycan kubokunun qalibi oldu

post-img

Bu gün "Bakcell Arena"da futbol üzrə Azərbaycan kubokunun final görüşü keçirilib. İnqilab Məmmədovun idarə etdiyi matçın birinci hissəsi qarşılıqlı hücumlar əsasında keçsə də, rəqiblər biri-birinin qapısına yol tapa bilməyiblər. İlk hissəyə artırılmış əlavə vaxtda da komandalar qapılarının toxunulmazlığını qoruyub saxlayıblar. 

İkinci hissəyə daha sürətli başlayan "Neftçi" klubu demək olar ki, matçın əsas vaxtında fəallıq nümayiş etdirib. Lakin əsas vaxt ərzində ardıcıl hücumlar quran Bakı klubu rəqibin qapısına yol tapa bilməyib. 

İkinci hissədə daha çox əks hücumlara bel bağlayan "Qəbələ" klubu bir neçə dəfə rəqibin qapısı qarşısında təhlükəli vəziyyət yaratsa da, "Neftçi"nin  torunu silkələyə bilməyib. 

Beləliklə, matçın əsas vaxtı da qolsuz bərabərliklə başa çatıb. 90 dəqiqəyə əlavə edilmiş son üç dəqiqə də nəticə verməyib. 

Əsas vaxtda da hesab açılmadığı üçün oyunun taleyi iki 15 dəqiqəlik əlavə  vaxtda müəyyənləşib. Əlavə edilmiş birinci 15 dəqiqədə (102-ci dəqiqə) "Neftçi" komandasının müdafiədə yol verdiyi səhvdən sonra Bakı klubunun qapısına 11 meteəlik cərimə zərbəsi (penalti) təyin edilib. "Qəbələ"nin futbolçusu İsnik Alimi penaltidən müvəffəqiyyətlə yararlanıb. İkinci 15 dəqiqədə də "Neftçi" klubu  bir neçə dəfə kəskin hücumlar etsə də, "Qəbələ" futbolçuları müdafiədə qüsursuz oynayıblar.

Beləliklə, "Qəbələ" klubu Bakıda Azərbaycan kubokunun qalibi olub. 

Elçin ABBASOV,
"Xalq qəzeti"

İdman