Pilotsuz uçuş aparatı operatoru öldürüb

post-img

ABŞ ordusu tərəfindən hazırlanmış, simulyasiya edilmiş sınaqda süni intel­lektlə idarə olunan Hərbi Hava Qüv­vələrinə məxsus pilotsuz uçan aparat missiya səylərinə müdaxilənin qarşısını almaq üçün operatorunu öldürüb.

Bu barədə "Guardian" nəşri xəbər yayıb. Qeyd edilir ki, insidentlə bağlı ilk məlumatı ABŞ Hərbi Hava Qüvvələrinin süni intellekt departamentinin rəhbəri Taker Hamilton verib. 

Belə ki, ABŞ Hərbi Hava Qüvvələrinin süni intellektlə idarə olunan zərbə PUA-larının istifadəsi üzrə virtual təlim zamanı havaya qal­dırılan PUA-ya nəyin bahasına olursa-olsun, şərti düşmənin hava hücumundan müdafiə sistemini məhv etmək tapşırığı verilib. La­kin süni intellektin idarə etdiyi aparat havaya qalxdıqdan sonra operator əvvəlki tapşırığı ləğv etməklə bağlı əmr verib. Bunu müdaxilə kimi qəbul edən süni intellekt tapşırığı yerinə yetirdikdən sonra geridönüş zamanı operator stansiyasını məhv edib. Nəticədə, süni intellekt bununla əsas tapşırığı yerinə yetirdiyini "düşü­nüb".

Eksperimental qırıcı sınaq pilotu Hamilton bununla da, süni intellektə həddən artıq güvən­məmək xəbərdarlığı edib. O qeyd edib ki, bu nümunə etik məsələlərə məhəl qoyulmadığı təqdirdə, süni intellekt və maşın təlimindən da­nışmaq mümkün olmadığını göstərir. 

Təlim-məşq missiyası zamanı heç kim xə­sarət almayıb.

Leyla SABİRQIZI, “Xalq qəzeti”

Dünya