“Yaşıl” konfransın unudulmaz görüşü

post-img

İnsanlar da kitab kimidir...

Bəzən yaxşı tanımadığın biri ilə hansı tədbirdəsə görüşüb söhbətləşirsən, yaxud səfərə çıxırsan, sonra həmin adamı tez-tez xatırlayırsan, hətta onunla dostlaşırsan. Elə insanlar da var ki, bir dəfə görüşəndən, yol gedəndən sonra daha üz-üzə gəlmək istəmirsən....

Kitab var, əlinə alıb bir neçə səhifəsini oxuyursan, ideyası, dili, hadisələrin fəlsəfi yozumu səni elə çəkir ki, yerə qoymaq istəmirsən, iş-gücünü unudursan. Kitab da var, bir neçə səhifəsini oxuyandan sonra, nəfəsin daralır, buna görə də qatlayıb atırsan kənara.

Adam var, barlı budaq kimidir, söz-söhbətini dinləməkdən doymursan, ürəyin sevinir, özünü çox rahat hiss edirsən. Beləsi ilə dünyanın o başına da gedərsən, yoruldum deməzsən.

Qısaca desək, adam var görəndə darıxırsan, adam da var görməyəndə... Əminliklə deyə bilərəm ki, onunla bir neçə dəfə həmsöhbət olanlar Akif müəllimi görməyəndə darıxırlar. Çünki Akif Bağırovun ürəyi zəngindir və hər söhbəti maraqlı kitab kimidir.

Akif Bağırov–Azalp türkoloq alim, şair- tərcüməçidir.

Qısa bir xatirə və...

Tələbəlikdə qonşu otaqlarda qalırdıq. Axşamlar çox vaxt onların otağına yığışırdıq.

Akif filologiya fakültəsində oxuyurdu. Ədəbiyyat, sənət haqqında mübahisələrdə həmişə "ön cəbhədə" olar və heç vaxt təslim bayrağı qaldırmazdı.

Əlavə edim ki, Akif Naxçıvanın Şahbuz rayonunun Nursu kəndində dünyaya gəlib. Orta məktəbi qızıl medalla bitirib, universitetdə də əlaçı idi. Üçüncü kursdan onu dövlət xəttilə Daşkənd Dövlət Universitetinin özbək dili və ədəbiyyatı fakültəsinə göndərdilər. Və biz tələbə dostları, Akif üçün çox darıxdıq. O, universiteti fərqlənmə diplomu ilə bitirdikdən sonra Özbəkistan Elmlər Akademiyasının Əlişir Nəvai adına Dil və Ədəbiyyat İnstitutunun aspiranturasında oxudu, namizədlik dissertasiyasını vaxtından əvvəl müdafiə elədi və həmin elm ocağında müxtəlif vəzifələrdə çalışdı...

O, zəngin söz adamı, Turan sevdalısıdır

Akif Azalpın yaradıcılığında elmlə poeziya qoşa qanad kimidir. O, klassik poeziya janrlarında çoxsaylı şeir və poemaların müəllifidir. Bu əsərlərin əksəriyyətinin başlıca ideyası Turan dünyasının zəngin tarixi keçmişini, ədəbiyyat və sənətini yeni nəsillərə çatdırmaq, oxucunu daha işıqlı sabahlara səsləməkdir. Bir şeirində özü də etiraf etdiyi kimi, onun başında daim Turan havası var:

Bir səs gəlir qayaların bitiyindən,
Alp Ər Tüngə, Malay xanın dediyindən,
Qurd oxuyur köz-köz şaman duasını,
Aya baxıb Tanrı dağın gədiyindən....
Nağıl kimi sehirləyir səmanın Qızıl alması,
Yazımda Turan havası, qışımda Turan havası!

O, Azərbaycan, Özbəkistan və Qaraqalpaqıstan xalq artistlərinin ifasında Turan qayəsini ehtiva və təbliğ edən gözəl nəğmələr mətninin müəllifidir. Hər iki ölkədə şair Akif Azalpın özünün iştirakı ilə bir neçə sənədli film çəkilib. Azalpın “Türkdilli poeziyada tuyuq -janrın poetikası və tarixi“, “Bədii ideal və tarixi həqiqət” adlı sanballı elmi tədqiqatları ədəbiyyatşünaslıqda uğurlu addımdır və Türk dünyasının görkəmli akademikləri Vahid Zahidov, Həmid Araslı, İzzət Sultan, Vahid Abdullayev, Əziz Kayumov, Cahangir Qəhrəmanov, professorlar Əkrəm Cəfər, Xalıq Koroğlu və başqa alimlər tərəfindən yüksək qiymətləndirilib. Bundan əlavə, o, çoxsaylı elmi məqalələrin müəllifidir.

Dostluq və zəfər nəğməkarı

Onun poetik ruhu sağlamdır və kökləri pessimizmdən uzaqdır. Buna görə də əksər əsərləri oxucunu yeni həyata, birliyə, dostluğa səsləyir. Elə bu səbəbdən tədqiqatçılar Akif Azalpı dostluq və zəfər nəğməkarı adlandırırlar. Onun "İqbalnamə" trilogiyası – "Öndərnamə", "Zəfərnamə", "Hüma" poemaları fikrimizin təsdiqi üçün yaxşı misal ola bilər və çağdaş Azərbaycan poeziyasında möhtəşəm qələbəmizi tərənnüm edən ən sanballı əsərlərdəndir.

"Mələklərin eşqi", "Cənnət çiçəyi" mənzum dramları haqqında da eyni fikri söyləmək olar. O, türkdilli ədəbiyyatlara bir sıra yeniliklər gətirmişdir. Azərbaycan Yazıçılar Birliyinin şairə ünvanladığı təbrikdə deyildiyi kimi, xüsusən, "Olimp" poemasında və bir çox digər poetik nümunələrində Olimpiya ideallarının və milli idman dəyərlərimizin təsirli tərənnümü onun poeziyamız qarşısında ciddi xidmətlərindən biridir. Məlumat üçün deyək ki, Akif Azalp 2005-ci ildə paytaxtımızda keçirilən I Beynəlxalq Bakı Konfransında bədii uğurlarına görə Azərbaycan Yazıçılar Birliyinin mükafatına, 2014-cü ildə isə Prezident təqaüdünə layiq görülüb.

Onun Azərbaycan, özbək və digər türk dillərində şeir, tərcümə və elmi araşdırmaları da daxil olmaqla səkkiz kitabı nəşr olunub. Həmin kitablardan biri "Özbək xalq şeirindən seçmələr" (2013) adlanır, digəri "Krim-tatar şeirindən seçmələr" (2014) adlanır. Özbəkistan Yazıçılar Uyuşmasının fəxri üzvüdur. A.Azalp Özbəkistanın böyük şairi Əlişir Nəvai, Xalq şairləri Abdulla Aripov, Erkin Vahidov, Osman Əzim, Siracəddin Səyyid, İqbal Mirzə və Rauf Pərfinin bir sıra şeirlərini dilimizə çevirmişdir.

Onun özbək dilində qələmə aldığı məşhur “Salam, dar ağacı” şeiri türkdilli ədəbiyyatlarda çoxsaylı nəzirə və ithafların yazılmasına səbəb olmuşdur:

Əsirlər qulluqda sultana, bəyə,
Hökümlər önündə millənib göyə.
Boynunda əcəlin qanlı gültacı,
Kimi gözləyirsən?..
Salam, dar ağacı, tale ağacı!

Məlumat üçün deyək ki, "Salam, dar ağacı" şeiri Xalq yazıçısı Anarın hazırladığı "Min beş yüz ilin oğuz şeiri" antologiyasına da salınıb.

Akif Azalp vətənpərvər insandır. O, Özbəkistanda yaşadığı və işlədiyi illərdə (1986–2005) yalnız elmi axtarışlar və ədəbi yaradıcılıqla məşğul olmayıb. Fəaliyyətinin bir hissəsi özbək ziyalıları ilə birlikdə bu respublikadakı erməni lobbisinə qarşı ardıcıl mübarizədən ibarət olub. Onun "Pambıq işi"ni uyduranlara qarşı özbək dilində yazdığı "Özbək nidası" şeiri həmin dövrdə geniş yayılmış və çoxsaylı mitinqlərdə oxunmuşdur. Həmin şeir əks-səda yaratmış və ona çoxlu nəzirə yazılmışdır.

A.Azalp “Heydər Əliyev-90” və “Vətənpərvərlik–2020” respublika müsabiqələrinin qalibidir. Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar iki dost və qardaş ölkə ədəbiyyatlarına xidmətlərini yüksək qiymətləndirərək, onu "Azərbaycan ədəbiyyatının Özbəkistanda və özbək ədəbiyyatının Azərbaycandakı səfiri" adlandırmışdır.

O, Azərbaycan poeziyasından Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Mikayıl Müşfiq, Əli Kərim, Məmməd Araz, Nəriman Həsənzadə, Ramiz Rövşən, Vahid Əziz, Vaqif Bayatlı, Hamlet İsaxanlı və başqalarının şeirlərini özbək dilinə çevirmişdir.

COP29 günlərində yaddaqalan görüş

Bu il Özbəkistanda yeni nəşrə başlayan "Vətən" jurnalı ilk əlamətdar sayının üzqabığında ölkə Prezidenti Şavkat Mirziyoyevin şəklini və şəkilin altında isə Akif Azalpın "Özbək gəlməkdədir" şeirindən məşhur misralarını vermişdir. Jurnalda ilk yazı kimi də məhz həmin şeir yer almışdır:

Şövkətin dirçəldib böyük Turanın,
Nəsillər kamında mücəssəm canın,
Öz dövləti ilə parlaq səfindən
Türküstan, Türkiyə, Azərbaycanın
Özbək gəlməkdədir tarix təkindən!

Bu şeir Özbəkistan Prezidentinin diqqətini cəlb etdiyi üçün ötən ay paytaxtımızda uğurla keçən BMT-nin İqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında – COP29-un ilk günlərində iştirak edən qardaş ölkənin lideri Ş. Mirziyoyev noyabrın 13-də Akif Azalpı qəbul etmiş, onun yaradıcılığı ilə yaxından maraqlanmışdır. Akif Azalp da görüşə əliboş getməmişdir. Belə ki, o, görüş zamanı özbək politoloqu Qüdrətulla Rəfiqovun "Şavkat Mirziyoyev fenomeni" kitabının Azərbaycan dilində yenicə çapdan çıxan nüsxəsini hörmətli qonağa təqdim etmişdir. Qeyd edək ki, həmin əsəri dilimizə Akif Azalp və Yaşar Qasımbəyli tərcümə etmişlər.

Prezident bu görüşdən çox məmnun qaldığını dilə gətirmiş və Akif Azalpı Özbəkistana səfərə dəvət etmişdir.

Səməd MƏLİKZADƏ

Sosial həyat