Dünən “Xalq qəzeti” redaksiyasında Paris Yay Paralimpiya Oyunlarının daha bir qalibi ilə görüş keçirildi. Budəfəki qonağımız Paris Paralimpiadasının ilk qızıl medalını qazanaraq, Azərbaycanın Dövlət Himnini səsləndirən parataekvondoçu İmaməddin Xəlilov idi.
“Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov İmaməddin Xəlilovu Paris Paralimpiadasında qazandığı möhtəşəm qələbə münasibətilə təbrik etdi. O qeyd etdi ki, paralimpiyaçılarımız Parisdə böyük uğurlar qazanaraq Azərbaycan bayrağını yüksəklərdə dalğalandırıblar. Baş redaktor sonra dedi:
– İdmançılarımız öz çıxışları, əzmkar mübarizələri ilə gənc nəslə əsl nümunədirlər. Gənclərimiz təkcə idman yox, bütün sahələrdə Azərbaycanı layiqincə təmsil etmək üçün böyük səy göstərirlər. Dövlətimizin diqqət və qayğısı sayəsində idmançılarımızın ən nüfuzlu yarışlarda əldə etdikləri uğurların sayı ildən-ilə artır. Azərbaycan xalqı qazanılan qələbələrlə qürur duyur. Əminik ki, Azərbaycan təmsilçilərinin həyatın bütün sahələrində, eyni zamanda, idmanda böyük qələbələrinin sayı gələcəkdə daha da artacaq. Bu böyük nailiyyətlər dövlətimizin idman və siyasətinin məntiqi nəticəsidir.
İmaməddin Xəlilov xoş sözlərə və səmimi duyğulara görə media kollektivinə təşəkkür etdi. Onun “İndiyə qədər özüm üçün döyüşürdümsə, bundan sonra mənə baxaraq nümunə götürən fiziki məhdudiyyətli uşaqlara görə mübarizə aparacağam. Son zamanlar belə uşaqlar, onların valideynləri mənə tez-tez yazırlar. Bildirirlər ki, zirvəyə yüksəlmək üçün bütün səylərini toplayacaqlar. Bu, mənim üçün də böyük motivasiyadır. Bu, 10 qat Paralimpiya çempionu olmaqdan da yaxşıdır. Həyat mübarizədir. Bir an olsa belə ruhdan düşmək olmaz. İnsan istəsə, qarşıya qoyduğu bütün hədəflərə çata bilər”, – fikirləri hər birimizə duyğulu anlar yaşatdı.
Paralimpiya çempionu uşaqlıqda sağlam idmançılar arasında mübarizə apardığını, sonralar isə parataekvondoya keçdiyini də dedi:
– Taekvondo və parataekvondoda qaydalar eyni olsa da, istisnalar var. Məsələn, taekvondoda başa zərbə olsa da, parataekvondoda bu qayda yoxdur. Təbii ki, həm məşqlər, həm də yarışlar zamanı bir çox çətinliklərim olurdu. Buna baxmayaraq, sona qədər mübarizə aparmaq istəyirdim. Ailəm də mənə böyük dəstək verirdi. Onlar mənə güvəndiklərini bildirir, mən də onların etimadını doğrultmağa çalışırdım. Fiziki məhdudiyyət səbəbindən bəzi fəndləri icra etmək olmur ki, bu da idman qaydalarına ziddir. Çünki bərabər rəqabət üçün şərait yaratmaq idmanın əsas qayəsidir.
Ötən Olimpiya tsiklində dünya və 2 dəfə Avropa paraçempionatlarının qalibi olan idmançı gələcək hədəflərini də açıqladı. Dünya reytinqinin lideri “Los Anceles-2028”də də qızıl medalı hədəflədiyini bildirdi:
– Növbəti Olimpiya Oyunlarında da qızıl medal qazanmaq istəyirəm. Tokio Paralimpiadasında məğlubiyyətimə çox üzülmüşdüm. Rəqiblərim fəxri kürsüdə durub, dövlət bayraqlarını dalğalandıranda qəribə hisslər keçirmişdim. Həmin an düşünürdüm ki, mən də Azərbaycanı layiqincə təmsil edib, fəxri kürsüyə yüksələ bilərdim. Üç il dayanmadan etdiyim məşqlər, qarşıya qoyduğum hədəfə doğru inamla irəliləməyim sayəsində Parisdə qalib adını qazandım. Azərbaycanın Dövlət Himni səsləndiriləndə, bayrağımız yüksəklərdə dalğalananda ölkəmizlə qürur duydum.
Görüşdə Paris Paralimpiadasında qazanılan uğurlardan söhbət açıldı. Bildirildi ki, 18 nəfərdən ibarət paralimpiya komandamız yarışda 4-ü qızıl olmaqla 11 medal qazanıb. Ümumi medal sıralamasında Azərbaycan 28-ci yeri tutub.
Qalib idmançıdan qəzetimiz üçün aldığımız geniş müsahibə növbəti saylarımızda oxuculara təqdim ediləcək.
Leyla QURBANOVA
XQ